Tarix təzə bir qapı açırdı. Həmin qapıdan keçib o taya gedənlər də vardı, bu tayda artıq getmiş olanların sırasına qoşulmaq istəyənlər də az deyildi, ancaq həm getmiş olanların, həm getməyə hazırlaşanların arasında tərəddüd içində olanlar da bəs deyincə idi. Qapı üzdən açılmış kimiydisə də, hələ çox pərdələr ya qapalı, ya da yarıaçılı idi.
Qarşıdan Azərbaycan Demokrat Firqəsinin 2 gün davam edəcək VII partiya konfransı gəlirdi. 1979-cu il mayın 16-17-də keçiriləcək həmin mühüm tədbir ərəfəsində Heydər Əliyev ayın 12-də Qulam Daneşyanı qəbul edir. O günlərdə iranlı siyasi mühacirləri də, elə rəsmi Bakını da, Kremli də düşündürən məsələlərin əsası qayıdışla bağlı idi. Ona görə də o gün Heydər Əliyevin Qulam Yəhyaya ilk suallarından biri bu olmuşdu ki, Mərkəzi Komitənizin yeni seçiləcək tərkibində təzə adamlar çoxdurmu və onların neçəsi İrana getmək fikrindədir? Daneşyan da qayıtmışdı ki, əslində kimdən soruşuruqsa, getmək arzusunda olduğunu bildirir, amma burada nəzərə alınmalı bir sıra incəliklər var. Bizim siyasi mühacirlər arasında elələri var ki, İranda qohum-əqrəbası, gedərsə yaşayacağı evi, maddi imkanı yoxdur. Elələri də var ki, artıq daha çox bura bağlıdırlar, təqaüd alırlar, dərinə işləmiş qohumluq əlaqələri var. İndi elə vəziyyətdir ki, hamı gözləmə mövqeyindədir. Hamı gözləyir ki, getməklə bağlı nə qərar veriləcək.
Heydər Əliyev tövsiyə edir ki, firqənin yeni tərkibli Mərkəzi Komitəsi əsas gücünü İranda daha fəal işləməyə sarı yönəltsin. Ona görə də çalışın ki, rəhbər heyətə daha çox cavanlar düşsün ki, İrana gedib orada işə başlasınlar.
Heydər Əliyev dəqiqləşdirirdi: "Əlbəttə, yaşlıların, partiya veteranlarının da qəlbinə dəymək olmaz. Bu gün İranda vəziyyət mürəkkəbdir. Bizə elə gəlir ki, belə vəziyyət orada hələ uzun sürəcək. Repatriasiya məsələləri də, yəqin ki, uzanacaq və çox çəkəcək. Siz İrana tədricən, kiçik dəstələr şəklində gedəcəksiniz. Ona görə də ən əvvəl İrana daha ilkin gedəcəklərlə, orada müəyyən şəraiti və imkanı olanlarla işi qüvvətləndirmək lazımdır. Mənim fikrimcə, qabaqca cavan, güclü olanlar, ağır fiziki yükü çəkməyə, məhrumiyyətlərə dözməyə qadir olanlar getməlidir. Yaşı çox olanlar hələ gedə bilməyəcəklər. Həm də heç onları buna güclə vadar etmək də doğru olmazdı. Təqaüdçüləri İrana aparıb onlara partiya xəzinəsindən vəsait ödəmək düz deyil. Bu zümrəni elə biz özümüz burada təmin edə bilərik".
Heydər Əliyev firqənin daxili həyatını, illərcə orada yaşananları, bəzən baş verən qarşıdurmaları da həm köhnə işindən - DTK dövründən, həm də indiki daimi təmaslarından gözəlcə bilirdi və indi İrana gedəcək firqəçilərin orada fəaliyyəti arzulanan məcrada davam etdirə bilməsi üçün seçimdə ayıq olmağı ümdə şərt sayırdı: "İndi sizdə - partiyada keçid dövrüdür. Çalışın ətrafınızda etibar etdiyiniz daha çox adam toplayın. Bu 32 illik mühacirət dövründə müxtəlif adamlar partiyaya fərqli münasibət bəsləyiblər. Sizə qarşı çıxış edənlər də olub. Elələri var ki, partiyadan da çıxarılıb. Elə etmək lazımdır ki, hansısa bu cür narazılar gedib orada ikinci ADF təsis etməyə cəhd göstərməsinlər. Biz burada sizə daxili çətinlikləriniz olanda kömək göstərə bilirik. İranda belə imkan olmayacaq. Onları idarə etmək, təsir göstərmək xeyli çətin olacaq. İranda vəziyyət məchuldur. İlk baxışdan sanki düzgün mövqedən çalışan təşkilatlar az deyil. Ancaq bununla yanaşı, onlar tudəçiləri qəbul etmir, öz proqramları var, mütərəqqi qüvvələrin birləşməsinə maneçilik törədirlər".
Heydər Əliyev partiyadaxili vəziyyətlə
bağlı bunu da deyir ki, indiyəcən biz çalışırdıq ki, sizin nüfuzunuz yüksək, sözünüz həlledici olsun. Lakin indi işi İrandakı inqilabi sürətə uyğun olaraq tənzimləmək lazımdır. Daha çevik siyasət aparın, Lahrudiyə də, digər MK üzvlərinə də daha artıq müstəqillik verin, qoy tam güclə işləsinlər. General Daneşyana Heydər Əliyev məsləhət bilir ki, "siz hələ İrana özünüz getməyə tələsməyin. Orada Nurəddin Kiyanuri də, Ənuşirəvan İbrahimi də, bir sıra başqa yoldaşlarınız da ağır şəraitdə işləyirlər, çox sıxıntılar yaşayırlar. Qoy əvvəlcə MK katibləri, gənc, yoxlanmış üzvlər getsin, sizin gəlişinizə şəraiti yetişdirsinlər. Ona görə də Lahrudiyə daha artıq sərbəstlik verin. Qoy təşkilatın rəhbərliyini ələ alsın, fəal şəkildə işə başlasın".
İnsan oxuyucusu və xarakterlər bilicisi Heydər Əliyev firqənin konfransı ərəfəsində, taleyüklü tarixi məsələlərin həll ediləcəyi bu çoxsuallı zaman kəsiyində belə həssas məqamlara səbəbsiz toxunmur. Sezir ki, partiya rəhbərliyindəki ən xırda incikliklər, onların aralarındakı iddialı davranışlar şişərək artıq başlanmış olan son dərəcə ciddi siyasi işlərə sabah xətər yetirə bilər. Ona görə sancan nöqtələri bəri başdan toxtadır, gərili telləri indidən yumşaldır və Daneşyan da bu görüşdən Heydər Əliyevin "ambisiyaları bir qırağa qoymaq" öyüdünü sadəcə xeyirxah nəsihət kimi deyil, indiki həlledici tarixi mərhələdə daha üstün rəhbərin verdiyi məsul partiya tapşırığı kimi qəbul edir: "Mən həmişə sizin tapşırıqlarınızı və tövsiyələrinizi danışıqsız yerinə yetirmişəm, bundan belə də həmişə sizin göstərişlərinizə əməl etməyi şərəf biləcəyəm. Mənim özümün getməyimə gəlincə, əmin ola bilərsiniz ki, yaşımın çox olmasına və xəstəliyimə baxmayaraq, mən heç evimə baş çəkmədən elə buradan birbaşa İrana yollanmağa hazıram".
Bu görüşdən 4 gün sonra Bakıda Azərbaycan Demokrat Firqəsinin VII konfransı işə başlayır. Firqə katibi Əmirəli Lahrudinin 1979-cu il fevral inqilabından sonra İrandakı vəziyyətin təhlilinə həsr edilmiş hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr başlayır. Lahrudinin məruzəsindəki başlıca tezislərdən biri bu idi ki, İXP sədri Kiyanuri Tehrandakı mətbuat konfranslarından birində çıxış edərkən "İndi ölkədə islam bayrağı altında xalqların demokratk azadlıqlarını məhdudlaşdırmaq istəyən qüvvələr fəal hərəkətə keçiblər", - söyləyib.
(Bu tarixi dönəmdə İranda iş aparacaq Tudə Partiyasına sədr olaraq məhz Kiyanurinin seçilməsi də əslində Kremlin yenə düz hərəkət etmiş, hadisələrin inkişaf istiqamətini dürüst müəyyənləşdirmiş olmasının, Xomeyni xəttinin bu inqilabda söz sahibi olacağını qabaqcadan doğru ehtimallaşdırmasının göstəricisidir. Nurəddin Kiyanuri İranın məşhur və nüfuzlu ruhani ailələrindən birinin övladı idi, babası Şeyx Fəzlullah Nuri də, atası Mehdi Nuri də xətir-hörmətli din adamları olmuşdular. Amma Nurəddin ana tərəfdən də köklü ruhani şəcərə ilə bağlı idi. Məhz belə tərcümeyi-halı, Şeyx Fəzlullah Nurinin oğul nəvəsi və Mirzə Hüseyn Nurinin qız nəvəsi olması sayəsində yeganə şəxs olmuşdu ki, 1982-ci ildə başqa tudəçilər kimi həbs edilərək edam cəzası kəsilsə də, Xomeyni onu bağışlamışdı, ölüm hökmünü ev dustaqlığı ilə əvəz etmişdi. İran inqilabı dönəmində Nurəddin Kiyanurinin ruhani əsil-nəcabəti onun tudəçi fəaliyyətlərinin irəliləyişinə yardım edən sipər kimiydi, islam cümhuriyyətinə çevrilmək yolu ilə gedən İranda ona digər partiya rəhbərləri ilə müqayisədə nəzərəçarpacaq üstünlüklər bəxş edirdi).
Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun (o vaxt Yaxın və Orta Şərq Xalqları İnstitutu idi) əməkdaşı, 21 Azər hərəkatının sərhəng - polkovnik fədailərindən olmuş tarix elmləri doktoru Əli Şəmidə (1915-1997) söz almışdı və deyirdi ki, köhnə narazılıq, inciklik və söz-söhbətləri qoymaq lazımdır bir qırağa, vətənə qayıtmaq səmtində səyləri birləşdirmək lazımdır. Kiyanuri, İbrahimi, Səfəri, Cövdət, İskəndəri və bir çox başqaları Tehrana gedə biliblərsə, demək, eyni işi biz də görə bilərik. Təklif edirdi ki, SSRİ-dən getməyimizin hansısa fəsadları ola bilərsə, burada danışıb İrana Avropa yolu ilə qayıtmağımızı həll etmək mümkündür. Gileylənirdi ki, bəzi yoldaşlarımız İrana qayıtmaq istəmədiklərini bununla izah edirlər ki, burada artıq böyük ailələri var. Məgər biz 1946-cı ildə bu taya gələndə, yaxınlarımızı-əzizlərimizi mürtəce şah rejimi içərisində buraxıb sovet sərhədini keçəndə böyük ailələrimiz yox idi? Köhnə hərbçi (biz eyni institutda işləyirdik və Şəmidənin yaşı o dövrdə 70-ə yaxınlaşırdısa da, şax qaməti və yerişi elə gendən onun hərbçi keçmişini nişan verirdi) qətiyyətlə elan edirdi ki, burada hər şəraiti olsa da, İranda əksinə, heç evi belə yoxsa da, onu hansı çətinliklərin gözlədiyini dərk edə-edə günü bu gün vətənə yola düşməyə hazırdır.
Konfrans ərəfəsində Heydər Əliyevin Qulam Daneşyanla görüşü 45 dəqiqə çəkmişdi. Ancaq mahiyyətcə o, elə 2 gün davam edən firqə konfransında da iştirak edən kimi idi. Müxtəlif çıxışlarda tez-tez adı çəkilirdi, tövsiyələri, yolgöstərmələri xatırlanırdı. Amma yığıncaqdan sonra da stenoqrafik dəqiqliklə bütün gedişat masasının üstündə idi. Mərkəzi Komitənin Birinci katibi işlədiyi vaxtlarda (əslində elə əvvəllər də belə olmuşdu) Heydər Əliyev üçün hamıya aid 8 saatlıq iş günü anlayışı çoxdan arxa mənasını dəyişmişdisə, onun iş günü sutkanın üçdəikisinə çevrilmişdisə, səbəb o idi ki, respublika həyatındakı bütün önəmli hadisələrin hamısını bunca diqqətlə izləyir, araşdırır, hər biri ilə bağlı öz aydın baxışlarına sahib olurdu. Bununçünsə bilavasitə iştirakdan, söhbətlərdən, müzakirələrdən savayı, həm də hər gün yüzlərlə səhifə yazını gözucu deyil, bitdə-bitdə oxumaq lazım idi.
Və bütün bunların hamısını çatdırırdı. Elə həmin fədakarlığın, işə fanatikcəsinə bağlılığın, işlə yaşamasının, ömür saatlarını da istirahətindən qopararaq dövləti fəaliyyətlərinə qatması sayəsində!
...Heydər Əliyevin əli hər gün İranda baş verən hadisələrin nəbzində idi. Həm də bu nəbzin rəvan atışı ilə, tədricən sürətlənməyə doğru yönəlməsi haqda soraqları da bilavasitə ilk qaynaqlardan alırdı. 1979-cu il iyunun 29-da artıq ADF Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutan Əmirəli Lahrudi ilə İran Xalq Partiyasının katibi Ənuşirəvan İbrahiminin görüşü olur. Burada, Bakıda deyil, Moskvada.
Və həmin söhbətin yerli-yataqlı yazıya köçürülərək Heydər Əliyevin İran qovluğuna əlavə ediləcək mətni sabah onun qəliz məsələlərlə bağlı dürüst qərarlar qəbul etməkçün söykənəcəklərdən birinə dönəcək. İranda gedən proseslərə daha yaxından - içəridən bələd olan Ənuşirəvan İbrahimi deyir ki, indi ölkədə yüzdən artıq siyasi partiya, təşkilat və birlik var. Milli Cəbhə, "İranın azadlığı uğrunda", İslam Cümhuriyyət Partiyası, İranın Müsəlman Əhalisinin Respublika Partiyası kimi burjua-milli təmayüllülər belə hesab edir ki, ölkədə xalq demokratik hərəkatı qarşıya qoyduğu vəzifəni yerinə yetirib və onlar xalqı mübarizəni davam etdirməkdən çəkindirməyə çalışırlar. Solçu partiyalar və birləşmələrsə mübarizəni davam etdirməyi, şahlığı devirəndən sonra başlanmış inqilabi dəyişikliklər prosesinin irəlilədilməsində, yürüdülmüş bütün siyasi, iqtisadi, sosial tələblərin tam yerinə yetirilməsinə nail olmağın zəruriliyində təkid edirlər. İXP əhali arasında fəal iş aparır, rəsmi İranın solçu qüvvələrin ipini dartmaq siyasəti apardığı indiki mürəkkəb vaxtda repressiyalardan qurtulmaq üçün bəlli ehtiyatlılıq nümayiş etdirir, Xomeyni və tərəfdarları ilə münaqişəyə girmir. Eyni zamanda İXP sol-ekstremist və ultrasol baxışlı, çinmeyilli siyasət aparan "Tufan", "İran", İranın Sosialist Milli Hərəkatı Liqası, İran Radikallar Hərəkatı, həmçinin dini-terrorist yönümlü "Forkan" və digər qüvvələri dəstəkləmir. Bununla bərabər, İXP solçu qüvvələrdən fərqli olaraq, Xomeyni xəttini müdafiə edir, onun ölkədə yetərincə məşhur və həm də yüksək nüfuz sahibi Ayətullah Şəriətmədari də daxil olmaqla siyasi rəqiblərinə qarşı açıq çıxış edir. Ancaq Ənuşirəvan yaxınlaşan təhlükələrin də xəbərdarlığını edirdi. Deyirdi ki, indi İranda ruhanilərin bir para sərt mövqeli nümayəndələri və rəsmi hakimiyyətin Qərbyönümlü bəzi təmsilçilərinin antikommunist kampaniyaya rəvac verməsinin əlamətləri duyulmaqdadır. Bu siyasəti yürüdürkən onlar əllərində Tudə rəhbərliyinin 1952-1953-cü illər hadisələrini, eləcə də 1945-1946-cı illər milli demokratik hərəkatı dəyərləndirmələrindəki ayrı-ayrı yanlış hərəkətləri və söyləyişlərini, eləcə də İranda milli azlıqların milli muxtariyyət çağırışlarını dəstavüz edirlər.
İbrahimi özünün də, indi İranda olan digər tudəçilərin də bu narahat gümanını da çatdırır ki, ola bilsin, bütün bunlar irticanın ölkə boyu sol qüvvələrə qarşı başlanacağı fəal hərəkətlərin müqəddiməsidir. İbrahiminin verdiyi hər soraq çox qiymətli idi. Bunu onunla həmsöhbət olan Əmirəli Lahrudi də yaxşı anlayırdı, bunu həmin görüşün və aparılmış söhbətin bütün təfərrüatları indi yazılı şəkildə qarşısında olan Heydər Əliyev də bilirdi, bundan hadisələrin gedişini Kremldə diqqətlə izləyən beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyi də agah idi. Çünki İbrahimi sadəcə dürüst məlumat çatdıran şəxs deyildi. O, təcrübəli, peşəkar inqilabçı və siyasətçi idi, elə dəlilləri gətirir, elə mətləblərdən bəhs edirdi ki, bunların hamısının arxasında onun dürüstlüyünə bel bağlanası təhlilləri və gerçəkçi ehtimalları dayanırdı. 1979-cu il idi və İbrahimi o dönəmdə İran Azərbaycanındakı acınacaqlı durumu belə təsvir edirdi ki, əhalinin vur-tut 20-25 faizinin savadı var, Təbrizin əhalisinin üçdəbiri gecəqondularda yaşayır, əyalətdə poliklinikalar, mədəniyyət müəssisələri, ana dilində bircə məktəb yoxdur, belə məktəblərin yaradılması zəruriyyətindən çox danışılırsa da, o cür məktəblər olarsa, orada dərs deyəcək müəllimlər tapılmır, nə dərslik var, nə metodik vəsaitlər.
Amma eyni zamanda İran inqilabı gedişində və inqilabdan sonra Azərbaycan əhalisi arasında demokratik, milli təmayüllər güclənib. Ana dilində kitablar, vərəqələr buraxılmağa başlanıb. Azərbaycanın bir çox şəhərlərində müxtəlif təşkilatlar yaranmağa başlayıb. Təbrizdə "Azərbaycan" qəzeti 20 min tirajla çıxır ki, onun 5 mini Tehranda yayılır. Ancaq burada da müşküllər nə qədər desən - təcrübəli jurnalistlər, mürəttiblər, çapçılar yoxdur. Təbrizdə mətbəə imkanlarının zəifliyindən yığılmış mətnlərin matrisaları yüz kilometrlərlə həndir-hamar yollar aşılaraq çapdan ötrü Tehrana aparılır. İbrahimi öz ağır iş şəraitini də təsvir edir: partiyadaxili işləri görərkən və qəzetin çapı, yayılması məsələsində Kiyanuridən gələn kömək yoxdur, nə edirsə öz gücünə edir, bir çox hallarda ortaya çıxan qəliz məsələlərdə yalnız öz təcrübəsi və intuisiyasına arxalanmalı olur. Sutkada 15-16 saat işləməyə məcburdur. Yan-yörəsində 20 nəfərə yaxın inandığı adam var. ADF açıq iclaslar aparmır. Adətən partiya üzvləri ayrı-ayrı evlərdə, daha çox kitabxanalarda toplaşır, ümdə məsələlərlə bağlı dərdləşirlər. İbrahimi danışırdı və Lahrudi ilə birgə onu Sov.İKP MK Beynəlxalq şöbəsinin sektor müdiri N.Simonenko da dinləyir, qeydlərini aparırdı.
Ənuşirəvan İbrahimi İXP üzvlərini növbəti mübarizələrə hazır olmağa çağırdığını söyləyirdi, deyirdi ki, bu məqsədlə Azərbaycanın müxtəlif yerlərində bir neçə quşçuluq ferması yaratmaq istəyirik ki, bu örtük altında siyasi işimizi də aparaq, orada topladığımız silah-sursatı da gizlədək, vərəqələr də çap edək. Xahiş edirdi ki, Avropadakı iranlı siyasi mühacirlər sırasından ölkəyə bir neçə kənd təsərrüfatı mütəxəssisi göndərilsin, onlara həmin fermalardakı işlərini qurmaqda yardımçı olsunlar. 5 kinogöstərmə qurğusu və kinokameralar istəyirdi ki, təbliğat işlərində istifadə etsinlər. Təbii ki, bunlar çatdırılmışdı və onlar da 16 millimetrlik lentlərdə xeyli çəkilişlər etmişdilər. Olmaz ki, misilsiz tarixi dəyəri olan həmin kinosənədlərdən nələrsə indi Güneydə kimlərdəsə qalmamış ola. İbrahiminin İrandakı gerçək durumla bağlı anlatdığı mühüm həqiqətlərdən biri bu idi ki, əvvəllər düşünüldüyünün əksinə olaraq, siyasi mühacirlərin İrana kütləvi qayıdışından vaz keçmək lazımdır. Kremlin o andakı dili - N.Simonenko məsləhət bilirdi ki, daha Bakıdakı İran konsulluğuna ölkəyə qayıdışla bağlı müraciətləri seyrəltsinlər, əksər mühacir iranlılar da sovet vətəndaşlığını qəbul etsinlər. Demək, daha müdhiş təhlükələr irəlicədən fərz edilirdi, müvafiq addımlar atılırdı və həmin gedişata ən yaxın olan Azərbaycan rəhbəri Heydər Əliyev də, sovet lideri Leonid Brejnev də təfərrüatlardan tam hali idilər.
Leonid Brejnevin ömrünün son illərindəki bədəncə əldəndüşməkliyinə baxıb onun liderlik, idarəedicilik keyfiyyətləri haqqında bədgüman olanlar yanılır. O, yetərincə ağıllı, bişkin dövlət xadimi idi. İran inqilabı ilə bağlı başlanğıcdakı ehtimallarla heç də tən gəlməyən sonrakı kəskin gedişata da hadisələr zəncirinin pərdəarxası ayrıntılarına yetərincə bələd olduğundan müdrik, təmkinli münasibət bildirmək gücündə idi.
V.Kuziçkinin satqınlığı haqda ona məruzə edilərkən də əslində sarsıdıcı olan bu xəbəri müharibənin nə olduğunu öz ömründən yaxşı bilən Baş Katib səbrlə qarşılamışdı: "Nu çto j, gto voyna, a na voyne bez poterğ ne bıvaet" ("Neyləməli, bu, müharibədir. Müharibə isə itkisiz ötüşmür").
İbrahimi bunu da çatdırır ki, hazırda orada ADF-nin 500 üzvü var, amma Ərdəbil, Miyanə, Zəncan, Əhər, Sərab, Səlmasda firqənin yarıgizli komitələri yaranıb və oralarda üzvlüyə qəbul olunmaqçün müraciət edənlər çoxdur.
İyulun 3-də artıq Bakıda Mərkəzi Komitədə Elmlər Akademiyası Tarix İnstitutunun sabiq elmi işçisi Təqi Musəvi qəbul edilir. Yenə eyni məqsədlə - ilk qaynaqdan gələn və inanılmış şəxsin verdiyi hər təzə bilgiyə o günlərdə ehtiyac böyükdü. Təqi Musəvi isə Təbrizdən yenicə qayıtmışdı. O, İrana 3 ay əvvəl getmişdi. Orada olduğu bu qısa müddətdə Təbriz ictimai-siyasi mühitinə qaynayıb-qarışmağa nail olmuş, pasport da ala bilmişdi. Xəbər verirdi ki, təbrizlilərin çoxu SSRİ-dəki azərbaycanlılar haqda təhrif olunmuş bilgiyə sahibdirlər, elə zənn edirlər ki, bizim burada iqtisadi vəziyyətimiz dözülməzdir, hər addımımız və həyatımız KQB nəzarəti altındadır.
Musəvi orada geniş təbliğat-təşviqat, izahetmə, gerçəkləri anlatma işi aparılmasında israrlı idi, deyirdi ki, bizə bu mərhələ üçün geniş siyasi bilikli, püxtə, hər cəhətdən hazırlıqlı 50-55 yaşlı 12-14 nəfər lazımdır ki, İrana Berlindən gəlib işə başlasınlar. Özü bu yolu artıq keçmiş olduğundan vəd edirdi ki, az məbləğə Tehranda onlara tam qanuni pasport almaq mümkündür.
İbrahimi, Musəvi və digər bu qəbil qaynaqların qaynar xəbərləri əsasında Heydər Əliyevin verdiyi ilk göstərişlər bunlar idi ki, Azərbaycanın sərhəd rayonlarında tikilən televiziya və radioötürücü obyektlərin təhvili yubadılmasın, İrana və İran Azərbaycanına hesablanmış radioverilişlərin məzmununda xalqın düşüncəsinə təsir edəcək, onları səfərbər edəcək, yekdilləşdirəcək məqamlar qüvvətləndirilsin.
Ərəb əlifbasında nəşr imkanlarını artırmaqçün 26-lar mətbəəsinə zəruri avadanlıq ayrılsın və lazımi kadrlar cəlb edilsin.
İlk qaynaqdan başqa vacib məlumatlarısa 1979-cu ilin oktyabrında İXP-nin ikinci katibi Həmid Səfəri gətirmişdi. O da Bakıya yox, Moskvaya gəlmişdi, onunla görüşə yenə Əmirəli Lahrudi göndərilmişdi.
Bu görüş də Xomeyni xətti ayaq tutduqca artmağa başlayan nigarançılıqlardan xəbər verirdi: İranda təbəqələşmə daha da qabarıqlaşmaqdadır. Xomeyni və digər din xadimləri mövcud rejimə qarşı getdikcə daha inadla çıxış etməyə başlayan milli burjuaziya, xüsusən ziyalılardan aralanmaqdadır. İranın daha geridə qalmış əhalisi, eləcə də ölkədəki qarışıqlıq və iğtişaşlar zamanı varlanmış tacirlər Xomeynini müdafiə edirlər. Bu fürsətdən istifadə edən dini rəhbərliksə fanatik kütlələri solçu təşkilatlara qarşı qaldırır, onları bu qəbil qurumların üzvlərinə divan tutmağa səsləyirlər. Hökumət idarələrindən və dövlət aparatından sol demokratik təşkilatların üzvü olan mütəxəssis və qulluqçuları xaric edirlər. Amma orası da var ki, bu təşkilatlarda şahlıq dövründə çalışmış bir çoxları qalıb işləməkdə davam edir.
Səfəri Tudə ilə bağlı söyləyirdi ki, Xomeynini birmənalı şəkildə müdafiə yolunu tutmuş İran Xalq Partiyası özünütəcrid halına gəlir. Demək olar ki, bütün sol və demokratik təşkilatlar Tudədən aralanaraq onu kəskin tənqidə hədəf edirlər. Kiyanuri onlarla əlaqə yaratmağa dəfələrlə cəhd edibsə də, yaxın buraxmayıblar. Partiyada təşkilati-siyasi iş xeyli zəifləyib. İranın yalnız 4 şəhərində Tudənin komitələri yaradılıb ki, onların da ilk partiya təşkilatları yoxdur. Partiyanın bütün fəaliyyəti Tehranda, Politexnik İnstitutun qarşısında yerləşən Mərkəzi Komitə binasında cəmləşib. Partiyanın rəhbər kadrları həmin binada işləyir və təhlükəsizlik orqanları onların adlarını da, harada yaşadıqlarını da bilir, istənilən anda hamısını həbs edə bilərlər.
Səfəri belə bir vacib bilgini də verirdi ki, partiya sıralarına keçmiş savakçıların daraşması da artıb.
Daha bir mötəbər mənbə Bakıya 1980-ci il yanvarın 19-da gəldi. Əbdülhüseyn Agəhi də köhnə hərbçilərdən idi, Şərqşünaslıq İnstitutunda şöbə müdiri işləyirdi, fəlsəfə elmləri doktoru idi, cənublu alimlər arasında səviyyəcə yuxarıda dayananlardan idi və İrana tudəçilərin gedişləri başlayanda o da Kiyanurinin dəvəti ilə 1979-cu ilin 29 oktyabrında Tehrana yola düşmüşdü. Onunla da xoş münasibətlərimiz vardı, Şərq fəlsəfəsi tarixi ilə iki məqaləmin çapa getməsinə xeyirxah rəylər də yazmışdı və bu da yadımdadır ki, Bakıya 1 aylığa müvəqqəti qayıtdığı həmin səfəri əsnasında instituta da gəlmişdi, hər şeyin yaxşı olacağına ümidlərlə danışırdı, ancaq indi köhnə sənədləri qaldırdıqca buna da şahid oluram ki, Mərkəzi Komitədəki görüşlərində o ümidləri təlx edən soraqları da çatdırıbmış.
Danışırdı ki, İran boyu gəzib-dolaşmaq imkanı var, Təbrizdə, İsfahanda, neçə başqa şəhərdə kütlələrlə partiyanın təşkil etdiyi görüşlərdə çıxış edib, hər dəfə də hərarətlə qarşılanıb.
İranda olduğu 2 ay müddətində imzası mətbuatda da görünmüşdü, aparıcı qəzetlərdə sanballı məqalələri dərc edilmişdi.
Burada, Bakıda, Mərkəzi Komitədəki görüşündə Kiyanurinin həftədə bir dəfə sualı, sözü olanları qəbul etdiyini, İXP sədri ilə görüşə gələnlərin sayının partiya qərargahına sığmayacaq qədər çox olduğunu söyləyirdisə, bunu da deyirdi ki, Tudəyə qarşı əks çıxışlar da səngimir, partiya Mərkəzi Komitəsinin binasına naməlum şəxslər tərəfindən içərisində yandırıcı maddələr olan butulkalar da atılıb, partiya əleyhinə vərəqələrin yayılması cəhdləri də artıb, mətbuatda da Kiyanurinin molla qiyafəsində karikaturlarının çap edilməsi, bir növ, adiləşib.
Qan-qada pusquda idi, addım-addım yaxınlaşırdı, yeni rejimin ayağı daha çox yer aldıqca kinli və qeyzli görsənişləri də artırdı. İnqilabın müdhiş sifətinin bütün qəddarlığı və eybəcərliyi ilə üzə çıxacağı günlər astanada idi.
Xomeyninin gedəcəyinə, ondan sonra vəziyyətin çox dəyişəcəyinə ümid bəsləməkdən çox belə bir günün gəlməsini arzulayan doktor Agəhinin istəyi gözündə qalır. Bu, onun Bakıya axırıncı səfəri imiş. Qayıdacağı İranda onu tezliklə edam gözləyirdi...
...O gün indiki kimi yadımdadır. 1982-ci ildə həmin gün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Andrey Kirilenkonun rəsmini Siyasi Büro üzvləri sırasından öz əlimlə çıxarmışam. Elmlər Akademiyası binasının yeddinci qatındakı Şərqşünaslıq İnstitutunda axşam saat 5-i keçərkən, əməkdaşların əksəriyyətinin çıxıb ev-eşiyinə getmiş olduğu bir vaxtda iş yoldaşım, həmin Qulam Yəhyanın oğlu Aslan Daneşyanla tennis oynayırdıq. Akademiya rəhbərliyindən bütün institutlara verilən təcili xəbər bizə də yetişdi. Andrey Kirilenkonun portretini son 20 ildə dəyişilməz üzvü olduğu Siyasi Büro üzvləri sırasından çıxarmaq tələb olunurdu. Təbii ki, yalnız bizim institutda deyil, həmin gün bütün SSRİ boyu baş vermiş bu qəfil və izahsız portretçıxarma, Baş katib vəzifəsinə ən real namizədlərdən biri ilə bu cür nümayişkaranə haqq-hesabçürütmə hər kəsdə "niyə", "görən, nə qəbahəti varmış" suallarını doğurduğu kimi, ildırım sürəti ilə löyün-löyün şayiələrin pırtlayıb çıxmasına da bais oldu. Başladılar danışmağa ki, guya 76 yaşlı Mərkəzi Komitə katibinin oğlu, ya kürəkənimi İranda rezidenturanın bütün sirlərini xarici kəşfiyyata açıb, özü də qaçıb gedib İngiltərəyə.
1982-ci ilin oktyabrında dildə-ağızda bütün SSRİ-də pıçıldaşılan bu qeybət nə dərəcədə doğru idi, - göydə Allah, yerdə də KQB bilərdi, amma sadə insanların da gəldiyi qənaət bu oldu ki, od olmayan yerdən tüstü çıxmaz.
Tüstü də, od da çox gur çıxdı. SSRİ-nin İrandakı səfirliyinin əməkdaşı Vladimir Kuziçkin axşamlardan birində yoxa çıxır. V.Kuzıçkin guya səfirliyin yaxşı işçilərindən hesab edilirdi və ona görə də yoxa çıxmasını başına nəsə bir xoşagəlməz iş gəlməsi, ya bədbəxt hadisə ilə əlaqələndirərək axtarışa da başlayırlar. Ancaq lap tezliklə məlum olur ki, o, Türkiyəyə qaçıb, oradan da gedib Böyük Britaniyaya. Mərkəzdən göstəriş gəlir və 24 saatın içərisində İrandakı SSRİ səfirliyinin 13 əməkdaşı ailələri ilə birgə ölkədən çıxarılaraq gətirilir Moskvaya.
O vaxt SSRİ DTK-nın İrandakı rezidenti sonralar Sovet İttifaqının xarici kəşfiyyatına rəhbərlik edəcək Leonid Şebarşin imiş. İranda ABŞ səfirliyinə edilən hücumdan sonra göstəriş veribmiş ki, bir təhlükə hiss edincə bütün sənədləri məhv edin. Mayor Vladimir Kuziçkin İrandakı qeyri-leqallara əlaqələrə cavabdehmiş. "Qeyri-leqallar" xarici ölkə ərazisində əsl kimliyi tam gizlədilmiş şəkildə, öz ölkəsinin rəsmi təmsilçiləri ilə zahirdə heç bir əlaqəsi olmadan fəaliyyət göstərən kəşfiyyatçılara deyirlər. Son dərəcə məxfi olan bu kəşfiyyatçıların siyahısı yalnız bilavasitə həmin şəxslərlə işləyən V.Kuziçkinə, bir də rezident L.Şebarşinə bəlliymiş. V.Kuziçkinin rütbəsi İranda işlədiyi 6 ildə iki dəfə yüksəldilibmiş, artıq mayormuş. Bir müddət əvvəl V.Kuziçkin SSRİ DTK-sı Birinci Baş İdarəsi "S" idarəsi (qeyri-leqal kəşfiyyata cavabdeh qurum) rəhbərinin əmri ilə İrandakı sovet rezidenturası "N" xəttinin (SSRİ-nin leqal rezidenturalarında səfirlik, konsulluq, ticarət nümayəndəliyi, beynəlxalq təşkilatlar kimi rəsmi sovet müəssisələri papağı altında gizlənərək işləyən əməliyyatçı əməkdaşları birləşdirən qurum) rəisi təyin edilibmiş. Bu, status etibarı ilə rezidentin müavini deməkdi. O, 1947-ci il təvəllüdlü idi və cavan yaşlarındakı belə sürətli irəliləyişləri onun generallığının da uzaqlarda olmadığına işarə idi. Sonrakı araşdırmalar sübut edir ki, xain V.Kuziçkin İngilis Gizli Kəşfiyyat Xidməti Mİ 6-ya - hələ 1981-ci ildən satılıbmış. V.Kuziçkinin İrandakı sovet agenturası ilə bağlı ingilislərin ovcuna qoyduğu ifrat məxfi məlumatları onlar da, öz növbələrində, tezliklə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə və Xomeyni rejiminə çatdırırlar. İrandakı bütün sovet agentlərinin siyahısını Ronald Reyqanın Xomeyniyə ötürməsi xəbərini də 1986-cı ilin 21 noyabrında "The Times" yaydı.
Və İranda müdhiş günlər başlandı. Kütləvi həbslər, əzazil işgəncələr, məhbuslardan cəhənnəmi bu dünyada yaşatmaqla qoparılan etiraflar, edamlar...
Ölümə məhkum edilən tudəçilər sırasında yenilməz əqidə adamı, iliyinə qədər sadiq vətənpərvər və millətsevər Ənuşirəvan İbrahimi də vardı.
Qardaşı Firidun İbrahimini şah rejimi dar ağacından asmışdı. O vaxt qaçıb qurtula bilərdi, yaşayardı, mübarizələrini davam etdirərdi. Düşmən qabağından qaçmamışdı. Məslək yolunda şəhidliyi seçmişdi.
Onun adaşı, Ənuşirəvanın oğlu Firidun İbrahimi bu günlərimizin içərisində ailə yaddaşlarını bölüşür mənimlə. Deyir, atama təklif, hətta təkid ediblər ki, İranı tərk etsin, onu iki fərqli yolla qaçırmağın cizgisi də ortadaymış. İstəməyib. Qardaşının getdiyi yolu gedib. Qardaşının faciəli və şərəfli aqibəti ona da nəsib olub.
...Sovet dövlət maşınının qoca qurdlarından olan Andrey Kirilenkonun Siyasi Büro üzvlüyündən qəfil gedişinin İran hadisələriylə doğrudanmı hər hansı əlaqəsi vardı?
İstənilən halda bu qəziyyədə bir sakrallıq olmamış deyil. Andrey Kirilenko 1982-ci ilin oktyabrında gedir və Siyasi Büroda bir yer boşalır və Heydər Əliyev həmin ilin 22 noyabrında Siyasi Büro üzvlüyünə qəbul edilir.
Və doğrudanmı bu da təsadüflərin
üst-üstə düşməsi idi - məhz bu sualın verilməsi, adətən ehtiyatla, yayğın diplomatik ibarələrlə yola veriləsi belə sorğuya məhz belə açıq və sərrast cavabın eşidilməsi?
Kremlə gələrək Sovet hökumətinin başçılarından biri və Siyasi Büro üzvü kimi fəaliyyətə başlamasından azacıq əvvəl, elə həmin 1982-ci ildə Heydər Əliyev Bakıda, çoxsaylı əcnəbi diplomatlala görüşdə, Moskvadakı Avropa səfirlərindən birinin "Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız?" sualının müqabilində anındaca sədası beynəlxalq aləmə yetişən mikrofonlar və kameralar önündə bütün dünyada əks-səda doğuran cavabı vermişdi: "Bu, bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək".
Mirzə İbrahimovun məşhur romanı da elə həmin həqiqət haqqında idi, elə həmin şirin sözü deyirdi: "Gələcək gün".
Əlbəttə ki, uğrunda unudulmaz əməklər çəkilmiş, yolunda ömürlər fəda edilmiş o umulan gün gəlməyə bilməz, gələcək, mütləq gələcək!
13 iyul 2023
Rafael HÜSEYNOV, akademik