Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2023 17:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Bu da nida!” adlı tədbir keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru, “Şöhrət” ordenli akademik Teymur Kərimli çıxışında 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildirib ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Rusiya EA M.Qorki adına Dünya ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri, şair, yazıçı, publisist, görkəmli ictimai xadim, fil.e.d. Abuzər Bağırov çıxışında iştirakçıları möhtəşəm Zəfər günü münasibətilə təbrik edib, Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan xalqının dəstəyi ilə tarixi ədaləti bərpa etdiyini qeyd edib. Natiq çıxışının sonunda ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr etdiyi “Zəfər nəğməsi” poemasından bir parçanı oxuyub.

Tədbirin bədii hissəsində Əlyazmalar İnstitutunun əməkdaşları Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə, Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova və Elektron xidmət şöbəsinin böyük laborantı Fəridə Rzayeva çıxış edərək, akademik Teymur Kərimlinin müəllifi olduğu “Şuşanamə” kitabından möhtəşəm qələbəmizi vəsf edən şeirlər səsləndiriblər.

Tədbir çərçivəsində musiqisi Abbas Bağırova, sözləri Bayram Yusifova məxsus “Ali Baş Komandanım” rəsmi zəfər marşı səsləndirilib və musiqisi Əli Behbudzadəyə, sözləri isə Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Cabbarzadəyə məxsus “Azərbaycan bayrağı” adlı musiqili video kliplər nümayiş olunub.

Tədbirin bağlanış mərasimi “Xudayar təsnifi”nin sədaları altında keçirilib, daha sonra iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Bu da nida!” başlıqlı kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: