Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.11.2023 15:23
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimat mərasimində çıxış edib

Akademik Teymur Kərimli Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimat mərasimində çıxış edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş, XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimat mərasimində iştirak edib.

Tədbirdə çıxış edən alim XX əsr Azərbaycan bədii nəsrinin inkişafında, elmi ədəbiyyatşünaslığın çağdaş səviyyədə formalaşmasında Mir Cəlal Paşayevin müstəsna xidmətlərindən danışıb, “Füzuli sənətkarlığı” monoqrafiyasının dünya füzulişünaslığında tutduğu yerdən bəhs edib. Qeyd edib ki, Füzuli poetikasının ən müxtəlif problemlərini tədqiqat obyektinə çevirən görkəmli ədəbiyyatşünas həmin elmi əsərində hər problem barədə yığcam, ancaq dərin məzmunlu və sonrakı tədqiqatlar üçün möhkəm elmi zəmin rolu oynayacaq fikirlərini izhar edib. Bununla da Mir Cəlal heç kəsə bənzəməyən orijinal araşdırıcılıq üsulu və mənbələrlə birbaşa işləməsi sayəsində Füzuli irsinin populyarlaşmasında əvəzedilməz xidmətlər göstərib, Azərbaycan füzulişünaslığının inkişafına böyük təkan verib.

Təqdimat mərasimində, həmçinin Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev, Qiesen Universitetinin dosenti, kitabın alman dilində nəşrinin müəllifi, şərqşünas-alim Mixael Raynhard Hess və Bakı Dövlət Universitetinin ədəbiyyatşünaslıq tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva çıxış edib, Mir Cəlalın “Füzuli sənətkarlığı” əsərinin alman dilinə ilk tərcüməsinin oxucular üçün əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, Azərbaycan füzulişünaslığının banisi Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının “Bibliotheca Academica” - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilən monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: