Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Böyük İpək Yolunda Azərbaycan - tarix və perspektivlər
16.10.2023 17:15
  • A-
  • A
  • A+

Böyük İpək Yolunda Azərbaycan - tarix və perspektivlər

İnsanlar və toplumlar arasında ünsiyyət yollardan başlanır. Tarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmışdır. Tarixin müxtəlif dönəmlərində baş verən işğallar qədim yolları müəyyən dərəcədə dağıtsa da, nəticədə yeni şəhər və inzabati mərkəzlər salınmış, yolların istiqaməti dəyişmişdi. Ancaq köhnə yollar zaman - zaman öz fəaliyyətini davam etdirmişdir. Belə yollardan biri də, bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən “Böyük İpək Yolu” olmuşdu.

E.ə. II əsrdən etibarən Çindən qərb istiqamətində ticarət karvanlarınınhərəkət etməsi xariciticarət əlaqələrinin yaranmasına səbəb olmuş, Çin malları, xüsusilə də Çin ipəyi beynəlxalq bazarlara yol tapmışdı. Çindən ixrac olunan əsas əmtəə ipək olduğu üçün bu yol “İpək Yolu” adlanmağa başlanmışdı.

Qeyd edək ki, “İpək Yolu” və “İpək marşrutu” terminləri ilk dəfə 1868–1872-ci illərdə Çinə səyahət etmiş alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən işlədilmişdir.

Çin qaynaqlarında “İpək Yolu”nun tarixi haqqında olduqca əhəmiyyətli məlumatlara rast gəlinir. Avropa mənbələrində isə “Böyük İpək Yolu”nu ilk dəfə II əsrin tanınmış coğrafiyaçısı və astronomu Klavdi Ptolomey təsvir etmişdi. O, özündən əvvəlki qaynaqlardan istifadə edərək dünyanın dəniz və quru yollarının çox cüzi səhvliklə koordinatlarını verə bilmişdi.

İlk dövrlərdə Şərq-Qərb əlaqələrinin yaxınlaşması prosesində əlaqələndirici amil rolunu oynayan “Böyük İpək Yolu” Çin imperiyasının paytaxtı Canandan başlayaraq, Siyandan Lau-çjou vasitəsilə Dunxuana çataraq iki qola ayrılırdı: Şimal yolu Turfandan (Şərqi Türküstan) keçib Pamir dağları vasitəsilə Fərqanəyə və Qazaxıstan çöllərinə doğru uzanır, cənub yolu isə Labnor gölünün yaxınlığından Təklə-Məkan dağlarının cənub qurtaracağı ilə Yarkənd və Pamir dağlarının cənubu ilə Baktriyaya, oradan Parfiyaya və Hindistana gedir, Yaxın Şərq vasitəsilə Roma əyalətlərinə çatırdı.

“Böyük İpək Yolu”nun tarixinin ilkin dövrlərində bu yolda ağalıq etmək uğrunda Çin, Hun, Kuşan, Sasani, Bizans və Roma dövlətləri arasında daima mübarizə getmiş, VI əsrdə isə bu mübarizəyə Böyük Türk xaqanlığı da qoşulmuşdur.

“Böyük İpək Yolu”nun fəaliyyətinin ilkin dövrlərindən başlayaraq İpək yolunun ən intensiv hərəkət istiqamətlərindən biri də Azərbaycandan keçirdi. Çin və Hindistandan başlayan bu yol, Orta Asiyadan keçərək Xəzər dənizinin cənubi ilə Azərbaycan ərazilərində davam edir, burada iki qola ayrılaraq - bir istiqamət Kür çayı boyunca İberiya və Kolxida istiqamətində, digəri isə şimal istiqamətində Xəzər dənizinin qərb sahili boyunca Dərbənddən keçib Qara dənizin şimal hissəsindəki Yunan şəhər koloniyalarına çatırdı.

Qədim odlar yurdu Azərbaycan hələ antik dövrlərdə “Böyük İpək Yolu” zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan ticarət yollarının buradan keçməsi Azərbaycanın bölgənin siyasi və iqtisadi inkişafında önəmli rolunu artırırdı.

“Böyük İpək Yolu”nun beynəlxalq əhəmiyyəti VII-X əsrlərdə, ərəb-müsəlman dövlətinin Çin və Hindistandan İspaniyaya qədər geniş bir ərazini öz hakimiyyəti altında birləşdirdiyi dövrdə daha da artmışdı. Dövrün mənbələrində xilafət ərazisindən keçən ipək yolunu bir-birinə bağlayan mərkəz kimi xilafətinin əsas şəhəri olan Bağdadın əhəmiyyəti xüsusi qeyd olunur. Bağdaddan müxtəlif istiqamətdə ayrılan yollar mərkəzi imperiyanın ən ucqar bölgələrini birləşdirməklə yanaşı, Şərqə və Qərbə doğru davam edərək, qədim İpək yolunun əhəmiyyətini daha da artırıdı. Bu yolun üstündə yerləşən Dəməşq, Antakiya, Rey, Təbriz, Nişapur, Mərv, Buxara, Səmərqənd və b. şəhərlər xilafətin mədəniyyət və əmtəə istehsalı mərkəzləri kimi şöhrətlənmişdi.

X əsrdə İslam dünyasının – Hindistan və Orta Asiyadan başlayaraq İspaniya da daxil olmaqla Atlantik okeanına qədər – çox geniş əraziləri əhatə edən 21 xəritəsi tərtib olunmuşdur. İbn Vahb (IX əsr), Əl-Yaqubi (X əsr), əl - İstəhri (820-934), İbn Fədlan (X əsr), Əl-Məsudi (X əsr), İbn Havqəl (X əsr), Müqəddəsi (X əsr), Yaqut əl - Həməvi (XII əsr) kimi ərəb səyyah və coğrafiyaçıları İpək yolunun erkən orta əsrlər dövrü üçün çox maraqlı məlumatları öz əsərlərində əks etdirmişlər. XIV əsr ərəb səyyahı və coğrafiyaşünası olan İbn Bəttutə bir çox ticarət şəhərlərini gəzmiş, şahidi olduğu bu şəhərlərin həyatı haqqında çox maraqlı fikirlər yazmışdır.

Xilafətin mühüm vilayətlərindən olan Azərbaycan da bu yollar vasitəsi ilə dövrün beynəlxalq ticarətinə qovuşaraq, Azərbaycanın hələ qədim zamanlardan xarici aləmlə mövcud olan iqtisadi, mədəni və siyasi əlaqələrinin daha da genişlənməsinə səbəb olmuşdur.

Səlcuqlar və Monqollar dövründə İpək yolu ilə aparılan ticarətin inkişafı üçün geniş imkanlar açılaraq Şərq-Qərb arasında əlaqələr daha da genişlənmişdi.

XIV əsrdən etibarən böyük bir siyasi coğrafiyanı və iqtisadi ticarət şəbəkəsini özündə cəmləşdirən Osmanlı dövləti də Böyük İpək yolunun inkişafında əhəmiyyətli dərəcədə rol oynamışdı.

Sonrakı dövrdə “Böyük İpək Yolu”nun keçdiyi ölkələrdə baş verən siyasi və iqtisadi dəyişikliklər, xüsusilə də 1498-ci ildə Avropadan Hindistana birbaşa dəniz yolunun kəşf edilməsi dünya ticarət yollarınınistiqamətində müəyyən dəyişikliyə səbəb oldu. Dəniz yolunun kəşfi Qərb dünyasını Uzaq Şərqlə bağlayan quru yol əlaqələrinin zəifləməsinə səbəb oldu. Həmçinin Avropa ölkələrinin Amerika ilə əlaqələrinin genişlənməsi Aralıq və Qara dənizin beynəlxalq ticarətdəki əvvəlki mövqeyini zəiflətdi. Bu dövrdən başlayaraq Şərq-Qərb ticarət əlaqəsində Volqa-Xəzər su yolunun əhəmiyyəti ön plana çıxdı. Bir sözlə, böyük coğrafi kəşflər “Böyük İpək Yolu”nun əhəmiyyətinə nəzərəçarpacaq dərəcədə mənfi təsir etdi.

Qeyd edək ki, Volq-Xəzər ticarət yolunun aktivləşməsi Şərq-Qərb ticarətində xəzər ətrafı dövlətlərdən biri olan Azərbaycanın da iqtisadi və ticari əhəmiyyətini önə çıxarmışdı.

Osmanlı imperiyası ilə siyasi və iqtisadi rəqabət mühitində olan Azərbaycan Səfəvi dövləti Avropa ölkələri ilə ticarət əlaqələrini qaydaya salmaq üçün Volqa-Xəzər yoluna və Hörmüz vasitəsilə Avropaya gedən okean yoluna daha çox meyil göstərməyə başladı.

Volqa-Xəzər ticarət yolunun fəallaşması, XV-XVI əsrlərdə əlverişli liman kimi Bakının əhəmiyyəti artmağa başlamış, bu liman vasitəsilə Xəzərsahili ölkələrlə ticarət mübadiləsi genişlənmişdir.

Orta əsrlər dövründə Azərbaycan şəhərləri içərisində aparıcı mövqedə olan Şamaxı, Quba, Bakı, Gəncə, Naxçıvan, Təbriz, Nuxa və s. şəhərlər böyümüş, əsas ticarət mərkəzlərinə çevrilmişdilər. Avropadan Asiyaya mal aparan tacirlər əksər vaxtlar bu şəhərlərdə öz mallarını satır, xammal, yaxud digər məhsullarla dəyişirdilər.Bu dövrdə Azərbaycan ərazisindəki ticarət mərkəzləri Avropa-Asiya ticarət əlaqələrinin həyata keçirilməsində də mühüm rol oynayırdı. XV əsrdə Azərbaycan hökmdarı Həsən padşah Bayandur Avropa ticarət əlaqələrinə çox böyük əhəmiyyət verirdi. Bu siyasətin davamı olaraq Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Səfəvi də babası Həsən padşah kimi Qərb ölkələri ilə Qaraman, Suriya, Rodos, Kipr, Burasa, İstanbul vasitəsilə iqtisadi-ticarət əlaqələr saxlayırdı.

Qeyd edildiyi kimi, Volqa - Xəzər ticarət yolunun əhəmiyyətinin artması, əsasən XVIII əsrin 40-cı illərindən etibarən  Şərq ilə Qərb ölkələri arasında ən rahat yol sayılan Volqa-Xəzər ticarət yolunda hakim mövqe tutmaq uğrunda İngiltərə və Rusiya arasındakı rəqabəti gücləndirdi. Çünki bəhs olunan dövrdə bütün Cənubi Qafqaz və Xəzərin cənub sahillərində 3 əsas xam ipək mərkəzi mövcud idi. Bunlardan biri paytaxt Rəşt olmaqla Gilanda, ikincisi paytaxt Şamaxı olmaqla Şirvanda, digəri isə paytaxt Gəncə olmaqla Ərəş mahalında yerləşirdi. Hazır mallar üçün əlverişli bazarlar isə Azərbaycan şəhərləri idi. Azərbaycanın şəhərləri Şərq ilə Qərb arasında coğrafi nöqteyi-nəzərdən əlverişli mövqe tutur, tranzit ticarətində mühüm rol oynayırlar. Həmçinin Volqa - Xəzər ticarət yolunda Azərbaycanın liman şəhərləri olan Dərbənd, Niyazabad, Bakı, Lənkəran böyük iqtisadi əhəmiyyət kəsb edirdi.

Bu dövrdə İngiltərə Xəzər ticarət yolundan əldə olunacaq gəliri heç vəchlə Rusiyaya güzəştə getmək istəmirdi. İngilislər üçün Xəzər ticarətinin diğər əhəmiyyəti də ondan ibarət idi ki, İspaniya və Fransa ilə münasibətlərin pozulması konteksində İngiltərənin toxuculuq sənayesi xammalsız qala bilərdi. Məhz buna görə də, İngilislər belə bir vəziyyətin qarşısını almağın yeganə yolunu Volqa-Xəzər ticarəti yolundan istifadə etməkdə görürdülər.  Lakin həmin dövrdə Xəzər dənizi ticarətində hakim mövqe tutmaq uğrunda İngiltərənin apardığı siyasət ingilislərin tam məğlubiyyəti ilə nəticələnmişdi.

Müasir dövrdə də “Böyük İpək Yolu” öz aktuallığını qoruyan və gündəmdə olan ən vacib məsələlərdən biridir. “Böyük İpək Yolu”nun bərpasına dair ilk addımlar hələ 1991-ci ildə atılmış, 1993-cü ildən etibarən isə bu sahədə əməli işlər görülməyə başlanmış, həmin ilin mayında bu istiqamət üzrə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” proqramı qəbul olunmuşdu. 1998-ci il sentyabrın 7-8-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “Böyük İpək yolu” beynəlxalq konfransı keçirildi. Bu konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edərək Avro-Asiya nəqliyyat dəhlizi məsələləri və perspektivləri müzakirə olundu.

Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri, bu neft strategiyasının davamı olaraq Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində “Böyük İpək Yolu”nun –şaxələnməsi istiqamətində həyata keçirilmiş  Bakı – Tibilisi – Ceyhan əsas ixrac neft boru kəməri, TANAP və TAP qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avro-Asiya nəqliyyat dəhlizinin əsas sütunları sırasındadır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın mövcud olan zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yolunda əlverişli coğrafi mövqedə yerləşməsi, onun dünya birliyində nüfuzunun güclənməsinə imkan vermişdir. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasında körpü rolunu oynayan “Böyük İpək Yolu”nun bərpası Azərbaycan qarşısında yeni inkişaf üfüqləri açmaqdadır. Bu tarixi İpək yolunun bərpası, Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək edəcəkdir.

“Böyük İpək Yolu” nun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində, onun mənəvi oyanışı və inteqrasiya prosesində misilsiz rola malikdir. Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən Zəngəzur dəhlizinin perspektivləri Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaqdır.

Ümumiyyətlə, “Böyük İpək Yolu” və Şərq-Qərb enerji dəhlizi sisteminin yaranması, mövcud və perspektivli nəqliyyat dəhlizləri XXI əsrin qlobal tarixi hadisələrindən biridir. Müasir dövrdə Avropa və Asiyanın mərkəz hissəsində yerləşən və 34-dən artıq dövlətin ərazisindən keçərək onları birləşdirən bu tarixi ipək yolunun əhəmiyyəti ölçüyəgəlməzəhəmiyyətə malikdir.

Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

“525-ci qəzet”

  • Paylaş: