Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Kölgələrin qaçılmaz aqibəti
27.07.2023 16:14
  • A-
  • A
  • A+

Kölgələrin qaçılmaz aqibəti

Köhnə bir Azərbaycan filmi vardı - "Kölgələr sürünür". "Köhnə" deyəndə ki, lap ən köhnə filmlərimizdən də deyildi, 1958-ci ildə çəkilmişdi, o çağın adlı-sanlı aktyorları da oynayırdı, yaxşı musiqisi də vardı - bəstəkarı Rauf Hacıyev idi, bundan bir az əvvəl, bir qədər sonra çəkilmiş filmlərin neçəsi bu gün də tez-tez göstərilsə belə, nədirsə, bu film unudulan kimidir. Ancaq film özü az-az göstərilsə də, unudulan kimi olsa da, yazıçı Qılman Musayevin ssenari müəllifi olduğu kinoşəklin adı, bir növ, qanadlı ifadəyə çevrilib uyğun məqamlarda dünən də işlənirdi, bu gün yenə dillərdədir.

1984-cü ilin iyul günləri idi. Maestro Niyazi o zamanın məşhur, indikindən çox fərqli "Leçkomissiya" xəstəxanasında idi. Dövlət-hökumət adamları üçün də, elm-sənət xadimlərindən ötrü də ora sadəcə özünü narahat hiss edəndən-edənə, müalicəyə ehtiyac duyanda üz tutulan ünvan deyildi. Bir növ, şəhərin içindəki sanatoriya kimi bir yer idi. Oranın öz kontingenti vardı və Maestro Niyazi onlardan biri idi ki, hər il 3-4 həftəliyə köçərdi ora. Lüks palatada qalardı, dincələrdi, müayinələrdən keçərdi, zövcəsi Həcər xanım da olardı yanında, yeməklərini də özü bişirərdi, həm də ikiadamlıq yox, elə mənzilində olduğu kimi, burada da palatasından qonaq-qara əskik olmazdı. Maestronun "Leçkomissiya"da qaldığı günlərdə həmin palata özəl bir sənət, ziyalı klubuna çevrilərdi.

Mən də hər gün-günaşırı ora baş çəkərdim, saatlarla birgə olardıq, söhbətləşərdik, elə evində olduğu kimi.

1984-cü ilin həmin iyul günlərində ki Maestro yenə oradaydı, bir səhər evimizə zəng gəldi. Musiqişünas Ramiz Zöhrabov idi. Qayıtdı ki, Maestro bayaqdan iki dəfə zəng vurub, götürməmisən dəstəyi, özü dedi ki, gecələr işləyir, yəqin, hələ yatır, mənə tapşırdı ki, az sonra bir də yığım. Maestro xahiş eləyir təcili gələsən "Leçkomissiya"ya. Niyəsini soruşmadan tez getdim. Sən demə, həmin gün Maestronun direktoru olduğu filarmoniyanın Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri Xankəndiyə yola düşməliymiş. Səfərə çıxanlar artıq avtobuslardaymış. Adətən hər ilin yayında Xankəndidə verilən həmin konsertlərə Niyazi özü dirijorluq edərdi. Həmişə fəxrlə deyərdi ki, Xankəndi mənim kəndimdir, Xurşidbanu Natəvan nənəmə - Zülfüqar bəyin, Üzeyir bəyin, Ceyhun bəyin anası Şirin xanıma söyləyibmiş ki, bu kəndi sənin ilk nəvənə hədiyyə edirəm. Ancaq bu il - 1984-cü ilin yayında Maestro özü gedə bilmirdi və səbəb də yalnız o deyildi ki, səhhəti, sən deyən, qaydada deyildi. Buna baxan deyildi, güclü iradəsinin hesabına hətta xəstə olduğu vaxtlarda da dəfələrlə səhnəyə çıxıb elə coşqunluqla dirijorluq etmişdi ki, hər kəs onu həmişəkindən də gümrah kimi qavramışdı. İndi ailədə də narahatedici məsələlər vardı, ona görə şəhərdən çıxa bilmirdi. Məni də ona görə çağırtdırıbmış ki, onun adından orkestrin çıxışından əvvəl oxunacaq salamlamasını yazım. Bu, ilk dəfə deyildi. O da, rəhmətlik Şəmsi Bədəlbəyli də ara-sıra məndən rica edərdilər ki, hansısa çıxışlarının, müraciətlərinin, məktublarının mətnini yazım. Ramiz Zöhrabovgil hazır mətn də gətiriblərmiş. Ancaq Maestro qəbul etməyibmiş, "Rafaeli çağırın, o gəlsin, birlikdə hazırlayaq", - deyibmiş.

O gün haradan biləydik ki, bu, Xankəndiyə simfonik orkestrin də son səfəridir və Maestro özü də kədərli son səfərin astanasındadır - az sonra avqustun 2-də ondan əbədi ayrılacağıq.

Saat 10 radələrində orkestr Xankəndiyə yola düşdü və yenə saatlar boyu Maestro ilə birgə olduq. Dedi ki, mənim orkestrlə Xankəndidə hər ay konsertlər verməyimin təşəbbüskarı Heydər Əliyev olub. Bir dəfə ona da Natəvan xanımla bağlı ailə xatirəsini danışdım, ani fikrə getdi, təklif etdi ki, Xankəndi elə yerdir, orada həmişə daha qabarıq görünmək lazımdır. Yaylarda ora orkestrlə gedin, həm də bacardıqca orkestri geniş tərkibdə aparın, qoy daha möhtəşəm, daha təntənəli görünsün. Bir neçə gün qalın, konsertlər verin. Həm orkestrin musiqiçiləri istirahət etsinlər, həm də bu səfərlərin orada insanlara çox təsiri olar. Niyazi bunu da deyirdi ki, Heydər Əliyev xüsusi vurğuladı: "Bu təsir yalnız sənət təsiri də olmayacaq!" (Bir daha xatırladıram ki, mənim Maestrolu saatlarım onlarla maqnitofon kasetinin yaddaşında əbədiləşib, ara-sıra onlardan parçaları Azərbaycan radiosunda "Axşam görüşləri" verilişində səsləndirirəm və bu yazdıqlarımı da sözbəsöz həmin lentlər sırasından dinləyib kağıza köçürürəm).

Maestro Heydər Əliyevə yalnız dərin sayğı bəsləmirdi, həm də onu qəlbən sevirdi. Eyni münasibəti də ona elə Heydər Əliyev göstərirdi və yüz cür rəğbətlərin, qısqanc yanaşmaların hökm sürdüyü mürəkkəb sənət mühitinin neçə sərt və soyuq dalğasından Heydər Əliyev Niyazini dəfələrlə qorumuşdu.

Köhnə "Kölgələr sürünür" filminin adını son görüşlərimizdən olan həminki gündə Maestro qəfildən, orkestrin Xankəndi səfərlərinin təşəbbüskarının Heydər Əliyev olduğunu söyləyəndən sonra sanki mətləbə dəxli olmadan yada salmışdı: "O filmə, yəqin, baxmısan. Rejissorları İsmayıl Əfəndiyevlə Şüa Şeyxov idi. Əvvəl mənə demişdilər ki, filmin musiqisini yazım. Mənim o dövrdə işim həddən ziyadə çox idi, səfərlərim vardı, məsləhət bildim ki, Rauf Hacıyev yazsın".

Və Maestro əlavə etmişdi ki, o filmin adı mənə rəmzi görünür. Mənim də həyatım boyu sağımda-solumda çox kölgələr sürünüb. Amma Heydər Əliyevin yan-yörəsində həmişə millətimiz üçün təhlükəli olan kölgələr sürünüb. Erməni kölgələri. Biləsən, Heydər Əliyev Birinci gələnədək onlar Xankəndidə, Dağlıq Qarabağda nə fitnələr törədirdilər.

O vaxt bilmirdim, indi bilirəm. Çünki çox həqiqətlərin dilə gətirilməsi, yazılması o vaxtlar elə yasaq kimiydi. İndi isə arxivlərin dərinlərinə getdikcə bir çox insanlarımıza erməni məkrinin hələ də bəlli olmayan çox təfərrüatlarından xəbər tuturam, həmin kabusla - erməniçiliyin löyün-löyün kölgələriylə mübarizələrdə millətimizi, yurdumuzu qorumuşlara ürəyimdən minnətdarlıq hissi keçir. Söz yox, o sırada Heydər Əliyevin yeri və xidmətləri müstəsnadır.

Və dünyagörmüş, XX əsrdəki keşməkeşli tariximizin, Azərbaycana qarşı erməni irticalarının çox səhifələrinə alt və üst qatlarıyla yaxşı bələd olan Maestro Niyazi Heydər Əliyevin müdam həmin kölgələrlə mübarizələrdə olduğunu söyləyəndə nə qədər haqlıymış!

Çox gerçəklərdən xəbərsizikmiş!

...1972-73-cü illərdə zahirən əvvəlki vaxtlara nisbətən daha dingildəmirdilər. Artıq Heydər Əliyev respublika rəhbəri olaraq kimliyini, hansı gücün daşıyıcısı olduğunu hər kəsə anlada bilmişdi. Erməniçiliyin də hər üzünə aşina olduğundan onları daima diqqətində saxlayırdı və erməniçi siyasəti qıraqdan idarə edən əllər də, içəridəki cızıqdan çıxmağa həvəslilər də özlərini xeyli yığışdırmışdılar. Amma tamam susmuşdular da demək olmaz. Altdan-altdan işlərini də görürdülər, içərilərinin irinini boşaltmağa münasib girəvə də arayırdılar. Bütün istiqamətlər üzrə daimi nəzarət olduğundan erməniçiliyin onsuz da heç vaxt biryolluq yatmayacaq köpü azacıq nəzərə çarpınca Heydər Əliyev onu anındaca yatırmağı bacarırdı. Ona görə də heç bir təhrikçi, qızışdırıcı cəhdləri fəal hərəkət mərhələsinə gəlib çatmır, alışmağa macal tapmamış söndürülürdü.

XX yüzil içərisində erməniçiliyin Azərbaycandakı fəsadlı tərpənişlərinin bütün illər üzrə tarixçəsi sadəcə hadisələri sıralamaqla yazılarsa, əyan olar ki, bu şərin ən süst dönəmi, onların qara niyyətlərinin ayaq tutub yerimək imkanının büsbütün keyləşdirildiyi vaxt kəsiyi elə Heydər Əliyevin respublikaya başçılıq etdiyi 12 ildir. Ona görə də həm Heydər Əliyev Moskvaya aparılanda sevinirdilər ki, burada nisbətən əl-qolları açılacaq, ikiqat bayramlarını onda etdilər ki, Heydər Əliyev Kremldən ayrıldı və erməniçilik də qarşısını kəsən dağın kənarlaşdığını görüb var gücü ilə hərəkətə keçdi.

1972-ci il idi. Avqustun 4-də Qarabağa növbəti elmi ezamiyyətdən qayıtmış tarixçi-arxeoloq alim, Ağdamdakı Gavurqala arxeoloji dəstəsinin rəisi Rəşid Göyüşov Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Cəmil Quliyevə Ağdərə (o vaxt Mardakert adlandırılmışdı) rayonunda şahidi olduğu hadisə ilə bağlı təşvişli məktub yazmış, həmin məktub da akademiyadan dərhal Mərkəzi Komitəyə, Heydər Əliyevə ünvanlanmışdı.

Niyə Heydər Əliyev dönəmində erməniçilik başını çox qaldıra bilmirdi sualının əsas cavablarından biri məhz artıq belə bir iş üslubunun bərqərar olması idi. Ayrı-ayrı sahələrdə səlahiyyət sahibi olan məmurlara bir düstur kimi aydın idi ki, belə incə məsələlərlə bağlı istənilən məlumat son qərarın verilməsi, zəruri göstərişlərin alınması üçün hökmən Heydər Əliyevə yönəldilməlidir.

Heydər Əliyevin də həmişə baş verə biləcək hadisələrdən bir addım qabaqda olması ondan irəli gəlirdi ki, həssas məsələlərin heç biri ilə bağlı verilməli olan qərarı sonraya saxlamırdı, anındaca nə etməli olmasının yolunu nişan verirdi.

Rəşid Göyüşov yazırdı ki, bu il rəhbərlik etdiyi ekspedisiyanın üzvləri Alban katolikosluğunun mərkəzlərindən biri və xarabalığı Ağdərə rayonunun Vəngli kəndi ərazisində qalan, Mehranilər sülaləsinin nümayəndəsi Həsən Cəlalın XII əsrdə inşa etdirdiyi Qandzasar (əslində Gəncəsər) məbədinə gediblərmiş. Abidəyə baxış keçirərkən buna şahid olublar ki, məbədin içərisində, mehrab hissəsində Eçmiədzinin baş katolikosu Vazgenin və Andronikin şəkilləri bir neçə yerdən asılıb. Bunu da müşahidə etmişdilər ki, abidənin içərisində xüsusi qurbangah düzəldilib və nəzir toplanılır, ziyarətə gələnlərdən ötrü ayrıca mağar da qurulub, nəticədə alban mədəniyyətinin nümunələri olan freskalar məhv edilir, qədim alban kilsəsi dağıdılır. Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin bura guya mədəniyyət abidəsinə nəzarətçi kimi təyin etdiyi, bundan ötrü dövlətdən məvacib alan şəxs də burada toplanan nəziri şəxsi gəlir mənbəyinə çevirib. Arxeoloqlar həyəcan təbilini ona görə çalırdılar ki, əvvələn, tarixi alban abidəsi erməniləşdirilir, ikincisi, bu məbəddəki alban mədəniyyəti izləri məqsədli şəkildə yox edilir və nəhayət, bu məkan üzdə dini, amma batində təhlükəli siyasi məqsədlər üçün fəal şəkildə istifadə edilməkdədir. Məktubun izi ilə dərhal Ağdərə rayonuna yazılanların doğruluğunu və abidə ətrafında cərəyan edən gedişatı araşdırmaqçün xüsusi komissiya göndərmişdi. Komissiya rəyini təqdim edincə məsələ ləngimədən Mərkəzi Komitənin Büro iclasına çıxarılmışdı.

Avqustun 15-də artıq mötəbər komissiya Ağdərədə idi ki, Vəngli kəndinin məzarlığında yerləşən Qandzasar məbədini və çevrəsini təhqiq etsinlər. Rəşid Göyüşov məktubu avqustun 4-ü tarixi ilə imzalayaraq öz institutunun direktoruna təqdim etmişdisə, təbii, bu müraciətin gəlib Heydər Əliyevin masasının üstünə çatması bir neçə gün çəkmişdi. Ancaq artıq üstündən həftə ötüncə rəsmi Bakının təmsilçiləri hadisə yerində idilər. Elə bilirsiniz 1980-ci illərin sonlarında Qarabağda erməni irticalarının qarşısını almaq, çatılan ocağa alışmamış su səpmək olmazdı? Əlbəttə ki, mümkün idi. Qəlibi - Heydər Əliyevin adi bir məktuba belə ani reaksiyası. İstəyirsənsə ki, sənin ərazində, sənin təsərrüfatında, hətta sənin ailəndə daimi nizam olsun, gərək yüyəni həmişə əlində saxlayasan, heç vaxt arxayınlaşıb sayıqlığını itirməyəsən.

Gəlib görmüşdülər ki, Qandzasar məbədinin həyətində yeməkxanaya bənzər bir tikili ucaldıblar. Özünü məbədin baxıcısı elan etmiş Rəşid Mkrtçyan adlı bir nəfər məbədi, tarixi abidəni döndərib edib fəaliyyətdə olan kilsə. Həm də o erməni burada köçlü-külfətli yerləşib - arvadı Firuzə, qızı, onuncu sinif şagirdi Bülbül, oğlu, səkkizincidə oxuyan Murad da (siz arada Mkrtçyan ailəsinin bizdən mənimsədikləri adlara da fikir verin. O boyda alban abidəsini qəsb edərək erməniləşdirməyin müqabilində əslində belə mənimsəmələr nədir ki!) elə burada düzəltdikləri evdə yaşayırlar.

Bakıdan gələn nəzarətçilər baxırlar ki, akademiyadan gələn məktubda hələ az yazılıbmış. Buranı döndərib ediblər yaxından-uzaqdan, o cümlədən, Ermənistandan gələnlərin tez-tez görüşdüyü məkan. Üzdə guya ziyarətgahdır. Hətta ərazidə qəssabxana da düzəldiblər ki, qurbanlıq adı ilə gətirilən heyvanlar kəsilsin. Bir yanda neçə çəllək şərab, xörək bişirməkçün ayrıca mətbəx. Məbədin mehrab bölümündə Birinci Vazgenin iki portreti, onun yanında Azərbaycan xalqının cəlladlarından olmuş qaniçən qatil-general Andronik Ozanyanın portreti, bunun da sağında guya ermənilərin 301-ci ildə xristianlığı qəbul etməsinin səbəbkarı Qriqorinin portreti və Eçmiədzinin müxtəlif fotoları. Qeydlər kitabını, Yerevanda buraxılan (sovet dövründə!) "Müqəddəs Eçmiədzin" jurnalının məbəddəki nömrələrini vərəqləyəndə komissiya üzvlərinə bəlli olur ki, bura Ermənistanın da, Azərbaycanın da müxtəlif şəhər və kəndlərindən adamlar gəlir.

Komissiya üzvləri buna da fikir verirlər ki, dağlı-kəsəkli məkanda, dağ ətəyində yerləşən bu məbədə, nə qədər çətin olsa da, Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyi qeyri-rəsmi 3 kilometr uzunluqda yol da çəkdirib, halbuki ətrafdakı digər kəndlərdə ehtiyac da olsa, belə iş görülməyib. Axırıncı dəfə buradakı mütəşəkkil toplaşma aprelin 24-də baş veribmiş. Ermənilərin özlərinə soyqırımı kimi elan etdikləri tarixdə. Qaydalara görə, ibadətlər, dini ayinlər bunun üçün rəsmən müəyyən edilmiş və icazəsi verilmiş yerlərdə keçirilə bilər. Qandzasar məbədi isə Azərbaycanın tarix-mədəniyyət abidələri sırasında yer alan və dövlət tərəfindən qorunan məkan idi. Əlbəttə ki, bu yerin bu təhər istifadəsinin arxasında erməni lobbisinin uzaqlardan buralara uzanan və erməni kəşfiyyatının əli vardı. Vaxtaşırı Qandzasara yığışaraq qatı millətçi, siyasi mahiyyətli müzakirələr aparmaq, təlimatlar almaq, erməniçiliyin Azərbaycanda zəhərli rişələrini daha içərilərə uzada bilməsi üçün tədbirlər tökməkdən ötrü burada icra edilən mərasimlər, dini ayinlər, ibadət bir pərdə, diqqət azdırmaqçün oyun idi. Araşdırmaların nəticəsi olaraq Teymur Əliyev və Fikrət Əhmədovun imzası ilə hazırlanmış, Qandzasar məbədində çəkilmiş fotoların da əlavə edildiyi arayış Heydər Əliyevə sentyabrın 8-də təqdim edilincə məsələ Mərkəzi Komitənin Büro iclasına çıxarılır.

Heydər Əliyev nəyi necə etməyin mahir ustası idi və digər təfərrüatları bir kənara qoyaraq mətləbi istiqamətləndirir sovet qanunçuluğunun pozulmasına. Büronun qərarında göstərilir ki, Sov.İKP MK-nın "Əhalinin ateist tərbiyəsinin gücləndirilməsi" adlı 1971-ci il 16 iyul tarixli sərəncamına uyğun olaraq Azərbaycan KP MK da 1972-ci ilin 2 fevralında "Dini ayinlər barədə sovet qanunçuluğunun pozulması və dini qalıntılarla mübarizənin gücləndirilməsi haqqında" ayrıca qərar qəbul edib, həmin sənədlərin icrası ilə respublikanın müxtəlif rayonlarında da ciddi iş aparılıb. Və ilanı Seyid Əhməd əli ilə tutur. Məsələ MK bürosuna o şəkildə çıxarılır ki, zahirən burada heç bir milli maraq güdülmür, sırf sovet dövlətinin din siyasəti ilə bağlı törədilmiş əyintilərinin aradan qaldırılması hədəfdir: "Mardakert  rayonunda dini ayinlər barədə sovet qanunçuluğunun kobud şəkildə pozulması haqqında". Mülazirələrə əsasən Büronun da belə bir qərarı çıxarılır ki, Qandzasar məbədi ətrafında baş vermis qanun pozuntuları Moskvanın və Bakının daha əvvəllərdə qəbul etdiyi sərəncamlara müvafiq olaraq məhz Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsi tərəfindən aradan götürülsün. Yəni qərarda nə tarixi alban abidəsini həyasızca mənimsəyərək erməniləşdirməkdən bəhs edilir, nə Vənglidə din qılafına bürünərək hansısa gizli siyasi, şovinist məclislərin qurulmasına işarə edilir. Motiv: sovetin qurduğu qanunlar pozulur, imkan verməyin belə davam etsin.

Və Büronun qərarında onsuz da yerinə yetirilməli olan bir öhdəlik altı cizilərək vurğulanır: Qərarın icrası haqda Mərkəzi Komitə Bürosuna hesabat təqdim edilsin.

Heydər Əliyev miqyaslı düşünən insan idi. Bir hadisənin içərisində hansı bənzər vaqiələrin çəyirdəyinin gizləndiyini də, zahirən xırda sayıla biləcək bir olayın ardında hansı daha əhatəli arzuolunmaz təxribat və iğtişaşların dayanmasının mümkünlüyünü də öncədən görmək və hesablamaq bəsirətliliyində idi.

Altıncı hissi ona pıçıldayır ki, yenə vilayət və ətrafında erməniçiliyin dirçəlmə ehtimalı var, artıq dəbərişirlər. Odur ki, respublikanın hüquq mühafizə orqanlarına müfəssəl araşdırmalar aparmaq göstərişi verir. Daxili İşlər Nazirliyinin komissiyası bir tərəfdən, Baş Prokurorluğun araşdırma qrupu o yandan gedib otururlar Xankəndidə, başlayırlar aylar boyu Dağlıq Qarabağ Muxtar Vilayətində çoxlarının yuxusunu qaçıracaq təftişə. Söz yox, Dövlət Təhlükəsizlik Komitəsi də, öz növbəsində, ona məxsus üsullarla araşdırmalarını başlatmışdı. Ağdərədəki məbəd ətrafındakı məsələyə əlüstü reaksiya verilərək tezcə də qərar qəbul edilməsinə rəğmən təhqiqat qruplarının vilayətdə araşdırmalar aparması da, bu məsələylə bağlı son qərarın verilməsi də uzadılır. Məqsəd o tərəfi gərginlik altında və səksəkə məngənəsində daha uzun müddətdə saxlamaq idi. Quyruğu qapı arasında olduğundan erməniçiliyin o səmtə ideyalar ötürməsi, tapşırıqlar verməsi, millətçilik dalğasında buyruq qullarını şitəndirməsi də xeyli müşkülləşirdi.

Məsələ Mərkəzi Komitə Bürosunda müzakirəyə 1972-ci il apelin 3-də çıxarılır: "Dağlıq Qarabağ Muxtar Vilayəti partiya təşkilatlarının qanunçuluq və asayişi möhkəmləndirməklə bağlı işi haqqında".

Heydər Əliyev danışır. Onun digər bürolarda olan çıxışları da vaxtilə nə qəzetlərdə dərc edilib, nə də dar bir çərçivədəki iclas iştirakçılarından savayı o deyilənləri eşidən olub. Ancaq həmin toplantılarda söylənən fikirlər respublikanın, xalqımızın oçağkı və sonrakı illərdəki yoluna işıq tutub, hansısa maneələri aradan qaldırıb, hansısa təhlükələrin, bəzənsə lap faciələrin qarşısını alıb. Bu iclasların protokolları və stenoqramları arxivlərə də "Tam məxfi" qrifi ilə daxil edildiyindən onların məzmunu ilə uzun müddət sonralar sıradan olan insanlar bir yana, hətta peşəkar araşdırıcıların tanış olmasına icazə verilməyib. Bütün bunlarsa tarixdir və məhz o səhifələrdə Heydər Əliyevin də dövlətçi və siyasətçi surəti bu gün bizə dolğunluğu ilə görünə bilir.

Dağlıq Qarabağ Muxtar Vilayəti rəsmən Azərbaycanın tabeçiliyində idi, amma erməniçiliyin, lobbinin ora gizli xətlərlə təsiri ilə bərabər Moskvanın da özünəməxsus himayədarlığı olmamış deyildi. Sənədləri qaldırdıqca, olub-keçənləri indinin açdığı imkanlar müstəvisində araşdırdıqca o da sezilir ki, Azərbaycan rəhbərliyinin respublikanın ayrılmaz parçası olan bu bölgənin idarəçiliyindəki müstəqilliyinə açıq və üstüörtülü maneələr də yaradılıb, müəyyən məhdudiyyətlər də qoyulub. Çünki o araşdırmalar ki indi aparılmışdı, ayrı-ayrı epizodları ilə vilayət idarəçiliyində müəyyən özbaşınalığın, hansı həddəsə ərköyünlüyün, hətta cəzasızlığın hökm sürdüyünü açıqca göstərirdi. Belə bir imtiyazı isə vilayət rəhbərliyinə yaratmaq iqtidarı Moskvada idi.

Heydər Əliyev Bürodakı çıxışını oradan başlayırdı ki, belə yoxlamalar ilk deyil, daha öncə Azərbaycanın digər yerlərində də oxşar araşdırmalar aparılır. Bu, ilk növbədə Moskvaya bir mesaj kimi qavranılır ki, yəni belə yerli-yataqlı araşdırmanın aparılmasında Dağlıq Qarabağla, ermənilərlə əlaqədar hansısa qərəz, qapalı məqsəd yoxdur: "Biz bir sıra konkret qərarlar qəbul etmişik ki, onlara əsasən ayrı-ayrı partiya təşkilatları və inzibati orqanlarımızın əməkdaşları sərt və ədalətli cəza almışlar. Hətta biz Sabirabad kimi rayonun bütün rəhbərliyini və inzibati orqanların başçılarını cinayətkarlığa qarşı əsl mübarizə apara bilmədiklərinə görə tam halda işdən kənarlaşdırmağa da getmişik. Bizim Bakı partiya təşkilatının inzibati orqanlarının cinayətkarlığa qarşı mübarizəsi işinə geniş və prinsipial qərarımız olub. Son illərdə Azərbaycan KP MK-nın bəhs edilən məsələlərlə bağlı möhkəm mövqeyini yetərincə əks etdirən başqa qərarlarımız da olub.

Dağlıq Qarabağa bağlı bu məsələ planlaşdırılanda mən ora xüsusi briqadanın göndərilməsinin və məsələnin Büroda müzakirəyə çıxarılmasının tərəfdarı deyildim. Çünki bu qənaətdəydim ki, orada ayrıca nüfuzlu partiya təşkilatı var və onlar özləri vəzifələrini başa düşməli, məsuliyyətlərini dərk etməli, ölçü götürməlidirlər. Ancaq oradan gələn siqnallar narahatlıq doğururdu və biz bu məsələni Büroya çıxarmağa, yerdə vəziyyəti lazımınca öyrənməyə vadar qaldıq. Bunun özü Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində və onun raykomlarında işin aşağı səviyydə olmasından, inzibati orqanların fəaliyyətinin qeyri-qənaətbəxşliyindən xəbər verir. Eyni zamanda, vilayət partiya komitəsi və onun birinci katibi Melkumyan yoldaşın belə vəziyyətlə barışmaları, illah da ciddi qüsurlara belə laqeyd münasibəti təəccüblüdür".

Araşdırmalar həqiqətən heyrət doğuran əcaib cinayət lövhələrini üzə çıxarmışdı. Ancaq aşağı-yuxarı belə cinayətlər başqa bölgələrdə də olurdu, hüquq mühafizə orqanlarının Cinayət Məcəlləsinin maddələri arasından sivişib keçməklə (təbii ki, bunun müqabilində müəyyən maraqları ödənilməklə) cinayətkarlara havadarlıq etmələri ilk dəfə vilayətdə rast gəlinən hadisə deyildi. Ancaq buradakı miqyaslar büsbütün başqa idi.

Son 5 ildə - 1967-1971-ci illər arası vilayətdə cinayətkarlıq durmadan artırmış və 1967-də 1 ilə düşən cinayətlərin sayı 255 imişsə, bu rəqəm 1971-də 317-yə yüksəlmişdi. 1971-ci ilin eyni dövrünə nisbətləsə 1972-də cinayətkarlığın artımı 17 faiz idi.

Səbəb, əlbəttə ki, vilayətdə cinayətkarlığın artımına yaradılan münbit mühit idi. Məqsədli şəkildə, planlı olaraq. Bunun tapşırığı da Yerevandan, ora da qıraqlardan gəlirdi. Həmin cinayətləri törədənlərin, belə bir mühiti formalaşdıranlarım arasında da gəlmələr az deyildi.

Heydər Əliyevin iti kəşfiyyatçı, təhqiqatçı gözləri, əlbəttə ki, bu rəqəmlərin təkində məkrli qüvvələrin gələcək qatışıqlıqlar üçün zəmin hazırlamaq niyyətlərini də sezməyə bilməzdi. Bu araşdırma və ifşaları gerçəkləşdirmək bir neçə il sonra yada düşsəydi, kök daha dərinlərə işləyəcəkdi, bəlkə də artıq metastaz başlanacaq və bir çox yeraltı axınların qarşısını almaq mümkünsüz olacaqdı.

Heydər Əliyev bəlli bir gerçəyi dilə gətirirdi ki, vilayət başqa rayonlarla müqayisədə daha əlverişli vəziyyətdədir. Qeyd edirdi ki, vilayətdə vilayət, şəhər partiya təşkilatının, müvafiq olaraq daxili işlər, prokurorluq, məhkəmə və digər orqanların əməkdaşlarının sayı başqa rayonlarla tutuşdurarkən adambaşına düşən kadr miqdarından daha artıqdır.

Bu, belə idi, həmişə belə olmuşdu, onlara nəvazişli münasibət bütün istiqamətlər üzrə, o sıradan vilayətin ən çeşidli təminatları baxımından da daim ortada idi və 1980-ci illərin sonlarında yenə baş qaldıranda, guya onların yaşayış şəraiti və şərtlərinin Azərbaycanın digər bölgələrinə nisbətən aşağı olduğunu iddia edəndə gözlərinin içinə kimi yalan danışırdılar, bu naşükürlərin iddialarına rəğmən əsl vəziyyət tam əksinə idi, bütün bölgələrimizə nisbətən orada təminat baxımından heç bir korluq çəkilmirdi.

Bu yoxlamaların ən əhəmiyyətli cəhətlərindən biri bu idi ki, vilayətdə illərcə məqsədli şəkildə bəslənib şişirdilən, oliqarxlaşdırılan, dəfələrlə cinayətlər törədərək yüksək vəzifələrdən çıxarılsalar da, sirli şəkildə həbsdən kənarda qalan, yenə daha başqa yağlı vəzifəyə gətirilən bir dəstə ünsür, axırı ki, məhkum edilirdi.

Bunlar gələcəkdə planlaşdırılması, həyata keçirilməsi düşünülən iğtişaşlarda pul kisəsi olacaq şəxslərdir ki, belə xidməti 1967-ci ilin Xankəndi hadisələrində də göstərmişdilər, həmin zümrədən olan pul dağarcıqları elə 1988-ci illərin sonlarında da məlum əməllərinin ardınca idilər.

Qanunsuzluqların alabəzək palitrası hazırlanmış arayışlarda müfəssəl əksini tapmışdısa da, Heydər Əliyev Bürodakı çıxışında onların elələrini qabardırdı ki, məhz həmin hadisələrdə erməni ekstremizmi əyaniliyi ilə zühur eləyirdi. Həm də Moskva canişini, MK katibi Sergey Kozlovun üzv olaraq iştirak etdiyi Büroda Heydər Əliyev bu qəbil məsələlərdən bəhs edərək ayrıntıları açıqlamaqçün öncə DTK sədri Vitali Krasilnikova söz vermişdi.

İndi özü iclasa yekun vurarkən erməni terrorizminə dəlalət edən belə faktları vilayətin erməni rəhbərliyinin ört-basdır etməyə səy göstərmiş olduğuna diqqəti cəlb edirdi: "Mehmanxananın qarşısında qumbara partladılıb və elə qələmə verməyə çalışıblar ki, guya az qala ölən elə qranatı partladanmış. Bu versiyanı Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsi irəli sürüb. Buna respublika daxili işlər nazirinin və respublika Baş prokurorunun müavinini də inandıra biliblər. Biz Tərtərdə olanda onlar da gəlmişdilər və dedilər ki, artıq qumbaranı kimin partlatdığını müəyyənləşdiriblər. Guya bu, bədbəxt hadisəymiş. Birincisi, qranat haqqında elementar təsəvvürü olan heç bir kəs bu ehtimalı heç cür qəbul etməz. Bu versiyanı işi bağlamaq üçün uydurmuşdular. Mən dərhal bu versiyanı irəli sürənləri tənbeh etdim və sonra neçə illər ərzində cinayətkarlıqla baş girləyən bir dəstə adam aşkarlandı. Respublikanın tanınmış həkimini öldürürlər, bunlarsa sübuta yetirirlər ki, guya o, özünə qəsd edib".

Nə hadisə idi bu, kim idi həmin cinayəti törədən, ya törədənlər?

Gələcəkdə Sumqayıt hadisələrinin başlanğıcında mərkəzi fiqurlardan olan, xüsusi amansızlıqla qanlı cinayətlər törədən və sonra da sovet KQB-si tərəfindən hətta həbsxanada belə qorunan Eduard Qriqoryan tipli bir neçəsini o vaxt Dağlıq Qarabağda da gələcək qatışıqlıqlar üçün yetişdirirmişlər.

"Pışka" ləqəbli Rafiq Danielyan 1971-ci ilin iyununa qədər bir yığın ağır cinayətlər törədibmiş və mübhəm bir tərzdə hey azadlıqda qalırmış. 1971-ci ilin iyun ayının 18-də axşam saat 21:40-da Rafiq Danielyan Xankəndidə, "Qarabağ" mehmanxanasının qarşısında qumbara partladır və 4 azərbaycanlı müəllim - B.Əliyev, T.Heydərov, K.Hacıyev və H.Həsənov ağır yaralanır, daha bir nəfər - Q.Əliyev xəstəxanada keçinir. Sonrakı araşdırmalar göstərir ki, bu R.Danielyan daha əvvəllər də azərbaycanlılarla dava etdiyinə görə iki dəfə məsuliyyətə cəlb edilibmiş. Yəni onun bu hadisəni törətməsini guya təsadüf kimi yozmaq heç ağlabatan olmasa da, vilayətin hüquq mühafizə orqanları R.Danielyanı sudan quru çıxarmaqçün guya qumbaranı elə vəfat edənin özünü öldürmək məqsədilə partlatdığını bildirmiş, hətta saxta sübutlarla DİN və Baş Prokurorluğu da bu versiyaya inandırmağa nail olmuşdular.

Həmin Rafiq Danielyanın böyük qardaşı, "Caqa" ləqəbli cinayətkar Albert Danielyan 1967-ci ildə azərbaycanlılara qarşı Xankəndi qətlləri və iğtişaşında əsas təşkilatçılardan biri olmuşdu, güllələnməyə məhkum edilsə də, Moskvanın təkidi ilə bu cəza 15 il həbslə əvəz edilmişdi. Özünün də, qardaşının da kimliyi vilayət milisinə gözəlcə bəlli olan R.Danielyan da, cinayəti onunla birgə törətmiş V.Ağacanyan, M.Akopyan, K.Dadayan da iyunun 23-də daxil olan müraciətlərə əsasən saxlanılsalar da, guya əsaslı sübutlar olmadığından sərbəst buraxılmışlar.

Yalnız bu cinayətlər silsiləsinin araşdırılmasına DTK və Baş Prokurorluq başlayandan sonra hər 4 cani məsuliyyətə cəlb edilmiş, istintaq əsnasında bu da müəyyən edilmişdi ki, bunlar 1970-ci ilin avqustunda biri tanınmış həkim olmaqla daha iki nəfəri qətlə yetiribmişlər. Hələ arada R.Danielyan bir nəfəri bıçaqlayıbmış da. Vilayət daxili işlər idarəsinin, vilayət prokurorluğunun həmin cinayətləri araşdırmış və sübutlar olmadığına görə xətm etmiş, R.Danielyanla bağlı hətta protokol belə tərtib etməmiş müstəntiqlərinin, təhqiqatçılarının adları bəlli idi. Sual verirdilər ki, bu şəxslərin cinayətlər silsiləsinin elə o silsilə uzunluqda sübutları olduğu halda niyə heç bir tədbir görməmisiniz, niyə belə hərəkət etmisiniz? Gözlərini döyürdülər. Bu sualların cavabları sözsüz də aydın idi, onlar da eyni cinayətkar şəbəkənin üzvü idilər, necə ki, 1967-ci il Xankəndidəki qırğında da vilayət hüquq mühafizə orqanlarının bir çox erməni əməkdaşı azərbaycanlılar əleyhinə qarşıdurmada qatillər və asayiş pozucuları ilə yan-yana idilər.

...Azərbaycan KP MK-nın 1972-ci il aprelin 3-də baş tutan və əks-sədası Dağlıq Qarabağ Muxtar Vilayətindəki hüquq mühafizə orqanlarında aparılan təmizləmələrdən bilinəcək Büro iclasından sonra Heydər Əliyev 11 maddədən ibarət qərar imzalayır. Dəqiq vaxt da qoyulur ki, bu sağlamlaşma, islaholunma, səhvlərdənqurtulma işlərinə 1973-cü il noyabrın 1-dək əncam çəkilsin. Həmin Büro iclasınadək vilayətdə aparılan yoxlamalar, Büroda vilayət rəhbərliyinin iştirakı ilə gedən müzakirələr, ardınca Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin plenumunda bu mövzuya əsaslı şəkildə qayıdılması vaxtında və ustalıqla görülmüş qabaqlayıcı tədbirlər kimi müəyyən nizam yaradır və 1967-ci il qarışıqlıqlarından sonra yenə gizli-gizli təşkilatlanmağa başlayan qara qüvvələri pərən-pərən salır. Ancaq müəyyən vaxt keçəcək, kənardakı dirijor çubuğu yenə düşəcək işə, yenə sürünən kölgələr başlayacaq xosunlaşmağa, məhz o əsnada növbəti dəfə təzyiqi artmağa başlayan damarlardan elə bu sayaq qan almağa ehtiyac yaranacaq.

1980-ci illər asta-asta irəliləyəcək, erməniçilik kabusu da vilayətdə təzədən ətə-qana dolmağa başlayacaq. Burada - Heydər Əliyevsiz Azərbaycanda əli-qolu açılmış erməniçilik orada - Heydər Əliyevli Kremldə də qarşılarındakı başlıca maneəni dəf etməkçün bütün qüvvələrini işə salacaqlar.

Ancaq kölgələrin təntənəsi heç vaxt daimi ola bilməz. Kölgələr hərdən gendən böyük də görünə bilər. Ancaq mahiyyəti sürünməkdən ibarət kölgələrin mütləq aqibəti qaçılmaz məğlubiyyət və zavaldır.

24 iyul 2023

Rafael HÜSEYNOV, akademik

"525-ci qəzet"

  • Paylaş: