Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2023 09:45
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Zəfər günü qeyd olunub

Radiasiya Problemləri İnstitutunda Zəfər günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şanlı zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini deyib. Sonra institutun Qarabağ müharibəsində iştirak edən əməkdaşlarını təbrik edərək sözü onlara verib.

Müharibə iştirakçısı olan əməkdaşlardan Ramin Qəribov, Samir Mustafayev və Səfa Ələkbərli cəbhə xatirələrini danışıb, 44 günlük müharibədə keçdikləri yola nəzər salıblar.

Tədbirdə institutun icraçı direktoru Rəvan Mehdiyeva tarixi zəfərimizin 3-cü ildönümünə müstəqilliyimizin tam və qəti bərpası ilə gəlməyimizdən, Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasının milli qürurumuzun təntənəsinə çevrilməyindən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməyindən danışıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün daha da güclənən, yeniləşən, müasirləşən rəşadətli Azərbaycan ordusuna layiqli, savadlı əsgərlər böyütməyin hər birimizin müqəddəs borcu olduğunu söyləyib.

Tədbirin sonunda universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə Xankəndidə başlamış qərbi azərbaycanlı, f.e.d. Bəxtiyar Nəcəfov o dövrün reallıqlarından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: