İyulun 14-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, 14 iyul tarixinin xalqımız üçün tarixi əhəmiyyətindən danışaraq, Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəldiyini xatırladıb. Akademik İradə Hüseynova məhz bu tarixdən başlayaraq Azərbaycanın aqrar bir ölkədən sürətlə inkişaf edən sənaye ölkəsinə çevrildiyini vurğulayıb.
Bugünkü çiçəklənən Azərbaycanın təməlində Ulu Öndərin birinci hakimiyyəti dövründə həyata keçirilən islahatların dayandığını söyləyən vitse-prezident bildirib ki, ölkəmizdə müasir elm shaələri üzrə milli kadrların hazırlanması, hərbi təhsilə xüsusi önəm verilməsi və yüksəkixtisaslı hərbi kadrların yetişdirilməsi, eləcə də elm adamlarına olan diqqətin artırılması, Akademiyanın elmi, maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilməsi və s. Ümummilli Liderin xalqımız qarşısındakı çoxsaylı xidmətlərinin yalnız bir hissəsidir.
O, Azərbaycan təbiətinin böyük himayədarı Heydər Əliyevin biologiya, aqrar və tibb elmlərinin inkişafında rolu haqqında da danışıb. Qeyd edib ki, Ulu Öndər hələ ilk dəfə hakimiyyətdə olduğu illərdə ölkəmizin hər bir bölgəsində yaşıllaşdırma işlərinin aparılması, ekoloji balansın qorunub saxlanılması ilə bağlı olan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir. Akademik İradə Hüseynova əlavə edib ki, Ulu Öndərin birinci hakimiyyəti dövründə bu istiqamətdə 5 qanun layihəsinin, 32 qərarın qəbul olunması, Azərbaycanın “Qırmızı kitabı” nın hazırlanması haqqında qərarın verilməsi, həmçinin 2001-ci ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması Ümummilli Liderin biologiya və aqrar sahəyə olan xüsusi diqqətinin nəticəsi olmuşdur.
Vitse-prezidentin sözlərinə görə, Ulu Öndərin birinci hakimiyyəti dövründə 15 mindən çox gənc ən müxtəlif istiqamətlər üzrə təhsil almaq üçün SSRİ-nin 50-dən çox şəhərinə göndərilmiş, müasir tələblərə cavab verən elmi müəssisələr yaradılmış, Mərkəzi Nəbatat Bağına xüsusi status verilmiş, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində sahə institutları, 6 yeni ali məktəb, 11 orta ixtisas təhsili məktəbi yaradılmışdır. Alim bildirib ki, qeyd olunanlarla yanaşı, Qarabağ Elmi Tədqiqat Bazasında nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi, genetik ehtiyatlar üzrə Milli Proqramın hazırlanması, 2003-cü ildə Genetik Ehtiyatlar İnstititunun və onun strukturunda Milli Genbankın yaradılması, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulmsı, qanunvericiliyin təkmilləşdirilməsi, səhiyyə sahəsində islahatların aparılması, institutların yubiley tədbirlərinin keçirilməsi və s. bu istiqamətdə görülən əhəmiyyətli işlərin bir hissəsidir.
Akademik İradə Hüseynova Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələr üzrə inkişafın daha sürətli həyata keçirilməyə başlanıldığını diqqətə çatdırıb. O, Ümummilli Liderin elmə, təhsilə olan diqqət və qayğısından söz açaraq Heydər Əliyevin hər iki sahənin inkişaf etdirilməsində əvəzsiz rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri – Novruz Quliyev, Saleh Məmmədov və Əlövsət Quliyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməzliyi təmin edilib.
Daha sonra ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti barədə çıxış edən akademik İradə Hüseynova “Heydər Əliyev İli” ilə əlaqədar AMEA-da həyata keçirilən tədbirləri, görülən işləri diqqətə çatdırıb.
“Heydər Əliyev epoxası xalqımızın çoxəsrlik dövlətçilik tarixində hər zaman yaşayacaqdır”, - deyən vitse-prezident Ulu Öndərin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin nümunəvi dövlətlərdən birinə çevrildiyini vurğulayıb.
Akademik İradə Hüseynova sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə bağlı tapşırıqları haqqında çıxış edib. O, vəziyyətin real nəticələr əsasında qiymətləndirilməsi məqsədlə yaradılmış komissiyaya AR Elm və Təhsil Nazirliyinin (ETN) Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovun, AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədovun da daxil edildiyini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edərək Söyüdlü kəndində qeyd olunan ərazidə yerləşən gölün ətrafında torpaq, su və bitki örtüyündə dəyişikliklərin baş verməsinin araşdırılması kimi vəzifələrin qarşıya qoyulduğunu deyərək, bu məqsədlə nümunələrin götürüldüyünü və analizlərin aparılacağını bildirib.
Ümumi yığıncaqda ölkə Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti də müzakirə olunub.
Akademik İradə Hüseynova zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın yaradıcılığından bəhs edib. O, dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin elm və təhsil müəssisələrində, eləcə də səhiyyə sistemində və AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edildiyini bildirib.
Alim, həmçinin bu ilin sentyabrında AMEA Biologiya və Tibb Elmləri Bölməsinin, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktiki konfransın keçiriləcəyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş xüsusi buraxılışının dərc olunduğunu deyərək oftalmoloq alimin elmi fəaliyyətini əhatə edən 23 məqalədən ibarət bu nəşrin elmimiz üçün əhəmiyyətini vurğulayıb. O, eyni zamanda akademik Zərifə Əliyevanın biblioqrafiyasının nəşr edildiyini və görkəmli alimin 100 illiyinə həsr olunan monoqrafiyanın hazırlandığını və ilin sonuna kimi çap olunacağını qeyd edib.
Tədbirdə AMEA-nın sentyabrda keçiriləcək Ümumi yığıncağına dair məlumat verilib, Ümumi yığıncaqda BTEB üzvlərinin iştirakının təmin ediləcəyi bildirilib.
Daha sonra bu günlərdə 82 yaşında dünyasını dəyişmiş torpaqşünas alim, Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsi anılıb.
Akademik İradə Hüseynova alimin həyat və fəaliyyəti barədə məlumat verərək onun elmi tədqiqatlarının torpaq ehtiyatlarının öyrənilməsinin bir çox sahəsini əhatə etdiyini söyləyib. Vitse-prezident ömrünü elmə həsr etmiş AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.
Bundan başqa, iclasda AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibləri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovun və biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin yubileyləri haqqında qərar qəbul edilib.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşri BTEB üzvlərinə təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.