Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2023 14:05
  • A-
  • A
  • A+

“Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin 9-cu beynəlxalq elmi konfransı öz işinə başlayıb

“Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin 9-cu beynəlxalq elmi konfransı öz işinə başlayıb

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin 9-cu beynəlxalq elmi konfransı öz işinə başlayıb.

Tədbiri girişi sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafına töhfə verən, geologiyanın aktual problemlərinin müzakirə olunduğu ənənəvi beynəlxalq konfransın bu il əlamətdar tarixə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini bildirib. Qeyd edib ki, müasir Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyev görkəmli siyasətçi və dövlət xadimi kimi bütün həyatını ölkəsinin inkişafına və çiçəklənməsinə həsr edib.

Ulu Öndərin bütün sahələrə, xüsusilə gənclərlə işə daim diqqət yetirdiyini deyən akademik Akif Əlizadə hələ sovet hakimiyyəti illərindən başlayaraq məhz Ümummilli Liderin qayğısı sayəsində Azərbaycan elminin və təhsilinin sürətlə inkişaf etdiyini, bir çox gəncin ittifaqın aparıcı universitetlərinə təhsil almağa göndərildiyini söyləyib. Akademik bildirib ki, məhz həmin gənclər Ulu Öndərin uzaqgörənliyi sayəsində peşəkar kadr kimi formalaşaraq ötən illər ərzində Azərbaycanın inkişafına xidmət ediblər.

Gənc alim və tələbələrin konfransının 2005-ci ildən etibarən təşkil olunduğunu deyən akademik Akif Əlizadə hər tədbirin müəyyən elmi problemə həsr edildiyini, builki konfransın “Geoinformatika, georesurslar, geoekologiya” kimi aktual məsələləri əhatə etdiyini vurğulayıb: “Bu gün geoinformatikasız addımlamaq qeyri mümkündür. Geoekologiya gəlincə isə, baş verən ekoloji fəaliyyətlər, iqlim dəyişiklikləri bu sahəni olduqca aktuallaşdırır və ciddi elmi addımların atılmasını zəruriləşdirir”.

Akademik Akif Əlizadə konfransın Elm və Təhsil Nazirliyinin, BP-nin, SOCAR-ın və “AzerGold” QSC-nin dəstəyi ilə keçirildiyini, 10 ölkədən (Türkiyə, Özbəkistan, Rusiya, Misir, Belarus və digər) 30-dan çox xarici gənc alim və tələbənin iştirak etdiyini diqqətə çatdırıb, tədbirin azərbaycanlı gənclərin xarici həmkarları ilə görüşməsi, fikir mübadiləsi aparması və təcrübələrini bölüşməsi baxımından önəmli olduğunu vurğulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında beynəlxalq konfransın özünün mahiyyəti və əhəmiyyəti etibarı ilə Prezident İlham Əliyevin ölkəmizdə apardığı elm və gənclər siyasətinin həyata keçirilməsinə xidmət edən önəmli hadisə olduğunu bildirib. Qeyd edib ki, konfransın mövzusu istiqamətinə görə həm dünya, həm də Azərbaycan elminin müasir reallıqlarını əks etdirir və Geologiya və Geofizika İnstitutunun “Heydər Əliyev İli”nə böyük töhfələrindən biridir.

“Konfransın mövzusu bu gün bütün dünyanı düşündürən və həlli vacib olan aktual məsələlərdəndir. Geologiya və Geofizika İnstitutunun baş direktoru, görkəmli alim, akademik Akif Əlizadənin müxtəlif ölkələrdən alim və tələbələri Azərbaycana dəvət etməsi, geologiyanın aktual problemlərinin beynəlxalq miqyasda müzakirəsi yüksək təqdirəlayiqdir. Bu, Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dünyaya inteqrasiyası istiqamətində atdığı mühüm addımlara Geologiya və Geofizika İnstitutunun verdiyi növbəti töhfədir”.

Beynəlxalq konfransın ölkəmizin aparıcı şirkətləri tərəfindən dəstəklənməsini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli sahibkarlarla etibarlı dialoqun qurulmasının, alimlərin layihələrinin maliyyələşdirilməsinin ümumilikdə Azərbaycan elminin inkişafına daha da təkan verəcəyini söyləyib.

Beynəlxalq konfransda gənc alimlərlə yanaşı, tələbələrin də iştirakının olduqca əhəmiyyətli hadisə olduğunu bildirən AMEA prezidenti bu addımın elmdə davamlı gələcəyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“AMEA-da son aylarda gənc alimlərlə bağlı xüsusi proqram həyata keçirilir. Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-da çalışan gənc alimlər üçün mükafat təsis olunub. Həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr olunan “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq ilk dəfə 1 nömrəsi ingiliscə olmaqla 4 nömrəsi çap ediləcək və artıq ingilis dilində buraxılış çapa göndərilib”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

AMEA prezidenti gənclər istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə, o cümlədən Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Vasif Babazadə, BP şirkətinin Xarici işlər üzrə meneceri Günəş Əliyeva və “AzerGold” QSC-nin nümayəndəsi Şahəddin Musayev çıxış edərək konfransın olduqca aktual mövzuya həsr edildiyini, bu sahədə problemlərin həllinə, ixtisaslı gənc alim və tələbələrin yetişdirilməsinə töhfə verəcəyini söyləyiblər.

Qeyd edək ki, konfrans oktyabrın 13-nə kimi davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: