AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın olduqca aktual mövzuya həsr edildiyini bildirib.
Seminarda Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri, b.ü.f.d. Taleh Yusifov çıxış edib. Məruzəçi qeyd edib ki, ion kanalları ionların sürətli axını ilə bioelektrik siqnallarını formalaşdırır: “Bioelektrik siqnal mexanizmi biokimyəvi yollarla birlikdə orqanizmdə fundamendal fizioloji prosesleri tənzimləyir. Sinir impulsunun keçiriciliyini, sinaptik ötürülməni, ürək və skelet əzələlərinin fəaliyyətini təmin edir. Qan axını və qan təzyiqini, damar keçiriciliyini, qan-damar sistemində bir çox fundamental prosesləri tənzimləyir. Bioelektrik siqnallarda olan dəyişikliklər bir çox ağır xəstəliklərin, o cümlədən xərçəng xəstəliklərinin əlamətlərini yaradır. Bioelektrik siqnallarla idarə olunan xərçəng vəziyyəti bioelektrik funksiyasının tənzimlənməsi ilə normal vəziyyətə gətirilə bilər. Bioelektrik siqnal mexanizminin manipulyasiyası xərçəng xəstələri üçün yeni bir müalicə strategiyası ola bilər”.
Məruzə dinlənildikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının professoru, f.-r.e.d., prof. Rövşən Xəlilov, Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, b.ü.f.d., dos. Sevinc Cəfərova, b.ü.f.d. Mürsəl Dadaşov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.
Seminarın sonunda O.Qasımov maraqlı və məzmunlu məruzəyə görə Taleh Yusifova iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.