Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli geoloq alim Vasif Babazadənin 85 yaşı tamam olur
02.09.2023 09:50
  • A-
  • A
  • A+

Görkəmli geoloq alim Vasif Babazadənin 85 yaşı tamam olur

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, akademik Vasif Babazadənin 85 yaşı tamam olur.

Babazadə Vasif Məmməd oğlu 2 sentyabr 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya-coğrafiya fakültəsini bitirib. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyalarını uğurla müdafiə edib.

1977-ci ildə professor elmi dərəcəsini alan Vasif Babazadənin elmi fəaliyyəti geologiyanın müxtəlif sahələrini əhatə edir. Onun araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlıdır. Geoloq alim kiçik Qafqazın qızıl yataqlarının tədqiqi sahəsində böyük işlər görmüşdür. O, qızıl yataqlarını ayrı-ayrı sənaye-genetik tiplərə ayırmağa nail olmuş, bu yataqlar üçün filizəmələgəlmənin temperatur rejimini, filizçökdürülmənin vertikal diapazonunu müəyyən etmişdir ki, bu da ümumən qızıl filizi, o cümlədən gizli kütlələrin perspektiv sahələrini ayırmağa imkan vermişdir.

Ömrünü elmə həsr edən akademikin bu günədək Azərbaycanda və xarici ölkələrdə 350-dən artıq elmi əsəri, 40-dan çox kitabı çapdan çıxmışdır. Onun rəhbərliyi altında 35 fəlsəfə, 11 elmlər doktoru hazırlanmışdır.

Vasif Babazadənin yaratdığı elmi məktəblərin təməli onun 1973-1980-ci illərdə dekanı olduğu Geologiya-coğrafiya fakültəsində qoyulmuşdur. Bu nüfuzlu alim hələ o illərdə geologiya elminin və tədrisinin ciddi inkişafı üçün BDU-da ayrıca fakültəyə ehtiyac olduğunu bildirmişdir. Beləliklə, BDU-nun bugünkü Geologiya fakültəsi Vasif müəllimin təşəbbüsü ilə yaradılmışdır. Alim fakültənin Faydalı qazıntılar kafedrasına rəhbərlik etməklə yanaşı, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” elmi-tədqiqat laboratoriyasını da yaratmağa nail olmuşdur.

V.Babazadə 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik Vasif Babazədənin məhsuldar fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, hələ 1978-ci ildə Təbii resurslardan səmərəli istifadə etməklə bağlı silsilə əsərlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. Bu mükafat Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünə təsadüf edir. 2000-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə Vasif Babazadə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. O, Prezident İlham Əliyevin sərəncamları ilə 2009-cu ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir. Görkəmli alim, həmçinin 2017-ci ildə AMEA-nın akademik Musa Əliyev adına mükafatını almış, 2001-ci ildə Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İlin müəllimi” nominasiyasının qalibi olmuşdur. 2018-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülmüşdür.

Akademik Vasif Babazadəni 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: