Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2025 14:20
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında Ümummilli lider Heydər Əliyevin anadan olmasının102-ci ildönümü qeyd olunub

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında Ümummilli lider Heydər Əliyevin anadan olmasının102-ci ildönümü qeyd olunub

AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri - üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağı keçirilib.

İclası açıq elan edən Bölmənin sədri, Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev qeyd edib ki, iclasın gündəliyinə Heydər Əliyev və Azərbaycan kimya elminin perspektivləri, AR Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərəncamı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında, AR Prezidentinin 16 yanvar və 19 mart 2025-ci il tarixli sərəncamları haqqında, 2026-2030-cu illərdə KEB üçün “Yol xəritəsi” və onun icrası haqqında, hesabatların tərtibatı və təqdim olunma tarixləri haqqında və s. məsələlər daxil edilib.

Akademik qeyd edib ki, may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ulu öndər Heydər Əliyev Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi idi. O, elmə, alimə həmişə yüksək qiymət verirdi. Bu elm ocağının yeni yüksəlişi də məhz Heydər Əliyevin adı ilə bağlı idi. 70-ci illərdə akademiya onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı. "Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq", - Ulu öndərimizin dediyi bu sözlər bütövlükdə Azərbaycan elminə, akademiya əməkdaşlarına verilən ən yüksək qiymət, ən böyük məsuliyyət idi.

Birinci məsələ haqqında danışan akademik bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 4 aprel 2025-ci il tarixində sərəncam imzalamışdır. Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq.

Sonra akademik “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına toxunaraq qeyd edib ki, qəbul edilmiş sənəd dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcək. Konsepsiyanın əsas məqsədi rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin artırılması və nəhayətdə ölkə səviyyəsində rəqəmsal dövləti qurmaqdır - deyən alim bu sənədi elmi nöqteyi-nəzərdən yüksək qiymətləndirib, iclas iştirakçılarına Konsepsiyanın əsas müddəaları ilə yaxından tanış olmağı, bu sənəddən irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyi tövsiyə edib.

Sonra akademik ölkə başçısının 19 mart 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamına toxunaraq qeyd edib ki, Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə verilib. Akademik bildirib ki, süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət, etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması mümkündür. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcək.

Daha sonra akademik AMEA-nın 2025-2030-cu illərdə “İnkişaf strategiyası və yol xəritəsi”, Kimya Elmləri Bölməsinin verdiyi  təklifləri və bu dövrdə Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələrdən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasında 2030-cu ilə kimi sosial-iqtisadi inkişafın əsas prioritetlərini nəzərə almaqla kimya elmləri sahəsində dayanıqlı inkişafa nail olmaq üçün neft kimyası və üzvi kimya, kataliz və fiziki-kimya, qeyri-üzvi materialşünaslıq, polimerlər kimyası və kimya mühəndisliyi istiqamətlərini AMEA-nın “İnkişaf strategiyasında və Yol xəritəsi”ndə mühüm elmi tədqiqatlar sırasına aid etmək olar. Konkret olaraq yaxın 5 ildə “Yaşıl” enerji təhcizatçısına çevrilmək üçün prioritet istiqamətlər üzrə elmi tədqiqatlar, o cümlədən hidrogen energetikası, biokütlənin emal problemləri, “Yaşıl” və sirkulyar texnologiyaların yaradılması, ekoloji problemlərin həllinə, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji gərginlik yaradan tullantıların idarə olunması, zəhərli qazların zərərsizləşdirilməsi və s. sahəsində tədqiqatların artırılması, təbii və alternativ xammalın kimyəvi emalı üçün ekoloji təhlükəsiz texnologiyaların yaradılması, dekarbonlaşma və karbon-dioksidin istifadə yollarının araşdırılması, neft kimyası sənayesinin yan məhsullarının təkrar emalı və əlavə dəyər yaradan məhsullara çevrilməsi üçün innovativ həll yollarının  axtarılması, təbii qazdan kiçik molekullu olefinlərin və digər qiymətli məhsulların alınması üçün enerji qənaitli texnologiyaların yaradılması, “Yaşıl” dünya prinsiplərindən istifadə etməklə müxtəlif təyinatlı funksional materialların və fizioloji fəal birləşmələrin alınması kimi perspektiv tədqiqatlara üstünlük verilməlidir.

Sonra akademiklər Vaqif Fərzəliyev, Vaqif Abbasov, Adil Qəribov, AMEA-nın müxbir üzvü İslam Mustafayev və başqaları Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar, eyni zamanda iclasın gündəliyinə daxil edilən məsələlərə münasibət bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: