Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2023 14:11
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dilçilik İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Professor bildirib ki, 44 Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

Nadir Məmmədli vurğulayıb ki, xalqımız Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşadı. İndi bütün dünya güclü Azərbaycan Ordusunun qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Hər birimiz Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anırıq.

Sonra institutun icraçı direktoru, dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, professorlar Sevil Mehdiyeva, İlhami Cəfərsoy, dosentlər Xədicə Heydərova, Qüdsiyyə Qəmbərova, Qətibə Quliyeva əsgər və zabitlərimizin Vətən müharibəsi zamanı böyük vətənpərvərlik, fədakarlıq və igidlik nümunəsi göstərdiklərini vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: