AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Akademik İsa Həbibbəyli Azərbaycanın Dövlət Himninin müəllifi, ilk milli Azərbaycan operasının, operettasının banisi, ilk milli simfonik orkestrın təşkilatçısı Üzeyir Hacıbəylinin yalnız möhtəşəm bəstələri ilə deyil, eyni zamanda Mollanəsrəddinçilərlə bir səviyyədə dayanan zəngin publisistikası ilə XX əsrdə xalqımızın maariflənməsində, vətənpərvərlik ruhda tərbiyə olunmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
“Azərbaycanın musiqi tarixində, eləcə də müsəlman və Türk dünyasında adı onunla bir səviyyədə çəkiləcək bəstəkar yoxdur. “Arşın mal alan” operettası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub. Onun doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi yüksək səviyyədə qeyd olunur. Bir sözlə, Üzeyir Hacıbəyli bizim milli iftixarımızdır. Bethoven, Motsart, Şopen, Şubert kimi bəstəkarlar dünyada böyük şöhrətə malik olsalar da, Üzeyir Hacıbəyli kimi çoxşaxəli fəaliyyəti olan bəstəkar yoxdur”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Dahi bəstəkarın zəngin bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının da həyatında mühüm rol oynadığını və 1945-ci ildə Akademiyanın 15 təsisçisindən biri olduğunu deyən natiq Üzeyir Hacıbəylinin Rəyasət Heyətinin üzvü seçildiyini, Azərbaycan musiqi elminə də böyük töhfələr verərək xalq musiqilərimizin nota köçürüldüyünü söyləyib. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Üzeyir Hacıbəyliyə məxsus əlyazmaların və onun şəxsi arxivinin mühafizə edildiyini diqqətə çatdırıb.
Bu günə qədər dahi şəxsiyyətin həyatı və yaradıcılığı ilə bağlı bir çox əsərlərin, məqalələrin işıq üzü gördüyünü söyləyən akademik İsa Həbibbəyli xüsusilə akademik Zemfira Səfərovanın bəstəkarın fəaliyyətini geniş tədqiq edərək nəinki ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdim etdiyini vurğulayıb. Lakin bununla yanaşı, Üzeyir Hacıbəylinin zəngin həyatını və çoxşaxəli fəaliyyətini tam əks etdirən kollektiv monoqrafiyanın hazırlanmasının zəruri olduğunu söyləyib: “İndiyə qədər Üzeyir Hacıbəyli haqqında yazan musiqişünaslar onun bəstəkarlıq fəaliyyətini, ədəbiyyatşünaslar isə ədəbi yaradıcılığını tədqiq ediblər. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini özündə əks etdirən ümumi bir əsərin, kollektiv monoqrafiyanın hazırlanmasına ehtiyac var və bu, onun 140 illiyinə Azərbaycan elminin tarixi töhfəsi olacaq”.
Akademik İsa Həbibbəyli, həmçinin görkəmli bəstəkarın 140 illiyinin başda Türk dünyası təmsilçiləri olmaqla, xarici qonaqların iştirakı ilə böyük bir tədbirlə Akademiyada qeyd olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda ötən il AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxışının təşkil olunduğunu, cari ildə də oxşar tədbirin təşkil ediləcəyini bildirib.
Ölkə rəhbərliyinin Üzeyir Hacıbəylinin şəxsiyyətinə daim xüsusi diqqətlə yanaşdığını deyən akademik İsa Həbibbəyli Akademiyanın kollektivi adından bu Sərəncama görə dövlət başçısına minnətdarlığını bildirib, sözügedən sənədin müstəqilliyimizin verdiyi geniş imkanlar işığında dahi şəxsin yaradıcılığının yenidən tədqiq olunaraq gənc nəsillərə və dünyaya təqdim olunmasına imkan verəcəyini söyləyib.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması tapşırılıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfransın təşkil edilməsi qərara alınıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr edilmiş birgə monoqrafiyanın hazırlanması tapşırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.