AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir və qiymətli nəşrlər fondunda 700-ə yaxın miniatür kitab mühafizə olunur. Bu kitabların böyük əksəriyyəti Moskva Mərkəzi Kitab Kollektorundan mübadilə yolu ilə əldə edilib. 1976 (31 nüsxə), 1977 (55 nüsxə), 1978 (50 nüsxə) 1979 (78 nüsxə), 1980-cı illərdə (80 nüsxə) daha çox miniatür kitab alınıb. 114 nüsxə miniatür kitab SSRİ dövrünə aiddir. Bütün dövrlərdə aktiv istifadə olunan məlumat xarakterli kitablar-müxtəlif dillər üzrə lüğətlər də sayca üstünlük təşkil edir (53 nüsxə).
Miniatür kitablar müxtəlif materillardan hazırlanıb. Məsələn, görkəmli rus şairi “Nikolay Nekrasov” kitabının üz hissəsi taxtadandır.
“Ermak” (400 il bundan əvvəl Sibirdə ilk məskən salanlara həsr olunub) adlı miniatür nəşrin üz qabığı parçadan, “Янтарный сказ” dəmirdən hazırlanıb. Miniatürlərin ölçüsü 13 sm, ən kiçiyinin isə 5 sm-dir.
Nadir və qiymətli nəşrlər fondunda “Экслибрис Азербайджана” kitabı da mühafizə edilir. Kitab nişanı mənasını verən “ekslibris” sözünün yaranma tarixi XVI-XVII əsrlərə təsadüf edir. Nişanların yaranması isə daha qədimlərə aiddir. Onlar ta qədimdən kitabın müəyyən nüsxə və ya hansı kitabxanaya məxsus olduğunu bildirib. Belə nişanlar kitab sahibinin peşəsini və maraq dairəsini ifadə edən müxtəlif təsvirlərdən ibarət olub, kitab cildinin içəri hissəsinə vurulurdu.
Bəşəri fikirlər müəllifi, dahi Nizami Gəncəvinin “Aforizmlər”, “Yeddi gözəl” poemasının miniatür nəşrləri də miniatür kitab kolleksiyasının qiymətli nəşrlərindəndir.
Kolleksiyada Məhsəti Gəncəviyə, Məhəmməd Füzuliyə aid miniatür nəşrlər də qorunur.
Molla Pənah Vaqif , Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Rəsul Rza, Nəbi Xəzri, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, “Mirzə Şəfi Vazehin lirikası”, “Dədə Qorqud”, “Koroğlu” və s. adda qiymətli nəşrlər kolleksiyanın incilərindəndir.
Rus ədəbiyyatının görkəmli şəxsiyyətlərindən A.S.Puşkin, Y.Lermontov, V.Mayakovski, M.Qorki, Anna Axmatova, V.Q.Belinski, D.Vısotskiyə aid kitablar, İlya Lif və Yevgeniy Petrovun “Zolotoy Тelenok” əsəri miniatür nəşrlər arasındadır.
Kolleksiya üçün digər xalqların ədiblərinə həsr edilmiş miniatür kitablar da alınıb. Bunlardan V.Şekspiri, Bayronu, Barataşvilini, Yanka Kupalanı və s. göstərmək olar.
Azərbaycan dövlətçiliyinə həsr olunmuş miniatür nəşrlər isə müstəqil ölkəmizin həyatına aid qiymətli siyasi əsərlərdir. Nəşrlər sırasında Ümummilli Lider Heydər Əliyevin elm və təhsil, dövlətçilik və azərbaycançılıq, mədəniyyət və incəsənət, ədəbiyyat, tarixin ayrı-ayrı dövrləri haqqında çox dəyərli və qiymətli kəlamları, həmçinin görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri fikirlərin yer aldığı “Qalib gəldi, qalib getdi” miniatür kitablar toplusu, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş, “Naxçıvan Muxtar Respublikası. 90 il”, “Heydər Əliyevin neft strategiyası”, Azərbaycan xüsusi xidmət orqanlarının 85 illiyinə həsr olunmuş “Azərbaycan Xüsusi Xidmətləri. 1918-1920”, “Azərbaycan fəxr edir”, “Dünya Azərbaycanlılarının Birinci Qurultayı”, “Akademik Zərifə Əliyeva”, “Akademik İsa Həbibbəyli” və digər kitablar öz əhəmiyyəti ilə seçilir.
İnsan zəkasının məhsulu olan nəşrləri nəsildən-nəsilə çatdırmaq kitabxanaların əsas fəaliyyət istiqamətlərindəndir. Kitab mədəniyyətinin təbliği məqsədi ilə Mərkəzi Elmi Kitabxananın Nadir kitablar və qiymətli nəşrlər fondunda saxlanılan bu unikal incilər qorunma qaydalarına uyğun şəkildə xüsusi hazırlanmış şüşə rəflərdə nümayiş etdirilir.
Sevil MƏMMƏDOVA, Nadir kitablar və qiymətli nəşrlər fondunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.