Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.05.2026 14:30
  • A-
  • A
  • A+

Dahi Lider Heydər Əliyev faşizm üzərində qələbədə Azərbaycan xalqının fəaliyyətini yüksək qiymətləndirmişdir

Dahi Lider Heydər Əliyev faşizm üzərində qələbədə Azərbaycan xalqının fəaliyyətini yüksək qiymətləndirmişdir

Azərbaycanın qəhrəman oğulları Böyük Vətən Müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən müharibədə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.

Azərbaycan xalqının Ümummilli Lideri

Heydər Əliyev

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bakı neftinin qələbədə həlledici rolu və 600 mindən çox azərbaycanlının döyüşlərdə iştirakı hər zaman xüsusi vurğulanır.

Ulu Öndər Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra 9 May rəsmi bayram kimi qeyd olunmağa başlandı, veteranlara mənzillər və avtomobillər verildi. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, 9 May ərəfəsində veteranlara mənzil, avtomobil və birdəfəlik maddi yardımlar təqdim olunur. Ümummilli Lider Heydər Əliyev hər il 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə müraciət və çıxışlarında Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki tarixi rolunu, cəbhədəki şücaətini və arxa cəbhədəki fədakarlığını yüksək qiymətləndirirdi. Heydər Əliyev Bakı neftini qələbənin sütunu adlandırırdı. Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi”, - deyərək, müharibə zamanı SSRİ-nin yanacaq tələbatının 70-80%-dən çoxunu Azərbaycanın təmin etdiyini xüsusi vurğulayırdı. O, Azərbaycan diviziyalarının (77, 223, 271, 336, 402, 416 və s.) Qafqazdan Berlinə qədər şanlı yol keçdiyini qeyd edirdi.

Bakı neftçilərinin və sənaye işçilərinin gecə-gündüz fədakarlıqla çalışaraq cəbhəni yanacaq, silah-sursatla təmin etməsi, həmçinin Azərbaycandakı hospitalda minlərlə yaralı əsgərin sağaldılması vurğulanırdı.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi: Müstəqil Azərbaycanın gələcək nəsilləri də sizləri sevəcək, həmişə sizlərə hörmət edib və edəcəklər. Siz bu gün Azərbaycanın həyatında fəal iştirak edirsiniz, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz təcrübənizi, biliklərinizi əsirgəmirsiniz. Mən bütün bunlara görə sizə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, siz, müharibə veteranları Azərbaycanın hörmətli, ağsaqqal insanları bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin qorunmasında, dövlətçiliyin inkişaf etdirilməsində fəal iştirak edəcəksiniz və öz xidmətlərinizi göstərəcəksiniz.

Prezident İlham Əliyev Faşizm üzərində Qələbə Günü münasibətilə müraciət və paylaşımlarında Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki tarixi rolunu, göstərdiyi şücaəti və faşizmin məğlub edilməsindəki töhfəsini yüksək qiymətləndirir.  Cənab Prezident İlham Əliyev qeyd edir: Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

1941-1945-ci illər İkinci Dünya Müharibəsi dövründə Azərbaycan elmi, o cümlədən sonradan Milli Elmlər Akademiyasının təməlini təşkil edən elmi strukturlar, bilavasitə faşizm üzərində qələbəyə xidmət etmişdir.

1941-ci ilin iyun ayından etibarən Azərbaycan alimləri öz fəaliyyətlərini hərbi ehtiyaclara yönəltdilər. 1941-1945-ci illərdə Azərbaycan elminin qələbəyə töhfələri:

Tibb elmlərinin hərbi rola yönəlməsi: 1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı və tibb alimləri yaralı döyüşçülərin sağaldılması üçün çalışdılar. 1942-ci ilin yanvarında professor Əziz Əliyevin sədrliyi ilə Yaralı döyüşçülərə və xəstələrə kömək Komitəsi yaradıldı.

Donor hərəkatı: 1941-1945-ci illər ərzində 149,170-dən çox vətəndaş donorçu oldu, cəbhəyə 41,609 litr qan və 7,229 litr qanı əvəz edən preparatlar göndərildi.

Neft elmi və qələbə: Azərbaycan alimləri (xüsusilə geoloq və kimyaçılar) cəbhənin yanacaq ehtiyacını ödəmək üçün yüksək oktanlı benzin və sürtkü yağlarının istehsalını təmin etdilər.

Elmi təşkilatlanma: Müharibə dövründə, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının rəsmən təsis olunması üçün zəmin yaradıldı, bu da respublikada elmin fundamental inkişafının qələbəsi idi.

Məşhur alim akademik Yusif Məmmədəliyev 1942-ci ilin şaxtalı qış aylarında bir qrup kimyaçı mütəxəssislə birlikdə 28 sutka ərzində laboratoriya binasından çıxmadan gərgin axtarışlar aparmış, nəhayət, oktan ədədi 100-ə bərabər olan yüksək keyfiyyətli aviasiya yanacağı istehsalının texnologiyasını yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur. Azərbaycan yüksək inkişaf yolu ilə getdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu. Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində də Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox olmuşdur. İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün dünyaya tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq, respublika ictimaiyyətinin, mətbuatın və ziyalılarımızın vətəndaşlıq borcudur.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: