Mayın 8-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında geniş məruzə ilə çıxış edib.
Hər bir xalqın həyatında tarixi şəxsiyyətlərin böyük rol oynadığını bildirən professor Qurban Yetirmişli Ulu Öndər Heydər Əliyevin ötən əsrin 60-70-ci illərdəki fəaliyyəti haqqında danışarkən bildirib ki, dahi liderin siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub. Həmin dövrə qədər Azərbaycanın ittifaq ölkələri arasında inkişaf tempinə görə sonuncu sıralarda yer aldığını bildirən baş direktor Ulu Öndərin siyasi hakimiyyətə gəlişindən sonra onun rəhbərliyi ilə respublikada böyük sənaye müəssisələrinin tikildiyini, kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirildiyini bildirib. Onun sözlərinə görə, heç bir sahə diqqətdən kənarda qalmırdı, hətta Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş sovet dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmışdı.
Professor Qurban Yetirmişli ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış siyasi xaos və o zamanki hakimiyyətin bacarıqsızlığının Azərbaycanın gələcək taleyini sual altında qoyduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının tələbi ilə Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. Məhz Ulu Öndərin siyasi iradəsi sayəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan dövləti inkişaf etdirilməyə başladı.
RSXM-nin baş direktoru AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaradılmasının və inkişaf etdirilməsinin də Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib.
2000-ci ildə Bakıda baş verən (Xəzər dənizi) 25 noyabr zəlzələsindən sonra Ulu Öndərin göstərişi ilə Azərbaycana ən müasir seysmik cihaz və avadanlıqların alındığını bildirən professor Qurban Yetirmişli cənab Prezident İlham Əliyev tərəfindən də mərkəzin fəaliyyətinin hər zaman diqqətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın ən müasir və geniş seysmik stansiyalar şəbəkəsi fəaliyyət göstərir: “Bu Möhtərəm Prezidentimiz İlham Əliyevin elmin, eləcə də seysmologiya sahəsinin inkişafına göstərdiyi diqqətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, bu sahədə də cənab Prezidentimiz tərəfindən Ulu Öndərin qoyduğu siyasət davam etdirilir”.
Baş direktor çıxışında, həmçinin Ulu Öndərin Qarabağın azad olunması sahəsindəki fəaliyyətindən və bununla bağlı onun vəsiyyətinin Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən yerinə yetirildiyini qeyd edərək, Azərbaycanın müstəqil və öz suverenliyini tam təmin edən ölkə olduğunu deyib. Professor Qurban Yetirmişli Ulu Öndərə Tanrıdan rəhmət diləyərək, onun xatirəsinin xalqımız tərəfindən hər zaman yaşayacağını və dərin ehtiramla yad edildiyini bildirib.
Daha sonra RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.