Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında sözügedən müəssisənin şöbə və laboratoriyalar üzrə elmi və elmi-təşkilati hesabatlarının dinlənilməsi başa çatır.
İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institutun elmi fəaliyyəti qənaətbəxş olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə edilib və həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində nəzərəçarpacaq qədər əhəmiyyətli işlər görülüb. Akademik sonra sözü şöbə və laboratoriya müdirlərinə verib.
Akademik Əjdər Məcidov 2023-cü ildə aparılan elmi tədqiqat işlərindən ətraflı məlumat verərək bildirib ki, nəticə olaraq Polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatlar sintez edilib, eyni zamanda keçid metalların (Cu, Ni) kompleksləri əsasında bioloji aktiv maddələr və yüksək istilik keçiriciliyinə malik mikro/nano flüidlər hazırlanıb. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı çıxışında apardıqları tədqiqat işləri barəsində bildirib ki, cari ildə əməkdaşlarımız entropiya mühəndisliyi strategiyasına əsaslanmaqla sistemli tədqiqatlar nəticəsində argirodit ailəsi birləşmələri əsasında müxtəlif əvəzləməli bərk məhlullar almış və onları xarakterizə edərək bu birləşmələr əsasında yüksək termoelektrik effektivliyinə və qarışıq ion-elektron keçiriciliyinə malik yeni ekoloji təhlükəsiz funksional materialların alınmasının mümkünlüyü nətcəsinə gəlmişlər. Prof. Nizami Zeynalov çıxışında tədqiqat işlərinin nəticəsi olaraq xitozan əsasında yüksək sorbsiya xüsusiyyətlərinə malik olan adsorbentin alındığını qeyd etdi. AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev neft emulsiyalarının təmizlənməsi prosesləri üçün iki fərqli mexanizm işlənib hazırlandığını və bu mexanizmlər əsasında müxtəlif neft emulsiyalarının təmizləndirilməsi və saflaşdırılması prosesləri üçün fərqli effektiv texnologiyalar yaratmaq təklif olunduğunu, prof. Arif Heydərov Azərbaycan Respublikasında 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn məsələləri vurğulayaraq cari ildə əməkdaşlarımız tərəfindən tullantıların səmərəli idarə olunması istiqamətində Daşkəsən filiz hövzəsinin arsentərkibli tullantılarından arsenin tələbat həddinə qədər zərərsizləşdirilməsinin optimal şəraitinin tapıldığını, alınan nəticələrin “Ekologiya və ətraf mühit”lə məşğul olan təşkilatlara təklif edilməsi nəzərdə tutulduğunu dinləyicilərin nəzərinə çatdırdılar. Prof. Etibar İsmailov öz çıxışında tərkibində nanoölçülü FeOx (MnOx) hissəciklərinin və izolə olunmuş Fe3+ (Mn2+) ionlarının olduğu bentonit əsaslı sistemlərin CO2-nin C2+ karbohidrogenlərə hidrogenləşməsi reaksiyasının katalizatorları kimi rolunun tədqiq edildiyini, dəmir oksid hissəciklərinin ölçülərini və nəticə kimi maqnit halının monitorinqi bu tip katalizatorların istifadəsi ilə karbon dioksidin hidrogenləşməsi reaksiyasının mexanizmin müəyyən edilməsində ən mümkün üsullardan biri ola biləcəyini qeyd etdi.
Akademik A.Əliyev, prof. A.Məmmədov və laboratoriya müdirləri (AMEA-nın müxbir üzvü E.Zeynalov, prof. V.Əhmədov, prof. Ak.Əliyev, prof. E.Salahova, prof. A.Əfəndi, prof. İ.Bəxtiyarlı, prof. İ.Əliyev, k.e.d. İ.Lətifov, k.e.d. M.Munşiyeva, k.e.d. N.Əlizadə, və başqaları) çıxış ediblər.
Sonra akademik Dilqəm Tağıyev qeyd edib ki, 3 gün ərzində “Mineral xammalın kompleks emalı”, “Qeyri-üzvi funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları”, “Oksidləşdirici heterogen kataliz”, “Nano- və elektrokataliz”, şöbələrinə daxil olan laboratoriyaların hesabatları dinlənilmişdir. Qeyd olunan laboratoriyaların 2023-cü il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin hesabatlarının dinlənildiyini və məruzələr ətrafında geniş müzakirələr aparıldığını söylədi.
Akademik Dilqəm Tağıyev hesabatlar barəsində fikirlərini bölüşərək bildirdi ki, cari ildə Azərbaycan Respublikasında 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tullantıların səmərəli idarə olunması istiqamətində Daşkəsən filiz hövzəsinin arsentərkibli tullantılarından arsenin tələbat həddinə qədər zərərsizləşdirilməsinin optimallaşdırılması, polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatların sintezi, müxtəlif neft-karbohidrogen xammalının termiki pirolizi nəticəsində əmələ gələn maye yan məhsullar - pirolizin yüngül və ağır qətranlarının müştərək emalı nəticəsində yanacaq və yanacaq komponentlərinin sənaye miqyasında yeni, səmərəli texnoloji sxemin tətbiqi, müxtəlif təyinatlı yeni qeyri-üzvi funksional materialların istiqamətli sintezi, xitozan əsasında yeni yüksək sorbsiya xüssusiyyətlərinə malik olan maddələrin, müxtəlif mexanizmlər əsasında neft emulsiyalarının təmizlənməsi və saflaşdırılması prosesləri üçün effektiv texnologiyaların yaradılması kimi vacib elmi nəticələr əldə edilmişdir.
Akademik Dilqəm Tağıyev hesabatlar barəsində gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verdi. Alim qeyd edib ki, prioritet istiqamətlər üzrə innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi- tədqiqat işləri genişləndirilməlidir.
Sonda qeyd olunan laboratoriyaların hesabatlarının qəbul olunması haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.