Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2023 11:38
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Zəfər Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Gəncə Bölməsində Zəfər Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində Zəfər Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə iştirakçılar və qonaqlar Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə baxıblar. Gəncə Bölməsinin böyük konfrans salonunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransı giriş sözü ilə açaraq, iştirakçıları və qonaqları salamlayıb, bu tədbiri millətimiz üçün çox qürurlu və əziz bir tarixi an olan Zəfər Gününün şərəfli mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib.

Akademik Fuad Əliyev Zəfər Gününü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.

Konfransda Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru İmran Qasımov “Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılmış Zəfər Günü”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “İlahi və dünyəvi ədalətin təntənəsi-Qarabağ zəfəri”, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Şuşa zəfəri tarixi qələbəmizin qürur səhifəsidir”, Gəncə Bölməsinin Elmi katibi  Elnur Həsənov “Müzəffər Ali Baş Komandanın qələbəsi gənclər üçün örnəkdir”, Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Azərbaycanın qələbəsinin beynəlxalq geosiyasi təhlükəsizliyin təminatı proseslərində rolu”, Gəncə Bölməsinin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “Qarabağ zəfərinin müasir elmi ədəbiyyatlarda əks olunması” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Toplantıda, həmçinin Gəncə Bölməsi Həmkarlar təşkilatının sədri Nailə Hacıyeva da çıxış edərək, Bölmənin rəhbərliyinin qərarı ilə, burada çalışan, torpaqlarımızın bütövlüyü naminə birinci və ikinci Qarabağ müharibələrində döyüşmüş əməkdaşlara Zəfər Günü münasibətilə pul mükafatları verildiyini qeyd edib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Zəfər Gününə həsr edilən bu tədbirin yüksək səviyyədə keçirildiyini bildirib. O, akademik Fuad Əliyevin rəhbərliyilə Gəncə Bölməsinin şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduğunu qeyd edib.

Tədbirin yekununda Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev iştirakçılara çıxışlar təşəkkür edib, Azərbaycan tarixinin ən şərəfli anlarından olan Zəfər Günü münasibətilə bir daha təbriklərini çatdırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: