Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı Tədbirlər planı təsdiqlənib
11.02.2025 11:25
  • A-
  • A
  • A+

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı Tədbirlər planı təsdiqlənib

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı da təsdiqlənib.

Tədbirlər planında “AMEA-nın “Elm” nəşriyyatının Azərbaycan kitab mədəniyyəti tarixində rolu” mövzusunda elmi konfransın keçirilməsi, “Əsrin nəşrləri: elmin 100 illik yolu” adlı sərginin təşkili, “Elm” nəşriyyatının yaranması, formalaşması və inkişaf mərhələlərindən bəhs edən monoqrafiyanın nəşri, iki cildlik “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası” nəşrinin hazırlanması, “Elm” nəşriyyatı – 100” rubrikası ilə məqalələrin dərc etdirilməsi, “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş videoçarxın ərsəyə gətirilməsi və s. əksini tapıb.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin nəşri, elmi-tədqiqat xarakterli mətbuat orqanlarının yaradılması idi. Bakıda keçirilən Birinci Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair xeyli adda əsərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəzdə – yeni yaradılacaq nəşriyyatda toplanılmasını labüd edirdi. Bu məqsədlə ATTC-nin Mərkəzi Şurası Rəyasət Heyətinin 23 sentyabr 1925-ci il tarixli iclasında Nəşriyyatın məsələsi müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və professor Bəkir Çobanzadəyə həvalə edilmişdir.

Nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş, bu gün də həmin yüksək məqsədlərə xidmət göstərərək fəaliyyətini uğurla davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: