Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan ədəbiyyatında görkəmli dövlət xadimi və qüdrətli şəxsiyyət Heydər Əliyev obrazı
14.07.2023 15:39
  • A-
  • A
  • A+

Azərbaycan ədəbiyyatında görkəmli dövlət xadimi və qüdrətli şəxsiyyət Heydər Əliyev obrazı

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünya şöhrətli görkəmli dövlət xadimidir. O, müstəqil Azərbaycan dövlətinin banisi və böyük qurucusudur. Siyasi-ideoloji baxışları, qətiyyəti və cəsarəti, müdrikliyi və uzaqgörənliyi ilə bu şəxsiyyət bir çox siyasi liderlərdən fərqlənirdi.

Akademik Bəkir Nəbiyevin qeyd etdiyi kimi "Bu şəxsiyyətin ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbəti var idi. O, həmçinin klassik və çağdaş ədəbi-nəzəri irsimizə də böyük qiymət verirdi".

1997-ci ildə Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqində Heydər Əliyev etiraf etmişdi ki, "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc yaşlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Mənim formalaşmağımda ədəbiyyatın böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum..."

Müşahidələr göstərir ki, böyük siyasi xadim Heydər Əliyev dram əsərlərini, şeirləri, incəsənəti də çox qiymətləndirirdi. O, dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasına, Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirinə, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" əsərinə, milli mətbuatdan "Molla Nəsrəddin" jurnalına, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Koroğlu" operasına, Hüseyn Cavidin "İblis" əsərinə xüsusi önəm verdiyini və bu ədəbi nümunələri xüsusilə fərqləndirdiyini dəfələrlə nəzərə çatdırmışdı.

Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovet İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdı.

Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmələri görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələri idi. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona heykəl ucaldılması dövrün tarixi hadisəsinə çevrilmişdi.

Heydər Əliyev ana dilimizin inkişafı məsələlərinə, onun dövlət dilinə çevrilməsi uğrunda mübarizə aparmışdı. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olundu. Xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Anar, Sabir Rüstəmxanlı və başqaları dövlət səviyyəsində aparılan bu mübarizədən daha da ruhlanmış, gözəl əsərlər yaratmağa nail olmuşdular.

Ana dili uğrunda aparılan mübarizə, əslində, millilik məsələsini diqqət mərkəzinə çəkmək və milli azadlıq mövzusunu təsdiqləmək, dəstəkləmək idi. Ölkəmiz müstəqillik qazandıqdan sonra görkəmli liderin apardığı siyasətin miqyası daha da genişlənmişdi. Bu baxımdan görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 125 illik yubileyində Heydər Əliyevin yazıçı haqqında söylədiyi nitqində ana dili məsələlərinə göstərilən diqqət bir daha vurğulanmışdı. O demişdi: "Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daima işlətdiyi "Vətən.., Millət.., Dil..." sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir".

Qüdrətli şəxsiyyət Heydər Əliyev ədəbiyyat sahəsində də azərbaycançılıq siyasətinə xüsusi önəm verirdi. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik, Məhəmməd Füzulinin 500 illik yubileylərinin keçirilməsi dediklərimizin bariz nümunəsidir. Heydər Əliyevin xatırlamasından aydın olur ki, Nəsiminin heykəlinin Bakı şəhərində ucaldılması, adının əbədiləşdirilməsi böyük söz ustadının Azərbaycan şairi olduğunu diqqət mərkəzinə çəkmək idi. Bu hadisə dünyada böyük əks-səda doğurdu və Azərbaycanı tanıtdı.

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi də bu sənətkarın milliyətcə azərbaycanlı olduğu məqsədini təsdiqləyirdi. "Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında, bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir. Həm də mədəniyyətimizi, tariximizi təsdiqləyən hadisədir".

Dünya şöhrətli böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd olunması da Heydər Əliyevin bu qüdrətli sənətkarı həm Azərbaycanda, həm də Azərbaycan şairi kimi dünyada tanıtmaq vəzifəsini daşıyırdı. Qeyd olunan yubiley tədbirlərində dövlət xadimi Heydər Əliyev öz parlaq nitqləri ilə hər bir azərbaycanlıda dərin vətənpərvərlik duyğularının və milli iftixar hissinin qüvvətləndirilməsinə çalışırdı. Ulu Öndər demişdi: "Nizami Gəncəvinin 840 illik yubileyini keçirdikdə, bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər".

Ulu Öndər həmişə bu fikirdə olmuşdur ki, "bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz və yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissləri oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış bu dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçibdir".

Ümummilli Liderimiz deyirdi ki, ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə, poeziya ilə, bizim şairlər ilə görüşmək mənim üçün həmişə çox xoşdur. Zəlimxan Yaqub onunla görüşdə belə bir şeir səsləndirmişdi:

14 iyul - on dörd illik rəhbərliyin özül daşı,

O tarixdən işıqlandı gözlərimiz,

O tarixdən qanadlandı sözlərimiz.

