Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Tədbirdə müzakirəyə çıxarılan birinci məsələ “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli Fərmanı və qarşıda duran vəzifələr haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində ilkin addımların Ulu Öndər tərəfindən atıldığını, görkəmli dövlət xadiminin qəbul etdiyi Fərman və sərəncamların XXI əsrdə bu sahədə həyata keçirilən genişmiqyaslı işlərin təməlini təşkil etdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev müasir dövrün reallıqlarını və Dördüncü sənaye inqilabının çağırışlarını nəzərə alaraq, Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib və nəticədə bu gün ölkəmizdə “Elektron hökumət” formalaşıb. Elektronlaşma hərəkatının ölkəmizdə müasir cəmiyyət quruculuğunun aparıcı sahələrindən birinə çevrildiyini deyən AMEA rəhbəri bu məqsədyönlü fəaliyyətin Prezident İlham Əliyevin Azərbaycanı dünyanın inkişaf etmiş dövlət sırasına çıxarmaq istiqamətində atdığı mühüm addımlardan biri olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində Fərmanın əhəmiyyətini diqqətə çatdırıb.
AMEA prezidenti Fərmanda Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin yaradılmasının nəzərdə tutulduğunu, bununla bağlı müvafiq dövlət orqanlarına aidiyyəti tapşırıqların verildiyini söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Fərmanda elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət qurumlarına altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirilməsinin tapşırıldığını bildirib.
Fərmanın digər dövlət qurumları ilə yanaşı, AMEA qarşısında da bir sıra vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli son dövrlərdə Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elektron elmin inkişafının təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron dövlətin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi AMEA-da bu sahədə kompleks tədbirlərin prioritet qaydada icrasını zəruri edib: “Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətində “Elektron Akademiya” şöbəsi yaradılıb. Şöbə internet resurslarından, müasir texnologiyalardan elmi tədqiqatların təşkilində və elmi idarəetmədə istifadə olunması, alimlərimizin nüfuzlu elmi bazalara daxil olan elmi jurnallarda nəşrlərinin sayının artırılması, milli-mənəvi dəyər kəsb edən məlumatların, elmi nailiyyətlərimizin açıq elektron nəşrlərdə Elektron Akademiyasında müntəzəm yerləşdirilməsi, beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə AMEA-nın elmi tədqiqat müəssisələrinin, dövri elmi jurnalların, həmçinin alimlərimizin fərdi elmi tədqiqat fəaliyyətinin qiymətləndirilməsinə dair məlumatların monitorinqinin aparılması, elmmetrik araşdırmaların təşkili və s. sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərməkdədir”.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin 21 dövlət qurumu, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatları ilə elektron sənəd dövriyyəsini həyata keçirdiyini, bu fəaliyyətin ümumilikdə bütün Akademiyada tətbiqinin başlıca prioritet məsələ olduğunu bildirib.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili barədə mövcud təkliflərin araşdırılması, AMEA-nın şəbəkə infrastrukturunun texniki təftiş edilməsi, AMEA-nın elmi müəssisələri üzrə elektron sənəd mübadiləsi sisteminin istifadəsinə məsul şəxslər üçün təlimlərin təşkili və s. qərarlar qəbul olunub.
Daha sonra iclasda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda elmi məruzəsi ictimaiyyətə təqdim edilib.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri müəyyənləşdirilməli olsa da, bu günə qədər öz həllini tapmayıb. Akademik İsa Həbibbəyli özünün rəhbərliyi ilə ilk dəfə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası istiqamətində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan müzakirələr barədə məlumat verib və geniş ictimai müzakirələr zamanı sovet dövründəki dövrləşmə mərhələlərinin şüurlara təsir etməsinə baxmayaraq, vahid nəticəyə gəlindiyini söyləyib.
AMEA rəhbəri bildirib ki, sovet dövründə ictimai quruluşun mərhələlərə bölünməsi Marksın nəzəriyyəsinə uyğunlaşdırılmışdı və insanlar uzun müddət ondan qopa bilmirdilər. Azərbaycan tarixinin dövrləşdirilməsi ilə bağlı Tarix İnstitutunda ilkin müzakirələrin aparıldığını və bugünkü elmi məruzə ilə birinci ictimai müzakirənin təşkil edildiyini bildirən akademik İsa Həbibbəyli bu problemin Azərbaycan Humanitar və İctimai elmləri üçün prioritet məsələ olduğunu vurğulayıb.
Sonra professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzəsi dinlənilib. K.Şükürov qeyd edib ki, təqdim olunan elmi məruzə Azərbaycan tarixinin ən fundamental məsələlərindən biri kimi böyük aktuallığa malikdir. Alimin sözlərinə görə, Azərbaycan tarixinin dövrləşdirilməsi və inkişaf mərhələlərini obyektiv şəkildə müəyyən etmək üçün öncə, ümumiyyətlə tarix nəzəriyyələrini və müasir konsepsiyaları nəzərdən keçirmək lazımdır.
Məruzəçi diqqətə çatdırıb ki, tarixə ümumi nəzəri baxışla birgə, Azərbaycan tarixinin öyrənilməsinə dair konseptual yanaşmalar ayrıca nəzərdən keçirilir və aydın olur ki, Azərbaycan tarixinin öyrənilməsinin nəzəri cəhətdən əsaslandırılmasında sovet dövrü mühüm yer tutur. Məhz bu dövrdə, xüsusilə 1950-ci illərin sonundan nəşr edilən 3 cild 4 kitabdan ibarət çoxcildlik Azərbaycan tarixində tarixi materialistcəsinə anlayış nəzəriyyəsi hakim mövqeyə malik olur.
1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində tarixə marksist baxışın, o cümlədən formasiyalar üzrə tarixi dövrləşdirmənin ciddi tənqid hədəfinə çevrildiyini bildirən K.Şükürov qeyd edib ki, 1998-ci ildə Azərbaycan tarixinin (latın qrafikasında reprint nəşri 2008-ci il) 7 cildlik akademik nəşrində verilən dövrləşdirmə nəzəri cəhətdən əsaslandırılmamışdır. Alim bütün bunları nəzərə alaraq, Azərbaycan tarixinin dövrləşdirilməsinin konseptual həllinin ən zəruri elmi vəzifə kimi qarşıda durduğunu deyib: “Təqdim olunan yeni dövrləşdirmənin əsas kriteriyası kimi Azərbaycan dövlətçiliyi, onun inkişaf xüsusiyyətləri çıxış edir. Buna uyğun olaraq, Azərbaycan tarixi ibtidai cəmiyyət və ya dövlətəqədərki dövr (ən qədim zamanlardan e.ə. III minilliyədək), qədim dövr (e.ə. III minillikdən Ərəb xilafətinin hakimiyyəti, İslam dininin qəbulunadək), orta əsrlər (Ərəb xilafətinin hakimiyyətindən XVI əsrədək), yeni dövr (Səfəvilərdən (1501-1736) I Dünya müharibəsinin sonlarınadək), müasir dövr (Rusiya imperiyasının süqutu, Zaqafqaziya dövlətçiliyinin yaranması (1917-ci ilin noyabrı) bizim günlərədək) kimi inkişaf mərhələlərinə ayrılır. Bu inkişaf mərhələləri və onun dövrlərinin qrafik təsviri təqdim olunur. Azərbaycan tarixinin dövrlərinə uyğun olaraq, onun daha dərindən dərk edilməsi üçün ilk dəfə olaraq Azərbaycan tarixinin sinxronlaşdırılması müəyyən edilir və onun da qrafik təsviri nümayış etdirilir”.
K.Şükürov çıxışının sonunda bildirib ki, təqdim edilən Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri əsasında Azərbaycan tarixinin yeni strukturu təklif edilir və nəticədə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixinin konkretlik və qanunauğunluğu barədə baxışlardan bəhs edilir.
Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, mövzu ətrafında akademiklər Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Mehman Abdullayev, eləcə də tarixçi alim Ramin Əlizadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Rəyasət Heyəti tərəfindən Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri ilə bağlı müzakirələrin davam etdirilməsi barədə qərar qəbul olunub.
Tədbirdə, o cümlədən akademik İsa Həbibbəylinin 26 avqust – 3 sentyabr 2023-cü il tarixlərində Türkiyəyə səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən, 26-27 sentyabr 2023-cü ildə Bakıda AMEA-nın və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə “Uluslararası Oğuz Türkcəsi Konfransı”nın keçirilməsi qərara alınıb.
İclasda akademik İsa Həbibbəylinin 2-5 iyul 2023-cü il tarixlərində Bolqarıstan Elmlər Akademiyasına səfəri zamanı tərəflər arasında imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Həmçinin 7 sentyabr 2023-cü il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsi (AFAD) arasında imzalanmış zəlzələ monitorinq sistemləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib.
Bundan əlavə, AMEA-nın Şərqşünaslıq İnstitutunun nəşrlərinə “Elm” nəşriyyatının qrifinin verilməsi haqqında qərar qəbul olunub.
Akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Qafqazşünaslıq İnstitutunda daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində İnformasiya şöbəsinin və Veb sayt qrupunun bazasında Elektron xidmətlər şöbəsinin, AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Beynəlxalq əlaqələr şöbəsinin və Elektron xidmətlər şöbəsinin, AMEA-nın Gəncə Bölməsində İnformasiya texnologiyaları şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin və AMEA-nın “Elm” Nəşriyyatında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.
Bundan əlavə, akademik Mahmud Kərimovun 75 illik, akademik Vasif Babazadənin isə 85 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edilib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinin və sistemləşdirilməsinin yeniləşən Akademiyanın qarşısındakı başlıca hədəflərdən olduğunu söyləyib və AMEA-nın dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elektronlaşma hərəkatında üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə və layiqincə gələcəyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.