Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2023 11:28
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında Zəfər Günü qeyd olunub

Yüksək Texnologiyalar Parkında Zəfər Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, icraçı direktoru Zaur Nəhmətov, eləcə də texnoparkın və onun rezidentlərinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə YTP-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunub, texnoparkın kollektivi Ulu Öndərə ehtiramlarını ifadə ediblər. 

Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, haqq və şərəf işimiz olan Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşən, Vətən, xalq yolunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarabağ müharibələrində YTP əməkdaşlarının da iştirak edib,şücaət göstərdiyi diqqətə çatdırılıb. Belə ki, YTP-nin birinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları baş direktor Abbasov Vasif Bilal oğlu, aparıcı mütəxəssis Allahverdiyev Mübariz Qüdrət oğlu, elektrik montajçı Soltanov Əsəd Əkbər oğlu, İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşı şəbəkə administratoru Azayev Qurbanəli, eləcə də, şəhid ailələri Heydərov Rahim Rafiq oğlu və Nəcmətdinov Əzizağa İslam oğlu qeyd olunub.

Tədbirdə çıxış edən YTP-nin baş direktoru V.Abbasov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun zəfər qazanmaqla şanlı tarix yazdığını vurğulayıb. Baş direktor qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərini tam, Xocavənd, Ağdərə və Xocalı rayonlarını isə qismən azad etmişdir. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktına bərabər bəyanatı imzalamış və bununla da Azərbaycan böyük Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoymuşdur.

“Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın Prezidentimizin ətrafında bir yumruq kimi birləşməsi nəticəsində qazanılan Zəfər millətimizin əbədi iftixarıdır”, - deyən V.Abbasov bu Qələbənin Azərbaycan xalqının bütün ruhunu dəyişdiyini, vüqarını artırdığını, xalqımızın milli ləyaqət hissini daha yüksək mərtəbəyə qaldırdığını diqqətə çatdırıb.

V.Abbasov cari ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları ilə qələbəmizin tamamlanması nəticəsində Zəfər bayramının bu il daha böyük sevinclə qeyd edildiyini bildirib. O, şəhidlərimizin və qazilərimizin şücaətinin gələcək nəsillərə ötürüləcəyini, tarix boyu yaddaşımızda silinməz olaraq qalacağını vurğulayıb. Həmçinin bildirilib ki, müharibənin başladığı ilk günlərdən etibarən qəhrəman ordumuza müxtəlif formalarda dəstəyini nümayiş etdirən YTP cəbhə bölgəsində düşmənə qarşı döyüşən, ərazi bütövlüyümüzün bərpası üçün mübarizə aparan əməkdaşlarının ailələrinə yardım göstərib.

Tədbirdə YTP-nin icraçı direktoru Z.Nəhmətov və digərləri çıxış edərək Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduqlarını qeyd ediblər. Bildirilib ki, dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.

Daha sonra Texnoparkın baş mühəndisi Rahim Heydərov çıxış edərək Müzəffər Ali Baş Komandana xalqın inamından, müdrik siyasətindən söz açıb. Bildirilib ki, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkildi və bundan sonra ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz daim inkişaf edəcəkdir.

Texnoparkın əməkdaşları həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış YTP-nin rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun şərəfli döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: