Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2023 19:41
  • A-
  • A
  • A+

AMEA-da akademik Cahangir Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib

AMEA-da akademik Cahangir Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Mərkəzi Elmi Kitabxanada Azərbaycan hüquq elminin görkəmli nümayəndəsi, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, AMEA-nın həqiqi üzvü Cahangir Kərimovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransdan öncə akademik Cahangir Kərimovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, akademik Cahangir Kərimov keçmiş SSRİ-də və müstəqillik illərində dövlət və hüquq nəzəriyyəsi üzrə tanınmış elm xadimlərindən biri olub. Diqqətə çatdırıb ki, görkəmli alimin hüququn aktual problemlərinə həsr olunmuş əsərləri bu elmin zənginləşməsində və bu sahədə yeni elmi istiqamətlərin açılaraq tədqiqata cəlb edilməsində mühüm rol oynamışdır. Akademik Cahangir Kərimovun dövlət və hüquq nəzəriyyəsi, hüququn fəlsəfəsi, hüququn psixologiyası, hüququn kibernetikası və digər istiqamətlərdə əsərlərinin bu gün də aktuallığını qoruduğunu deyən akademik İsa Həbibbəyli görkəmli alimin həm də keçmiş SSRİ-də və müstəqillik illərində yeni kadrların hazırlanması işinə misilsiz töhfə verdiyini söyləyib.

“Akademik Cahangir Kərimov Peterburq hüquq məktəbinin banisi, həm ölkəmizdə, həm də Rusiyada hüquq elminin inkişafına sədaqətli xidmət etmiş görkəmli alimdir. O, daim Azərbaycanla, bu sahədə tanınmış alimlərimizlə ünsiyyətdə olmuş, hüquq elminin aktual problemlərinə dair fikir mübadiləsi aparmışdır. Azərbaycanın bütün alimləri kimi, akademik Cahangir Kərimov da sovet hakimiyyəti illərində və müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatələnmişdir. Akademik Cahangir Kərimov AMEA-nın həqiqi üzvü kimi Akademiyanın illik Ümumi yığıncaqlarında iştirak etmiş, öz fikirləri ilə ölkəmizdə elmin inkişafına töhfə vermişdir və bütün bunlara görə görkəmli alimin yubileyinin qeyd edilməsi mənəvi borcumuzdur”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra çıxış edən Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, akademik Taliya Xabriyeva tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu tədbir həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də Rusiya Elmləri Akademiyası üçün olduqca əhəmiyyətlidir.

O, daha sonra REA-nın prezidenti, akademik Gennadi Krasnikovun adından salamlama məktubunu səsləndirib. Məktubda akademik Cahangir Kərimovun həyat və fəaliyyəti, məşğul olduğu elmi-tədqiqat sahələri, zəngin irsi haqqında ətraflı bəhs edilib, görkəmli alimin hüquq elminin inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsində xidmətləri sadalanıb.

Gələn ilin fevralında Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinin keçiriləcəyini bildirərək Taliya Xabriyeva həm akademik Cahangir Kərimovun keçdiyi həyat yolunun, həm də AMEA-nın tarixinin bu nəhəng yolun bir hissəsi olduğunu vurğulayıb və akademik Gennadi Krasnikovun adından AMEA rəhbərliyini REA-nın 300 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib.

Konfransda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professoru İlham Məmmədzadə “Akademik Cahangir Kərimovun irsində fəlsəfə və hüquq haqqında”, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, REA-nın Rəyasət Heyətinin üzvü, müxbir üzv Aleksandr Savenkov “İnsan, alim, vətəndaş”, Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşünasları Assosasiyasının prezidenti, REA-nın akademiki İlham Rəhimov “Cahangir Abbas oğlu Kərimov haqqında xatirələr”, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov “Akademik Cahangir Kərimovun tədqiqatlarında hüququn fundamental problemləri” və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, akademik Cahangir Kərimovun oğlu, professor Aleksandr Kərimov “Atamla bağlı xatirələr: elmi yolun mərhələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək akademik Cahangir Kərimovun Azərbaycanda və keçmiş SSRİ-də hüquq elminin inkişafındakı rolundan danışıb.

Tədbirdə, o cümlədən akademik Cahangir Kərimovun nəvəsi, hüquq elmləri namizədi Kiril Nalyotov çıxış edərək babası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə minnətdarlığını bildirib.

Daha sonra bir qrup alimə “Akademik Cahangir Kərimovun 100 illiyi” yubiley medalı təqdim olunub.

Qeyd edək ki, tədbir boyunca, həmçinin akademik Cahangir Kərimovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: