Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Teymur Kərimlinin 70 yaşı tamam olur
02.10.2023 10:15
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimlinin 70 yaşı tamam olur

Bu gün görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı və təbliğatçısı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, AMEA-nın Mə­­həmməd Füzuli adı­na Əlyazmalar İns­ti­tu­tu­nun baş direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Teymur Kərimlinin 70 yaşı tamam olur.

Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olub. O, 1970-ci ildə orta mək­tə­bi qı­zıl medalla, 1975-ci ildə Bakı Döv­­­­­lət Universi­te­tinin Filologiya fakültəsini fərqlənmə diplo­mu ilə bi­­­­­tir­miş, 1977-1980-ci illərdə Azərbaycan SSR EA-nın Nizami Gəncəvi adı­­­­na Ədəbiyyat İnstitutunun əyani aspi­rantura­sında təh­­sil almışdır.

1983-cü ildə “Nizamidə tari­xin ro­mantik qav­rayışı (“Yeddi gözəl” poe­ması üzrə)” mövzusunda namizədlik, 2004-cü ildə “Niza­mi yaradıcılığın­da ta­rixi şəx­­siyyət və tarixi hadisə ideya-es­tetik qa­yə­nin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2007-ci ildə professor elmi adı almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Teymur Kərimli əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayonunda müəllim kimi başlamış, 1977-ci ilədək or­­ta məktəb­də dil və ədəbiyyat fənnini tədris etmişdir. Uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İns­titutun­da fə­a­liyyət göstərən alim, Orta əsrlər Azər­­baycan ədəbiy­yatı şöbəsinə rəh­bərlik etmiş, 2002-ci ildən el­mi işlər üzrə direktor müavini vəzi­fə­sində çalış­mış, 2002-2003 və 2012-2013-cü illərdə institutun direktoru vəzifəsi­ni icra etmişdir.

Akademik Teymur Kərimli 2014-2020-ci illərdə AMEA-nın Huma­ni­tar Elmlər Bölməsinin aka­de­­mik-katibi və­zi­­fə­sində çalışmış, səmərəli elmi və elmi-təşkilati fəaliyyəti ilə humanitar elmlərin inkişafına sanballı töhfələr vermişdir. Alim 2018-ci ildən AMEA-nın Humanitar Elmlər Bölməsi Elmi şurasının sədr müavinidir. O, 2014-cü ildən AMEA-nın Mə­­həmməd Füzuli adı­na Əlyazmalar İns­ti­tu­tu­nun direktoru, 2021-ci ildən isə baş direktoru vəzifəsində çalışır. 

2016-cı ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, 2018-ci ildən UNESCO-nun “Dünya yaddaşı” proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, 2021-ci ildən İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) “İslam əlyazmaları” jurnalının Redaksiya Heyətinin, 2022-ci ildən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) üzvüdür.

1990-2020-ci illərdə “Elm” nəş­riy­ya­tı­nın baş redaktoru işləyən alim “Mol­la Nəsrəddin” və “Füyu­zat” jur­nal­larının la­tın qrafikası ilə kitab şəklində nəşr­lərinin re­dak­toru olmuşdur. Onun rəhbərliyi ilə Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının Azərbaycan və fars dillərinə tərcüməsi, “Görkəmli şəxslərin avtoqrafları və epistolyar irsi” layihələri icra olunmuş, 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu nəşr edilmişdir.

Akademik Teymur Kərimli müasir Azərbaycan ədəbiyyatşünaslığının, bütövlükdə milli humanitar elmi fikrin tanınmış nümayəndəsidir. Çoxşaxəli elmi yaradıcılığa malik olan Teymur Kərimlinin peşəkar tədqiqat sahəsi  qədim və orta əsrlər Azərbaycan ədəbiyyatıdır. Onun elmi əsərləri Azərbaycanın klassik irsinin, xü­su­si­lə Xaqani, Nizami, Nəsimi, Füzulinin və digər klassiklərin yaradıcılıqlarının müasir nəzəri-metodoloji baxışlar sistemi əsasında  tədqiqinə həsr olun­muş­dur.

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri içərisində dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi akademik Teymur Kərimlinin elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Nizami Gəncəvi yaradıcılığının Azərbaycan ədəbi düşüncəsinin ayrılmaz bir hissəsi olmasının sübutu istiqamətində alimin xidmətləri vardır. O, bir nizamişünas alim kimi dahi şairin Azərbaycana bağlılığını əsaslı dəlillərlə arqumentləşdirməklə yanaşı, bu ideyaların respublikamızda və xaricdə populyarlaşdırılması yolunda da uğurla fəaliyyət göstərir.

Bir sıra monoqrafiyaların, ümumtəhsil mək­təb­­­lərinin X sinifləri üçün “Ədə­biyyat” dərsliyinin (həmmüəl­lif) və 200-dən artıq elmi məqalənin mü­əl­li­fi­dir. Onun xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunan elmi məqalələrinə tanınmış ədəbiyyatşünaslar dəfələrlə istinad etmişlər.

Akademik Teymur Kərimli “Heydər Əli­yev və klas­sik ədəbiyyat” araşdırma­sına gö­rə Azərbaycan Respublikasının Dövlət mü­ka­fatı laureatı olmuşdur (2010). Görkəmli alim Əl-Fərabi adına Qazax Milli Universitetinin yubiley medalı (2018), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi” (2019), Serbiya Kral Akademiyasının təsis etdiyi “İvo Andriç” medalı (2019), TÜRKSOY-un “Nizami Gəncəvi” medalı (2021), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” xatirə nişanı (2021), Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təsis etdiyi “Əlişir Nəvai” (2023) medalı ilə təltif edilmişdir. O, dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: