Oktyabrın 22-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda görkəmli kimyaçı alim, əməkdar elm xadimi, akademik Toğrul Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunan respublika konfransı keçirildi.
Əvvəlcə institutun foyesində görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi.
Yubiley tədbirində giriş nitqi ilə çıxış edən Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev akademik Toğrul Şahtaxtinskinin zəngin və mənalı ömür yolundan və Azərbaycan elminə verdiyi töhfələrdən danışdı. Bildirildi ki, 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu ölkəmizdə neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparmışdır. Alimin tədqiqatları neft-kimyəvi sintez, kimyəvi kinetika və kataliz, kimya texnologiyasının nəzəri əsaslarına həsr olunmuşdur. Həmin tədqiqatlar üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya texnologiyasının elmi əsaslarının işlənib hazırlanması ilə bağlı geniş spektrə malik problemləri əhatə edir. T.Şahtaxtinski mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının elmi-nəzəri prinsiplərini müəyyən etmişdir.
D.Tağıyev akademik Toğrul Şahtaxtinskinin səmərəli elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması işinə də böyük önəm verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, alimin rəhbərliyi altında 60-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
Bildirildi ki, Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Sonra akademik Ağadadaş Əliyevin “Metanın etilen və asetilenə oksidləşdirici çevrilməsi prosesi üçün optimal reaksiya qovşağı”, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin “Qeyri-nyuton neftlərinin filtrasiyasının reoloji modeli”, texnika üzrə elmlər doktoru Təranə Məmmədovanın “Müxtəlif katalizatorların tətbiqi ilə biodizel yanacağının alınması” mövzusunda məruzələri dinlənildi, müzakirələr aparıldı.
Tədbirdə çıxış edən akademiklər Məhərrəm Məmmədyarov, Musa Rüstəmov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, Akif Əzizov, Ağadadaş Əliyev, professor Arif Əfəndi və başqaları görkəmli elm xadimi ilə bağlı xatirələrini bölüşdülər, onun kimya elmindəki misilsiz xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, mənalı ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik T.Şahtaxtinski prinsipiallığı, böyük idarəçilik qabiliyyəti, tədqiqatçılıq əzmi və yüksək insani keyfiyyətləri ilə fərqlənmişdir. O, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir