İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə Ulu Öndərin zəngin irsinə, onun Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir. AMEA prezidenti qeyd edib ki, sözügedən tədbirlərdə Ümummilli Liderin çoxşaxəli fəaliyyəti ictimaiyyətə, gənc nəsillərə çatdırılmaqla bərabər, eyni zamanda Ulu Öndərin genişmiqyaslı irsi ilə bağlı dərin araşdırmalar, elmi nəticələr meydana qoyulur.
“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə AMEA-nın Tədbirlər planında 21 kitabın nəşrinin nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin iyulun 12-də keçirilən iclasında artıq çapdan çıxmış 30 kitab haqda məlumatın ictimaiyyətə təqdim olunduğunu və il ərzində bu göstəricinin daha da artacağını söyləyib. Vurğulayıb ki, təqdim olunan yeni nəşrlər görkəmli dövlət xadiminin özünəməxsus çoxaspektli fəaliyyətinə fundamental elmi yanaşmanı əks etdirən, müqayisələr, təhlillər əsasında ərsəyə gəlmiş tədqiqat əsərləridir və alimlərimizin Ulu Öndərin tarixi xidmətləri qarşısısında hörmət və ehtiramının ifadəsidir.
Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq miqyaslı tədbirlərin də keçirildiyini, cari ilin mayın 1-də baş tutmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər Akademiyalarının, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının rəhbərliklərinin iştirak etdiyini, dahi liderin zəngin irsinin beynəlxaq ictimaiyyətə çatdırıldığını söyləyib.
Bugünkü konfransın da əhəmiyyətinə toxunan AMEA rəhbəri bildirib ki, Ulu Öndər hələ sovet hakimiyyətinin sərt qadağaları dövründə ana dilimizin qorunmasına xüsusi diqqət yetirib, məhz onun səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapıb.
Həmçinin qeyd edib ki, Ulu Öndərin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında da ana dili ilə bağlı maddəyə xüsusi diqqət yetirilmiş, Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, o cümlədən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir.
Bu gün Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən akademik İsa Həbibbəyli ana dilimizin saflığının qorunması istiqamətində silsilə addımların atıldığını, bir sıra sənədlərin imzalandığını, Dövlət Dil Komissiyasının, Terminologiya Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Eyni zamanda vurğulayıb ki, dövlət başçısının AMEA-nın 70 illik yubileyində proqram xarakterli çıxışında ana dilimizin saflığının qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu gün Dilçilik İnstitutunun prioritet istiqamətlərindəndir.
Konfransda, həmçinin Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması istiqamətindəki xidmətlərindən, bu istiqamətdə atdığı addımlardan, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həll yollarından danışıblar.
Tədbirdə, o cümlədən fil.ü.f.d., dos. Baba Məhərrəmlinin “Heydər Əliyevin hakimiyyəti dönəmində dil haqqında qəbul olunan sərəncam və fərmanların tarixi əhəmiyyəti”, fil.e.d., dos. Aynel Məşədiyevanın “Əbədiyaşar Ümummilli Liderimiz”, professor İsmayıl Məmmədlinin “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, professor Sayalı Sadıqovanın “Heydər Əliyev və dil quruculuğu”, fil.e.d. İlhami Cəfərsoyun “Heydər Əliyev və dil tariximiz”, professor Həbib Zərbəliyevin “Heydər Əliyevin nitq və çıxışlarının İndoneziya və malay dillərinə tərcüməsi məsələləri” və professor İlham Tahirovun “Heydər Əliyevin andiçmə nitqlərinin linqvostatistik və funksional təhlili” mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.