O tarixdən dil duruldu, təmizləndi,

O tarixdən ana dilim anam kimi əzizləndi

Xalq şairi Xəlil Rzanın da Heydər Əliyevə həsr etdiyi şeir gözəl səslənir:

Əyləşib öz təxtində millətinin şahı tək.

Kim ona inanmasa, ar olsun, o, öləcək,

Kim ona inanarsa, onunla yüksələcək.

Apar Azərbaycanı qürubdan sübhə doğru,

Ey Atatürk nəfəsli Heydər Əlirza oğlu!

Ulu Öndərimizə yazılan yüzlərlə şeirin əksəriyyətində ona Heydər baba, el atası deyilir. Lakin Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərdə onu "oğul" adlandırır, ona ana xeyir-duası verir:

Xalqının misilsiz qayğılarını,

Öz çiyni üstündə götürən oğul,

Var olsun bu oğul qeyrətin sənin!

Tarix nə üz götürür, nə rüşvət alır...

Tarixdə tarixi həqiqət qalır.

Adın həqiqətlə birgə ucalır,

Xalqına xidmətdir şöhrətin sənin!

Eləcə də Söhrab Tahirin yaradıcılıq bioqrafiyasında Heydər Əliyevin obrazı işıqlı və əzəmətlidir. Şairin dövlət başçımıza ünvanladığı şeirdə əzmkar ruhun ifadəsi əksini tapıb:

Mən rəhbərdən çox yaxşılıq görmüşəm

Verdiyindən hamıya pay vermişəm.

Qal baxtımın sarayında yaxşılıq

O tayımda, bu tayımda yaxşılıq.

Qızıl taxıl dənəsidir yaxşılıq

Kimə versən, dönəsidir yaxşılıq.

Heydər Əliyevin irəli sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin yaradıcılığına bilavasitə təsiri olmuşdur. Onlarla görüşlərdə Ulu Öndərin səsləndirdiyi hər hansı fikirlər şairlər üçün enerji və güc mənbəyinə çevrilmişdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz poeziyasının oynaq ritmi, həyəcan və çağırışa köklənən üslubu Heydər Əliyev siyasətinin cəsarət ruhu ilə qidalanırdı. Akademik İsa Həbibbəylinin fikrincə "Görkəmli dövlət xadimi azərbaycançılıq istiqamətində dövlət səviyyəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər ölkədə milli-mənəvi özünüdərkə xidmət edən ədəbiyyata geniş meydan açmışdır. Azərbaycanda milli istiqlal ədəbiyyatının yeni mərhələsi yaranmışdır".

Bəxtiyar Vahabzadənin "Ay Allah" şeirində oxuyuruq:

Niyə çağırıram mən səni tez-tez

Sən ki, içimdəsən hər zaman, Allah!

Ağıldan xəbərsiz, başdan xəbərsiz

Yuxumda danışan ağlımsan, Allah!

***

İdraka yol açmış gecədən gündüzə Allah

Güldürməsən öz könlünü gülməz üzə Allah!

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş

Qəlbin gözü yanmazsa görünməz gözə Allah!

Xəlil Rzanın "Afrikanın səsi" şeirində estetik ovqatın çaları artıq dəyişmişdi. Bu poeziyadan ətrafa kükrəyən, püskürən odlu nəfəsin enerjisi yayılırdı:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəmirəm Səma kimi, Günəş kimi, Cahan kimi!

 

Çəkil, çəkil, ey qəsbkar

Mən bu əsrin gur səsiyəm;

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

Xalq şairi Zəlimxan Yaqubun "Əbədiyyət dastanı"nda Heydər Əliyevin həmən dönəmdə sovet imperiyasının daxilində apardığı mübarizə poetik əksini tapıb:

İlahi! Gör bu yerdə o kimlərlə döyüşüb,

Çox əliqanlılarla, hakimlərlə döyüşüb.

Cavidi sərt Sibirin şaxtasında çürüdən,

Böyük Əhməd Cavadı gilə-gilə əridən

Müşfiqi bir gecədə al qanına bələyən...

Zalim, qan ocağının dağıtdı yuvasını,

Təmizlədi ruhunu, dəyişdi havasını.

Bir məsələni də unutmaq olmaz. Heydər Əliyev yalnız qorumurdu, himayə etmirdi, həmçinin sahib çıxmağı bacarırdı. İmkanı olduğu qədər milli-mənəvi dəyərlərimizi qorumağa səy göstərirdi. Bu barədə kifayət qədər təcrübə və bacarığı vardı (Anar), lakin onunla yanaşı, ən əsası, millətinə və xalqına can yanğısı vardı.

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi onun adıyla bağlıdır ki, bu da siyasi lider üçün asan məsələ deyildi. Bu barədə geniş məlumatı Musa Qasımlının "Heydər Əliyev - istiqlala gedən yol" kitabında oxuyuruq: "Heydər Əliyev hakimiyyətə gəldikdən sonra MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdirinə Məhəmməd Füzuliyə İraqın Kərbəla şəhərində məqbərə tikilməsi haqda tapşırıq vermişdi. Müdir məsələni araşdırıb, cavab vermişdi ki, İraq hökuməti ölkənin əlverişsiz daxili vəziyyəti ucbatından bu məsələyə razılıq vermir. Bundan sonra məsələnin həllinə Xarici İşlər Nazirliyi və Elmlər Akademiyası cəlb edilmişdi. Məsələ SSRİ Xarici İşlər Nazirliyi qarşısında qaldırılmışdı. Onlar da Sovet İttifaqının Bağdaddakı səfirinə istinadən məqbərənin bərpası məsələsindən əl çəkməyi tövsiyə etmişdilər. Lakin Ulu Öndərin tapşırığına əsasən AMEA-nın o vaxtkı Prezidenti İraqın Bakıdakı baş konsulu ilə görüşərək Azərbaycan ictimaiyyəti və alimləri adından İraq hökuməti qarşısında məsələnin müsbət həll olunmasını xahiş etmişdi. Cavab notasında İraq hökuməti məsələnin uğurla həll olunmasına razılıq vermişdi".

Ümummilli Liderimiz başladığı, həyata keçirilməsinə qərar verdiyi işləri sona çatdırmağı bacarırdı. Bunun üçün bütün səyi ilə adıkeçən instansiyaları səfərbər edir, müsbət cavab almayana qədər sakit olmurdu.

Onun belə əvəzsiz xidmətlərindən biri də 1982-ci ildə Hüseyn Cavidlə bağlı fikirlərinin həyata keçirilməsi idi. 40 il əvvəl dünyasını dəyişmiş bir insanın məzarının qürbətdən Vətənə köçürülməsi mümkündürmü? Bu siyasi qiyam kimi qəbul olunurdu və bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri kimi saymaq olardı. Xalq şairi Fikrət Qoca yazırdı:

Cavid, səni namərd yıxdı, görüm insafa gəlsin,

Qırx il gəlirdin, gəl a Cavid, səfa gəldin.

Şeirdə söhbət 1937-ci ilin repressiya dalğasının faciəvi qəhrəmanından gedir.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətimizin, ədəbiyyatımızın milli epoxası başlayır. Heydər Əliyevin ortaya qoyduğu bu məsələlər poeziyada öz əksini tapır. Bəxtiyar Vahabzadənin şeirində bu fikirlər belə səslənir:

Yanar sinəsiylə buz qıranların,

Haqq səsi, dağ səsi tutub dünyanı.

Səni torpağına qaytaranların

Ömrü uzun olsun, torpağın sanı.

Mirvarid Dilbazinin odlu misraları da gözəl səslənir:

Sağ ol xalqımızın igidi, mərdi!

Bu bir şücaətdi, bu bir hünərdi.

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin!

Ulu Öndərimizin 1993-cü ildə Azərbaycana qayıdışı dövrü Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Məqbərədə Cavidlər ailəsi - Cavid, Müşkünaz xanım və oğlu Ərtoğrul yan-yana məzarlarda uyuyur. Bu hadisələr, ümumiyyətlə, milli ədəbiyyatımızın şərəfli tarixidir.

Zəlimxan Yaqub məqbərənin açılış mərasimində "bu türbən mübarək olsun, bu qeyrətə eşq olsun", - deyə Ulu Öndərin gördüyü bu çətin işi poeziyada belə səsləndirib:

Ulu qüdrət olan yerdə yeri yoxdur dərd-azarın,

İşığına yığışmışıq bir türbədə üç məzarın.

Sən Allahın dostusanmış, son səfərin, son güzarın,

Vətən adlı Məkkə oldu, hac oldu, Cavid Əfəndi.

Ləyaqətin bu millətə tac oldu,  Cavid Əfəndi!

Sona Vəliyevanın məqaləsində də oxşar fikirlər səslənir: "Bəli, Heydər Əliyev Hüseyn Cavidə tək ölkə rəhbəri, onu sevən oxucu kimi yanaşmadı. O, Hüseyn Cavidə övladı Ərtoğrulu əvəz edərək oğulluq etdi. Bu qayğı nəticəsində Cavidlər ailəsi möhtəşəm bir məqbərədə uyuyurlar".

Fikrimizi yekunlaşdıraraq cürətlə demək olar ki, Heydər Əliyev milli ədəbiyyatımızın şərəfli tarixidir. O, tarixin böyük şəxsiyyətidir. Ulu Öndərimiz tarixi Azərbaycanımızın, əbədi istiqlalımızın yol yoldaşı, müasir zəmanəmizin Ali Vətəndaşıdır.

Azadlıq Allahı tək əyləşib öz yerində,

Yerin, göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində

Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.

Ey Atatürk nəfəsli Heydər Əlirza oğlu!

Ofelya NAĞIYEVA-İSMAYILOVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: