AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan folklorunda təbiət kultu” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun Elmi katibi fil.ü.f.d., dos. Elçin Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, qeyd olunan məsələlər bütün elm sahələri, o cümlədən humanitar və ictimai elmlərin də qarşısında mühüm vəzifələr müəyyənləşdirir.
Daha sonra məruzələr dinlənilib. Fil.ü.f.d., dos. Elçin Abbasov “Aşıq poeziyasında dağ (Aşıq Şəmşirin yaradıcılığı əsasında)” mövzusunda məruzə edib. Məruzədə folklor düşüncəsində yenilməzlik, güc-qüvvət rəmzi sayılan, türk xalqlarının tapındığı ilkin təbiət varlıqlarından olan dağ kultunun Aşıq Şəmşir yaradıcılığında təzahür formalarından bəhs olunub, dağı bilavasitə insanla vəhdətdə poetikləşdirən aşığın ona canlı bir varlıq kimi müraciət etməsi vurğulanıb.
İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Elçin Qaliboğlunun “Folklorda təbiət və insan probleminə baxış” mövzusunda məruzəsində qeyd olunub ki, xalqımızın folklorunda, adət-ənənə, mərasim və rituallarında insanla təbiətin birliyi özünü göstərir. Bu, təbiidir: insan təbiətdədir, bütün hadisələr təbiətdə baş verir. İnsanın halı, halsızlığı, xeyirliyi, şərliyi təbiətdə ifadəsini tapır.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Şakir Albalıyev “Təbiətin oyanış bayramı – Novruz” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, xalqımızın milli-mənəvi dəyərlər sistemində önəmli yer tutan, birlik, həmrəylik bayramı olan Novruz hər bir kəsi yaz fəslinin harmoniyasına girməyə təhrik edir. Yəni təbiətin oyanışını əks etdirən yaz fəslinin – sosial statusda Novruz bayramının əsas qayəsi insanlara, dünyaya, bəşəri aləmə həmrəylik duyğuları aşılayır. Bu həmrəylik təbii aləmlə ictimai aləmin vəhdətini nəzərdə tutan və bütün kainatı vahid bir auraya, nizamlı inkişafa, xoş gələcəyə, xoşbəxt dünya düzəni qurmağa dəvət edən monolit, sarsılmaz birliyə çağırışdır.
Sonra institutun Klassik folklor şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Aynur Hüseynovanın “Türk mifologiyasında su stixiyası ilə bağlı obrazlar” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, türk mifologiyası və folklorunda yaradıcı başlanğıc sayılan su stixiyası ilə bağlı “Abi-həyat”, yəni “Dirilik suyu”, “Su əyəsi” obrazları öz izlərini mifoloji mətnlərdə müxtəlif şəkillərə uğramış biçimdə saxlamış, Yer-Sub və Öləng obrazları geniş yayılmışdır.
Mifologiya şöbəsinin böyük elmi işçisi Aydın Mustafayev “Türk etnomifoloji düşüncəsində insan-təbiət münasibətləri” mövzusunda məruzə ilə çıxış edərək, ümumtürk mədəniyyətində qədim tarixi köklərə söykənən bitki – ağac kultundan söz açıb. Məruzədə əski Azərbaycan, Altay və başqa türk xalqlarının etnik-mədəni ənənəsinə görə ağac kultuna əcdad mifi səviyyəsində yanaşıldığı, ona xüsusi ehtiram ifadə edilərək sakral münasibət bəslənildiyini vurğulanıb.
Elektron xidmətlər şöbəsinin müdiri Vüsal Abıyev isə “Azərbaycan uşaq oyunlarında günəş kultunun təzahür formaları” mövzusunda məruzə edərək, özündə yüksək dinamizmi, eləcə də xalqın erkən dünyagörüşünü ehtiva edən uşaq oyunlarının bir qismində arxaik günəş miflərinin izlərinin qorunduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.