Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Akif Əlizadə gənc alimlər üçün nəzərdə tutulan lektoriyaların əhəmiyyətindən danışıb, özünün elmi və həyat təcrübəsinə istinadən lektoriya məzmunlu tədbirləri misal gətirib. Sonra təqdimat üçün sözü Təbiət Tarixi Muzeyinin direktoru biologiya üzrə fəlsəfə, doktoru Tariel Eybatova verib.
“Bioloji təkamülə sistemli yanaşma” mövzusunda təqdimat reallaşdıran məruzəçi biologiya tarixində təkamül nəzəriyyəsi, sintetik təkamül nəzəriyyəsi və onun əsas müddəaları, canlı orqanizmlərin öyrənilmə və quruluş səviyyələri, təkamül və inqilab, ləng inkişaf və sıçrayış, sinbiogenez nəzəriyyəsi, homeotik genlər, endosimbioz, ekzosimboz və biologiya aləminin digər istiqamətlərindən görüntülər əsasında təqdimat edib. Alim gomeozisli mutasiyalar, qeyri-genetik miras sistemləri, irsiyyətin ekoloji sistemi haqqında ətraflı məlumat verib. O, ekoloji sistemi barədə danışarkən bildirib: “Konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir ki, heyvanlar biogeosenoz məkanında öz həyat fəaliyyətinin izlərini buraxaraq, hər bir yeni nəslin üzərində yerləşən resurslarla ərazidən istifadəni asanlaşdıran “uzunömürlü siqnallar” (yuvalar, deşiklər, cığırlar, tullantıların yığılması və s.) formalaşdırır”.
Alim, həmçinin təkamülün istiqamətləri və yolları, geoloji tədqiqatların yeni metodları, paleo və arxeo genetika, DNT-nin araşdırma tarixi və onun 21 variantda formaları haqqında ətraflı məlumat verib.
T.Eybatov İnsan Genomon layihəsi (HGP) barədə məlumat verərək diqqətə çatdırıb ki, bu artıq başa çatmış beynəlxalq tədqiqat layihəsidir. Ondan məqsəd insan DNT-sini təşkil edən əsas cütləri müəyyən etmək, həmçinin insan genomonunun bütün genlərini fiziki olaraq təyin etmək, xəritələşdirmək və ardıcıllıqla tərtibdən ibarət idi. Bu layihə indiyə qədər biologiya sahəsində həyata keçirilən ən böyük beynəlxalq bioloji layihə olaraq qalır.
Məruzəçi Azərbaycanda paleogenetikanın perspektivləri, Binəqədi IV Dövr flora və fauna tapıntı yeri, ölkəmizdə arxeogenetikanın perspektivləri, Binəqədidə onurğalı heyvan qalıqlarının DNT-nin təcrid edilməsi təcrübəsinə də geniş yer ayırıb.
Geniş təqdimatdan çox qısa 3 nəticə çıxaran alim diqqətə çatdırıb ki, bioloji təkamül sistemli formada həyata keçirilir; biologiya elmi inkişaf edir, lakin bu günə qədər Nəzəri Biologiyanın (Riyazi Biologiya) ümumi prinsiplərini yaratmaq mümkün olmayıb; biologiyada modelləşdirmə və riyaziyyatın istifadəsi bioloji sistemlərin çox yüksək mürəkkəbliyinə görə çətindir. Böyük maraqla qarşılanan təqdimatda çoxsaylı suallar cavablandırılıb.
Akademik Akif Əlizadə sonda faktlar və elmi informasiyalarla zəngin təqdimat üçün Tariel Eybatova təşəkkür edib, növbəti ildə lektoriyaların siyahısının tərtibilə bağlı gənc alimlərin təklif və arzularının da nəzərə alınacağını diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.