AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “İskəndərnamə. Şərəfnamə-İqbalnamə” kitabının türk dilinə ilk tərcüməsinin təqdimat mərasimi keçirilib. Mərasim institutda Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilmiş beynəlxalq konfrans çərçivəsində baş tutub.
Azərbaycan, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Türkiyə alimlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə açıb və çıxış üçün sözü əsərin tərcüməçisi və “Ön söz” müəllifi, Atatürk Universitetinin professoru Nimet Yıldırıma verib. N.Yıldırım çıxışında orijinal, yəni fars dilindən türk dilinə tərcümə edərək ərsəyə gətirdiyi kitab haqqında məlumat verib. Bildirib ki, Nizaminin ən son qələmə aldığı, İskəndərin həyat hekayəsinin təfərrüatlı və bədii şəkildə təqdim olunduğu bu əsərdə tarixi, mədəni və bir çox ədəbi və mifoloji elementlər cəmlənir, dahi şairin İskəndərinin özünün üç əsas xüsusiyyəti ilə - sərkərdəliyi, müdrikliyi və peyğəmbərliyi ilə fərqlənməsi diqqət çəkir.
Çıxışının sonunda müəllif kitabın təqdimat mərasiminin keçirildiyi Əlyazmalar İnstitutunun rəhbərliyinə, dəvət aldığı möhtəşəm konfransın təşkilatçılığına görə həmin institutun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin əməkdaşlarına, kitabın ərsəyə gəlməsində dəstək göstərən Nizami Gəncəvi Vəqfinə və bu tədbirdə iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirib.
Təqdimat mərasimində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Folklor İnstitutunun, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və bir sıra başqa elmi-tədqiqat müəssisələrinin alimləri çıxış edib, yeni nəşrin müəllifi Nimet Yıldırıma elmi və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin sonunda iştirakçıların xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.