Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2023 16:12
  • A-
  • A
  • A+

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda Zəfər Günü qeyd olunub

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda Zəfər Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun genişləndirilmiş Elmi şurasında Zəfər Günü qeyd olunub.

Tədbir vətən uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, 8 noyabr 2020-ci il tariximizin səhifəsinə şanlı qələbə günü kimi yazılıb. 3 il bundan öncə 8 noyabr tarixində qalib ordumuzun Müzəffər Ali Baş Komandanı Azərbaycanın tarixi şəhəri və mədəniyyət mərkəzi hesab edilən, mənəvi cəhətdən xalqımız üçün önəmli olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini elan etdi. Şuşa 28 ildən sonra mənfur düşmən işğalından azad olundu. Həmin tarixdən 2 gün sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbəsi, Ermənistanın isə Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyərək döyüş meydanında rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi. Akademik qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, mükəmməl ordu quruculuğu və xalq-prezident-ordu birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. 2020-ci ilin sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyidir.

Dilqəm Tağıyev vurğulayıb ki, həmin dövrdə işğal altındakı torpaqların azad edilməsi naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək Azərbaycan gəncliyinin amalına, məqsədinə çevrildi. Xalqımız öz igid övladlarının qəhrəmanlığını heç vaxt unutmayacaq və onlar Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək.

Akademik bildirib ki, 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Hazırda cənab prezidentin rəhbərliyi altında Qarabağda başlanan geniş bərpa-quruculuq işləri sürətlə davam edir, müxtəlif meqa layihələr həyata keçirilir, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Cənab Prezident  başladığı işləri yarımçıq qoymayaraq suverenlik və ərazi bütövlüyümüzün bərpası istiqamətində Vətən müharibəsindən sonrakı 3 il ərzində ardıcıl və qətiyyətli siyasət aparmış və bu 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Belə ki, 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Qarabağda kök salmış erməni terorçuları 1 sutka ərzində darmadağın edildi, qondarma rejim süquta uğradıldı. Bütün təzyiqlərə baxmayaraq Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Artıq Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, bütün Qarabağda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Azərbaycan respublikası öz ərazi bütövlüyünü bərpa etməklə sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Bizə bu tarixi yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin.

Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab Prezidentin Sərəncamı vardır.  Bununla əlaqədar institutda nəzərdə tutulan bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilib, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publistik məqalələri çap olunub. İnstitutda Heydər Əliyev guşəsi yaradılıb. Bu tədbirlərin davamı kimi institutda cari ilin sentyabr ayında gənc alim və mütəxəssislər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqənin keçirilməsi üçün elan verilib, qalibləri müəyyənləşdirmək üçün komissiya yaradılıb. Komissiya tərəfindən iddiaçıların son 5 ildə apardıqları elmi tədqiqatların nəticələrinin əks olunduğu məqalələr, patentlər, ictimai fəaliyyət və s. parametrlər üzrə bal sistemi üzrə qiymətləndirmə aparılmış və qaliblər müəyyən edilib. Sonra qaliblərə (10 nəfər) sertifikat və pul mükafatı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: