Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2023 11:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomologiya” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomologiya” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib

Mərkəzi Elmi Kitabxanada Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomologiya” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin sədr müavini, akademik Nərgiz Axundova açıb.  

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Ümumdünya Fəlsəfə Günü münasibətilə əməkdaşları təbrik edib. İlham Məmmədzadə AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin uzunmüddətli əməyinin bəhrəsi olan “Sufi fenomenologiya” adlı monoqrafiyası haqqında fikirlərini bölüşüb. Alim bildirib ki, böyük zəhmətdən doğan əsər olduqca maraqlı bir dildə yazılıb. Müəllif sufilik və fenomenologiya anlayışlarına aydınlıq gətirib, sistemlilik və fəlsəfi prinsiplərini məharətlə qoruyub. Professor İ.Məmmədzadə vurğulayıb ki, müəllif əsərdə sufizmin Şərqi, terminologiyanın isə Qərbi təmsil edən fəlsəfi cərəyan olduğunu bir daha sübut edib.

Təqdimat mərasimində İlahiyyat İnstitutunun rektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov çıxış edərək bildirib ki, müəllif sözügedən monoqrafiyada dünyanın tanınmış filosof alimlərinə müraciət edib və onlardan istinadlar gətirərək əsəri daha da zənginləşdirib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, Turizm və Menecment Universitetinin prorektoru, f.e.d., professor Zaur Bağırov, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, professorlar Əziz Əhmədov, Əli Abasov, Rəfiqə Əzimova, Roida Rzayeva, Bakı Dövlət Univeristetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kəmalə Pənahova, fəlsəfə elmləri doktoru Tahirə Allahyarova və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov çıxış edərək monoqrafiya haqqında fikir və mülahizələrini diqqətə çatdırıblar. Çıxış edənlər yeni işıq üzü görmüş əsəri fəlsəfə elminə yeni töhfə kimi qiymətləndiriblər.

Sonda AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tədbirin təşkilinə görə iştirakçılara və  çıxışçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: