Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2023 15:12
  • A-
  • A
  • A+

MEK-də qazaxıstanlı yazarın I Qarabağ şəhidinə həsr etdiyi kitabının təqdimatı keçirilib

MEK-də qazaxıstanlı yazarın I Qarabağ şəhidinə həsr etdiyi kitabının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) qazaxıstanlı yazıçı, ictimai xadim və araşdırmaçı Nəsihə Gumarqızının I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazdığı “Yerbol - Qarabağ şəhidi” (“Ербол- шехид Карабаха”) adlı kitabının təqdimatı keçirilib.

Təqdimatda Azərbaycanın tanınmış ictimai xadimləri, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi, yazıçılar, döyüş yoldaşları, şəhid ailə üzvləri, o cümlədən şəhid Yerbolun qardaşı Nurbolu Turexanulı iştirak ediblər.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev müxtəlif dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanın əsrlərdir qardaşlıq diyarı kimi tanındığını, yaşadığı ölkədə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini vurğulayıb. “İstər Birinci Qarabağ müharibəsində, istər Aprel, Tovuz və 44 gün davam edən Vətən müharibəsində milli mənsubiyyətindən asılı olmayaraq hər kəs çiyin-çiyinə vuruşdu. Cəsarətli, qorxmaz gənc qazax oğlu haqqında yazılan bu kitab çox dəyərli yaddaşdır və bir azərbaycanlı olaraq igid Yerbolla qürur duyuram. O, bizim qəhrəmanımız, türk dünyamızın oğludur. O bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab MEK-in fondunda öz layiqli yerini tutacaq”,- deyə baş direktor qeyd edib.

Daha sonra kitabın müəllifi Nəsihə Gumarqızı çıxış edərək Azərbaycanın igid əsgər və zabitlərinin haqq-ədalət savaşında nümayiş etdirdiyi şücaətlərin onun qəlbində sonsuz qürur hissləri doğurduğunu, Azərbaycanın Qarabağdakı zəfəri, Şuşanın fəthi barədə hər yerdə, ən müxtəlif auditoriyalarda böyük həvəslə söz açdığını Qazaxıstan mətbuatında bu barədə tez-tez məlumatlar yazdığını vurğulayıb. “Bəli, Azərbaycan əsgəri yenilməz və qüdrətlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Azərbaycanın Qarabağdakı zəfəri bütün Türk dünyasının tarixi qələbəsidir”, - deyə müəllif qeyd edib.

Daha sonra “Yerbol - Qarabağ şəhidi” kitabı haqqında məlumat verən müəllif bildirib ki, bu kitab-albom gənc ömrünü könüllü olaraq qardaş Azərbaycan xalqına, işğal altında olan torpaqların erməni quldur dəstələrindən azad edilməsinə həsr edən Yerbol Barımbetovdan bəhs edir. Müəllif diqqətə çatdırıb ki, Yerbol Barımbetov Azərbaycan Respublikası Hərbi Komissarlığı vasitəsilə Azərbaycan ordusuna daxil olaraq diversiya-kəşfiyyat qrupunda kəşfiyyatçı olub. 19 yaşlı qazaxıstanlı dəfələrlə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Kəlbəcər, Tərtər, Murovdağ istiqamətində düşməni izləyib, 8 dəfə düşmən xətlərinin arxasında olub, mühasirəyə alınıb. Tərtər rayonunun müdafiəsində xüsusi rol oynayıb. Növbəti döyüş tapşırığı yerinə yetirərkən həlak olan Yerbol, onun döyüş yoldaşları, o cümlədən komandir, Milli Qəhrəman, polkovnik Eldar Ağayev Bakıda İkinci Fəxri xiyabanda dəfn olunublar.

Yerbolu unutmadıqlarına, xatirəsini ləyaqətlə yad etdiklərinə görə Azərbaycan xalqına, onun əsgər yoldaşlarına öz minnətdarlığını bildirən Nəsihə Gumarqızı bu kitabı Birinci Qarabağ müharibəsinin bütün şəhidlərinə, iştirakçılarına, bu müharibədə oğullarını itirmiş analara ithaf etdiyini vurğulayıb.

Sonda müəllifə və şəhidin qardaşına MEK adından dəyərli nəşlər təqdim edilib.

Qarşılıqlı müzakirələrlə davam edən tədbirdə iştirakçılar kitab haqqında öz təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: