Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Nazim Məmmədovun 70 yaşı tamam olur
07.11.2023 09:54
  • A-
  • A
  • A+

Akademik Nazim Məmmədovun 70 yaşı tamam olur

Bu günlərdə tanınmış fizikaçı alim, Dövlət mükafatı laureatı, AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Spektroskopik ellipsometriya laboratoriyasının rəhbəri,  fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Nazim Timur oğlu Məmmədovun 70 yaşı tamam olur.

Nazim Timur oğlu Məmmədov 5 noyabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu “yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə bitirmişdir. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan SSR EA-nın Fizika İnstitutunda başlayan Nazim Məmmədov müvafiq olaraq baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Alim 2013-2020-ci illərdə   AMEA-nın Fizika İnstitutunun direktoru, 2015-2020-ci illərdə isə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi və AMEA Rəyasət Heyətinin üzvü olmuşdur.

Akademik Nazim Məmmədov 1994-2005-ci illər ərzində Yaponiyanın bir sıra universitetinin professoru kimi elmi tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmuşdur. O, Yaponiya Tətbiqi Fizika Cəmiyyətinin üzvü, İCTMC Beynəlxalq Konfrans komitəsinin sədridir.

Akademik Nazim Məmmədov bərk cisimlər fizikası sahəsində görkəmli alim və elm təşkilatçısıdır. O, təcrübi və nəzəri olaraq ilk dəfə bərk cisim elektron sisteminin işıq şüasına dielektrik cavabının öyrənilməsinə spektroellipsometrik yanaşmanı tətbiq etmiş, aşağıölçülü bərk cismin nüvə altsisteminin radiotezlikli şüaya reaksiyasını müəyyənləşdirmişdir. Alim fiqurların qiratsiyalı mühitlərdə nöqtəyə yığılması effektini öncədən irəli sürərək eksperimental olaraq nümayiş etdirmiş, solitonabənzər quruluşlu aşağıölçülü sistemlərin işıqla induksiyalanmış rekord yaddaş effektinə və nəhəng termoelektrik hərəkət qüvvəsinə malik olduğunu, oxşar materialların nanodizaynının nanolövhə və nanoçubuqlar şəklində mümkünlüyünü göstərmişdir. O, defekt quruluşlu monoatom nanonaqillərin Fermi səviyyəsi ətrafında buraxma spektrini tədqiq etmiş, ilk dəfə nəzəri və təcrübi olaraq Dirak nöqtəsi Fermi səviyyəsi yaxınlığında yerləşən dolu topoloji elektron səviyyələri ilə yanaşı, Dirak nöqtəsi keçirici zonada yerləşən boş topoloji elektron səviyyələrin də mövcudluğunu müəyyənləşdirmişdir.

Akademik Nazim Məmmədov tərəfindən tallium selenid növ kristalların anizotrop səthində topoloji izolyatorlara xas olan Dirak konusundan fərqli müstəvi və piramida şəkilli xətti dispersiyaya malik səth elektron halları aşkar edilmişdir. Nəzəri olaraq, proqnozlaşdırılmış antiferromaqnit topoloji izolyator fazanın mövcudluğu onun tərəfindən laylı üçqat birləşmədə quruluş, maqnit, bucaqayırdetmə fotoelektron spektroskopiyası ölçmələri ilə sübut olunmuşdur.

Akademik Nazim Məmmədov ümumilikdə 370 elmi əsərin, 4 müəlliflik şəhadətnaməsinin, 1 respublika və 2 xarici patentin müəllifidir. O, bir sıra beynəlxalq və yerli qrant layihələrinin, elmi tədqiqat proqramlarının qalibi olmuşdur. Onun rəhbərliyi ilə 15 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.

Akademik Nazim Məmmədov 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri fərmanı, 2020-ci ildə Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatına layiq görülmüşdür. Alim, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalları ilə təltif olunmuşdur. O, 2019-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilmişdir.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: