Müsahibimiz tanınmış azərbaycanlı alim, cərrah, transplantoloq, hepatoloq, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovdur.
Professor Nuru Bayramov Azərbaycanda tibb elminin prioritet istiqamətlərinin (kök hüceyrələr və regenerator tibb, genomika, molekulyar biologiya, yüksək texnologiyalar və tibb, sübutlu təbabət, translyasyon tibb və s.) müəyyənləşdirilməsi və təbliğində fəal iştirak edir. O, Azərbaycanda laparoskopik, transplantasyon, kök hüceyrə, qaraciyər və bariatrik-metabolik cərrahiyənin elmi-praktik əsasını qoyan, beynəlxalq klinik protokolları təşkil və tətbiq edən öncüllərdəndir.
Nuru Bayramov ölkəmizdə beynəlxalq konsilumları və mültisentrik tədqiqatları təşkil və davam etdirən ilk həkimlərimizdəndir.
Alim 40 kitab, 14 metodik tövsiyə, 187 məqalə, 231 tezis, 11 ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 8 dissertasiya işi müdafiə olunmuşdur. Professor Nuru Bayramov iki qrant layihəsinin iştirakçısıdır.
Müsahibəni təqdim edirik:
- Nuru müəllim, əvvəlcə sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, çoxşaxəli fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzu edirik! İstərdik, əvvəlcə elmi fəaliyyətinizin əsas istiqamətləri, ölkəmizdə tibb elminin inkişafına xidmət edən elmi tədqiqatlarınız haqqında məlumat verəsiniz.
- Təbrikiniz üçün təşəkkür edirəm. Yubileylər əslində bir insanın keçdiyi həyat dövründə gördüyü işləri sorğulamaq, özünə hesabat vermək və ölkə üçün faydalı olub-olmadığını qiymətləndirmək üçün bir simvolikadır.
Elmi fəaliyyətimdə hər zaman tibb elmində müasir dövrün çağırışlarına cavab verən, aktual problemlərə həsr olunan tədqiqatlara üstünlük vermişəm. Elmi fəaliyyətimi 3 dövrə ayırmaq istərdim: Sovet höküməti dövründəki fəaliyyətim, Türkiyədə apardığım tədqiqatlar dövrü və müasir Azərbaycanda apardığım elmi tədqiqatlar.
Sovet hakimiyyəti dövründəki fəaliyyətim Bakıda təhsil aldığım tələbəlik illərim və Moskvada M.Seçenyov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspirantura (indiki doktorantura) təhsili aldığım illərə təsadüf edir. Bu dövrdə apardığım araşdırmalar əsasən, lazerlərin tətbiqi, iltihabi-irinli yaralar, donvurmalar və odlu silahla yaralanmalarla bağlı tədqiqatları əhatə edir.
Türkiyədəki fəaliyyətim illərində qaraciyər rezeksiyası və transplantasiyası problemləri üzərində işlər aparmışam.
2000-ci illərdən etibarən Azərbaycana geri qayıtdıqdan sonra elmi tədqiqat istiqamətlərim bir qədər də çoxşaxəli xarakter alıb. Bu tədqiqatlar laparoskopiya, biomarkerlər, genetik tədqiqatlar, tibbdə süni intellekt əsaslı informasiya texnologiyalarının tətbiqi, kök hüceyrələr və bariatrik cərrahiyyə problemləri ilə bağlıdır.
- Azərbaycanda rəhbərliyiniz altında laparoskopik, transplantasyon, qaraciyər və bariatrik-metabolik cərrahiyənin elmi-praktiki əsasları ilə bağlı hansı işlər görülüb?
- Bizim birinci mərhələdəki tədqiqatlarımız lazerin immun sistemə təsirini ortaya çıxardı. Bəlli oldu ki, qanı lazerlə şüalandırdıqda zəifləmiş immun sistem aktivləşir, aktiv immun sistem isə zəifləyir.
Qeyd edim ki, 2000-ci illərin əvvəllərində ölkəmizdə laporaskopik cərrahiyə ilə məşğul olan həkimlərin sayı olduqca azlıq təşkil edirdi və bu istiqamətdə kifayət qədər araşdırmalar aparılmamışdı.
Rəhbərliyim altında bu istiqamətdə tədqiqatlara (kəskin apendisitin, öd daşlarını ağırlaşmış formalarında laparoskopik əməliyyatlar, fundoplikasiyalar, müştərək laparokopik əməliyyatlar və s.) başlanıldı və 5-ə yaxın elmi iş yerinə yetirildi. Hazırda bu tədqiqatların nəticələri praktikada tətbiq olunur.
Bundan başqa, gen markerləri ilə bağlı bir neçə doktorluq dissertasiyası hazırlanır. Onlardan 2-si artıq tamamlanıb, 2-si üzərində isə tədqiqatlar davam etdirilir.
Rəhbərliyim altında, həmçinin qaraciyər rezeksiyası və qaraciyər xəstəliklərinin tədqiqi üzrə geniş işlər aparılıb. Qaraciyərin rezeksiyası üsulları, xüsusən su şırnağı vasitəsilə qaraciyərin kəsilməsi əməliyyatları, qaraciyər transplantasiyası və rezeksiyalarında biomarkerlərin istifadəsi ilə bağlı aparılan tədqiqatlarda uğurlu nəticələr əldə olunub.
Bununla yanaşı, bariatrik-metobolik cərrahiyyə üzrə bir elmi iş artıq tamamlanıb və müdafiə olunub. Eyni zamanda bu istiqamətdə işlər digər formada da davam etməkdədir. Qeyd olunan tədqiqatların nəticələri praktikada tətbiq olunmaqla yanaşı, beynəlxalq səviyyəli nüfuzlu jurnallarda da işıq üzü görür, həmçinin beynəlxalq protokollara daxil edilir.
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu ilə birgə süni intellektin qaraciyər xərçəngində tətbiqi istiqamətində tədqiqatlarımız da davam edir.
- Azərbaycanda ilk dəfə olaraq kök hüceyrələrinin qaraciyər xəstəliyində tətbiqini həyata keçirmisiniz. Ölkəmizdə kök hüceyrələr barədə ilk elmi tədqiqat işlərinin aparılması, qaraciyər xəstəliklərində və Koron xəstəliyində kök hüceyrələrinin tətbiqi sizin adınızla bağlıdır. Bu istiqamətdə apardığınız elmi və praktiki tədqiqatlar zamanı hansı nəticələr əldə olunub?
- Ölkəmizdə ilk dəfə kök hüceyrələrlə bağlı tədqiqatlara 2015-ci ildə başlanılıb. Həmin illərdə bütün dünyada, o cümlədən Azərbaycanda bu sahədə geniş araşdırmalara rast gəlinmirdi. Apardığımız tədqiqatlar kök hüceyrələrin tətbiqinin qaraciyər sirrozu, Koron kimi xəstəliklərdə müsbət nəticələr verdiyini göstərdi.
Son illər əldə olunan müsbət nəticələrdən sonra bu istiqamətdə elmi-tədqiqat işlərinə də başlanıldı. Bu elmi işlərin bir qismi artıq başa çatıb, digər qismi isə davam etməkdədir. Əldə olunan ilkin nəticələr, eləcə də tədqiqatların müsbət nəticələri kök hüceyrələrin və ondan alınan məhsulların təbabətdə, cərrahiyyədə istifadəsi üçün geniş imkanlar yaratmaqdadır. Onu da qeyd edim ki, xüsusən xərçəng kök hüceyrələri üzərində də tədqiqatlar aparırıq. Kolon poliplərində xərçəng kök hüceyrələrinin varlığı və onun klinik əhəmiyyəti ilə bağlı əldə etdiyimiz nəticə dünya elmi mühitində müsbət qarşılandı. Ölkəmizdə bu istiqamətdə aparılan tədqiqat nəticəsində bu yaxınlarda bir doktorluq dissertasiya işi də müdafiə olundu.
- Son illərdə tibb sahəsində hansı prioritet istiqamətlər üzrə tədqiqatlara üstünlük verilir? Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının üzvü və Tibb üzrə işçi qrupun rəhbəri kimi son zamanlar tibb sahəsində yerinə yetirilən dissertasiya işlərinin səviyyəsi sizi qane edirmi?
- Əvvəlcə qeyd edim ki, 2015-ci ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb üzrə Əlaqələndirmə Şurasının sədri təyin olunmuşam. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun tövsiyəsi və rəhbərliyi ilə həmin vaxt tibbi elminin inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak etmişəm. Hazırda bu strategiyanın tətbiqi ölkəmizdə xüsusən son illərdə öz müsbət nəticələrini verməkdədir. Hazırladığımız bu strategiya tibb elminin müasir tədqiqat istiqamətləri olan regenerator təbabət, kök hüceyrələr, genetik tədqiqatlar, molekulyar-biologiya və biomarkerlər, tibbdə informasiya texnologiyalarının, görüntüləmə metodlarının tətbiqi, sübutlu təbabət, translyasyon tibb, eləcə də mikrobiomlarla bağlı elmi işlərin başlanılmasına dəstək verib.
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının üzvü və həmin şuranın Tibb üzrə işçi qrupun rəhbəri kimi deyə bilərəm ki, son illər doktoranturaya qəbul olunmuş gənc tədqiqatçıların dissertasiya işləri müasir tibb elminin prioritet istiqamətlərini əhatə etməkdədir. Gənclərimiz tərəfindən müasir dövrdə böyük aktuallıq kəsb edən genetik markerlərin və biomarkerlərin axtarışı, tibbdə süni intellekt texnologiyalarının tətbiqi üzrə tədqiqatlara üstünlük verilməsi sevindirici haldır.
- Bildiyimiz kimi, həm 1990-cı illərdə Bakıda və cəbhə xəttindəki hərbi hospitallarda Birinci Qarabağ müharibəsində yaralanalara ixtisaslaşmış cərrahi xidmət göstərmisiniz, həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı yaralılara cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində yaxından iştirak etmisiniz. Bu istiqamətdə fəaliyyətiniz haqqında da məlumat verməyinizi istərdik.
- 1992-ci ildə Xocalı soyqırımından sonra xəstələrə yaralanmalarla yanaşı, xüsusilə əl və ayaq donvurmaları ilə bağlı tibbi yardımların göstərilməsində yaxından iştirak etmişəm.
Bu xəstələrdə biz dünya təcrübəsində ilk dəfə olaraq lazer və suda həll olunan məlhəmlərdən istifadə etdik və uğurlu nəticələr əldə olundu. Bununla bağlı sonralar geniş tədqiqatlar aparılaraq fəlsəfə doktorluğu üzrə dissertasiya işi də yerinə yetirildi və patent müəllifliyi əldə etdik. Beləliklə, həmin dövrdə respublika xəstəxanalarına donvurma ilə müraciət edən bütün xəstələr bu yeni müalicə üsulunun tətbiqi üçün o zamankı Təcili Tibbi Yardım Xəstəxanasına yönləndirilərək müalicələri tərəfimizdən uğurla həyata keçirildi. Donvurmada tətbiq olunan bu üsul artıq protokol səviyyəsində müalicə üsulu kimi tətbiq olunur.
Bundan əlavə, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Tibb Universitetinin kollektivi ilə birgə Tərtər rayon Hərbi Hospitalında da yaralılara tibbi xidmət göstərmişik. Bu xidmətləri ölkəmiz üçün göstərdiyim ən ali xidmət hesab edirəm.
İkinci Qarabağ müharibəsi dövründə isə üç xəstəxanada – ATU-nun Tədris-Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalında və Mərkəzi Gömrük Hospitalında yaralıların müalicəsində iştirak etmişəm. İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qalibiyyət xəbərini eşitdiyimiz zaman keçirdiyimiz hislər sözlə ifadə oluna bilməz. Vətən yolunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı arzu edirəm.
- Ölkəmizdə tibb elminin inkişafı istiqamətində göstərdiyiniz yüksək xidmətlərlə yanaşı, Türkiyədə Yüzüncü Yıl Universiteti və Kırıkkale Universitetinin Tibb fakültələrində ümumi, laparoskopik və qaraciyər cərrahiyyəsi işlərinin təşkilində də yaxından iştirak etmisiniz. Bir qədər də Türkiyədəki fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik.
- Azərbaycan dövlətinin rəsmi göndərişi ilə 1994-cü ildə ATU-dan Türkiyənin Yüksək İxtisas Xəstəxanasına, Ankara və Hacəttəpə Universitetlərinə və Gülhanə Hərbi Tibb Akademiyasına elmi tədqiqat işləri aparmaq, təcrübə və ixtisasartırma keçmək üçün ezam olunmuşam.
Bu illərdə elmi tədqiqat işlərimi yekunlaşdırmaqla yanaşı, müvafiq imtahanlardan keçərək uzmanlıq təhsili də almışam. Təvazökarlıqdan kənar olsa da, qeyd etmək istərdim ki, Azərbaycanın ilk uzman həkimi və Azərbaycana geri qayıdan Türkiyədən olan ilk professor kimi tibb tarixinə düşmək qismət olub.
Uzmanlıq təhsilimi bitirdikdən sonra, Türkiyənin yeni yaradılmış Tibb fakültələrində müəllim kimi fəaliyyət göstərmək üçün təkliflər aldım, bir müddət Van şəhərində Yüzüncü Yıl Universiteti və Kırıkkale Universitetinin Tibb fakültələrində Ümumi cərrahiyyə kafedralarının təşkili üçün fəaliyyət göstərdim. Burada assistantların yetişdirilməsində, laparoskopik, qaraciyər və damar cərrahiyyəsinin təşkilində yaxından iştirak etdim. Türkiyə və Azərbaycanda ümumilikdə 10-a yaxın klinikada ümumi cərrahiyyə, laporaskopik cərrahiyyə və transplantasiya cərrahiyyəsinin yaradılmasında yaxından iştirak etmişəm.
- Nuru müəllim, 2019-cu ildə Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda həyata keçirilən və “Ginnesin rekordlar kitabı”na namizəd olan “Eyni anda 5 xəstəyə canlıdan qaraciyər köçürülməsi əməliyyatları”nın iştirakçışı və beynəlxalq eksperti olmusunuz. Bu əməliyyatda hansı uğurlara imza atıldı?
- İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutu ilə 10 ildən çoxdur davam edən yaxın əlaqələrimiz mövcuddur. Bu əlaqələrin həm mənim, həm də gənclərimizin inkişafında böyük rolu olub. 20-dən çox azərbaycanlı gənc Malatya şəhərində qaraciyər transplantasiyası ilə bağlı ixtisaslaşma keçib. Bu gənc həkimlərimiz Bakıya geri qayıtdıqdan sonra 2010-cu ildə Mərkəzi Gömrük Hospitalında ölkəmizdə ikinci qaraciyər transplantasiyası mərkəzini qurmağa müvvəffəq olmuşuq.
Hazırda bu əlaqələr yüksək səviyyədə davam etdirilir. Elmi və praktiki sahədə 5-ə yaxın elmi tədqiqat işi Qaraciyər Transplantasiyası İnstitutu ilə birgə icra olunur. Qaraciyər Transplantasiyası İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasındakı əlaqələr son illər daha da inkişaf etməkdədir. Bu əməkdaşlıq əlaqələrinin inkişafında İnönü Universitetinin rektoru, professor Əhməd Kızılay və Qaraciyər Transplantasiyası İnstitutunun baş direktoru, professor Səzai Yılmazın böyük əməyi və dəstəyi, eyni zamanda Azərbaycan Tibb Universitetinin sabiq rektoru, akademik Əhliman Əmiraslanov və universitetin hazırki rektoru, professor Gəray Gəraybəylinin mühüm xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycan Tibb Universiteti professor Səzai Yılmazı ATU-nun, İnönü Universiteti isə məni bu universitetin “Fəxri professor”u kimi qəbul edib.
Eyni anda 5 xəstəyə canlıdan qaraciyər köçürülməsi əməliyyatı iki baxımdan böyük əhəmiyyətə malikdir. Birincisi, bu əməliyyat Qaraciyər Transplantasiyası İnstitutunun maddi-texniki baxımdan geniş imkanlara malik olduğunu göstərir. Bu əməliyyatdan sonra İnstitutun dünyada nüfuzu daha da artdı. Dünyada bu adla adlandırılmış yeganə institut olan Qaraciyər Transplantasiyası İnstitutunda Türkiyədə bu ilin yanvar ayında baş vermiş zəlzələyə qədər ildə 300-ə yaxın qaraciyər transplantasiyası əməliyyatı icra olunub. Bu göstəricilərə görə, institut dünyada birinci pillədə dayanırdı və Cənubi Koreyanın Seul Xəstəxanasından öndə idi.
Digər tərəfdən, son illər dünyada qaraciyər transplantasiyalarına ehtiyac sayı artsa da, donorların sayı yetərli deyil. Əsasən canlıdan transplantasiya mümkün olan ölkələrdə donor çatışmazlığına daha çox rast gəlinir. Qeyd edim ki, bəzən donor olmaq istəyən şəxslər donorluq üçün uyğun olmurlar. Bu zaman həll yollarından biri çarpaz köçürülmə adlandırılan əməliyyatlardır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, iki xəstə üçün müraciət edən və donorluğu uyğun gəlməyən şəxslər uyğunluq olarsa digər xəstəyə donor olurlar və beləliklə, donor mübadiləsi həyata keçirilir. Lakin bu zaman sonradan imtina etmə məsələləri olmaması üçün iki əməliyyat birgə icra olunmalıdır. Buna baxmayaraq, hazırda bir çox klinikalarda bu əməliyatların birgə aparılması üçün imkanlar mövcud deyil.
Qaraciyər Transplantasiyası İnstitutu bu baxımdan olduqca geniş maddi-texniki imkanlara malikdir. Beş xəstə üzərində eyni anda çarpaz nəql əməliyyatının icra olunması buna əyani sübutdur. Bu əməliyyat 5 çarpaz nəqli eyni anda həyata keçirməyin mümkünlüyünü göstərdiyi üçün “Ginnesin rekordlar kitabı”na salınıb. Qeyd edim ki, çarpaz nəql əməliyyatlarına Qaraciyər Transplantasiyası İnstitutunda 2019-cu ildə başlanılıb və bugünədək də davam etdirilir.
- Yetişdirdiyiniz cərrahlar hazırda Azərbaycanda və dünyada laparoskopik cərrahiyyənin inkişafında və geniş tətbiqində mühüm rol oynayırlar. Bu sahədə elmi və praktiki fəaliyyətə yeni başlayan gənc tədqiqatçı-həkimlərə tövsiyələriniz nələrdir?
- Yetişdirdiyimiz cərrrahlar dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, Niderland, Fransa, Rusiya, Çin və ABŞ-da fəaliyyətlərini uğurla davam etdirir və ölkəmizi dünyada layiqincə təmsil edirlər. Biz də tələbələrimizin qazandıqları müvəffəqiyyətləri öz uğurlarımız kimi qəbul edərək qürur hissi keçiririk.
Gənc tədqiqatçı-həkimlərə çox çalışmağı və yaradıcı olmağı arzu edirəm. Düşünürəm ki, yaradıcılıq bir alimin mütləq xüsusiyyətlərindən olmalıdır. Süni intellekt texnologiyalarının ortaya çıxması ilə bir çox peşələrin aradan qaldırılması insanların yaradıcı fəaliyyətlə məşğul olmasını zəruri edir. Tədqiqatlar göstərir ki, insanların gələcək sənəti, peşəsi rutin işləri görməkdən daha çox yaradıcı işlərlə bağlı olacaqdır.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.