Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi, əməkdaşları, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru vəzifəsini icra edən, t.e.d., dosent Elxan Səbziyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən, ölkədə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətindən və şəhərsalma sahəsində müəyyən etdiyi strateji inkişaf istiqamətlərindən bəhs edib. O bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə memarlıq və şəhərsalma sahəsində mühüm layihələr həyata keçirilib, milli memarlıq ənənələrinin qorunması ilə yanaşı, müasir urbanizasiya prinsiplərinə əsaslanan inkişaf modeli formalaşdırılıb.
E.Səbziyev qeyd edib ki, bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin müxtəlif bölgələrində müasir infrastruktur layihələri, yeni yaşayış kompleksləri, sosial obyektlər və abadlıq-quruculuq işləri həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin Azərbaycanın şəhərsalma siyasətinin yeni mərhələsini təşkil etdiyi vurğulanıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanda memarlıq və şəhərsalma sahəsində həyata keçirilən inkişaf strategiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı olaraq ölkənin siyasi, iqtisadi və mənəvi inkişafında əvəzsiz xidmətlər göstərib. O vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb tarixi mərhələlərdən uğurla keçərək sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub.
Asif Əsgərli qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından taleyüklü hadisə olub. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edilib, qanunçuluq və dövlət idarəçiliyi prinsipləri gücləndirilib, milli birlik və həmrəylik mühiti formalaşdırılıb. Çıxış zamanı bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, iqtisadi potensialının artmasına və xalqın rifahının yüksəlməsinə mühüm töhfə verib.
O, xüsusilə vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası ölkənin iqtisadi inkişafında dönüş nöqtəsi olub. Bu strategiya nəticəsində Azərbaycanın enerji resursları dünya bazarına çıxarılıb, iri beynəlxalq layihələr həyata keçirilib və ölkəyə böyük həcmdə investisiyalar cəlb olunub. Bununla yanaşı, Ulu Öndərin sosial siyasəti çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına xüsusi diqqət yetirildiyi qeyd olunub.
Daha sonra çıxış edən institutun Cəbr və riyazi məntiq laboratoriyasının baş elmi işçisi, f.r.e.n., dosent Əli Babayev qeyd edib ki, Heydər Əliyev memarlıq və şəhərsalma sahəsini yalnız infrastruktur istiqaməti kimi deyil, həm də milli kimliyin və mədəni irsin qorunmasının vacib tərkib hissəsi kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində tarixi abidələrin bərpası, yeni yaşayış komplekslərinin salınması və şəhərlərin müasir görünüşünün formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi şəhərsalma siyasəti bu gün də uğurla davam etdirilir. Xüsusilə paytaxt Bakı ilə yanaşı, regionlarda aparılan abadlıq-quruculuq işləri, yeni parkların, sosial obyektlərin və müasir infrastrukturun yaradılması Azərbaycanın davamlı inkişaf strategiyasının əsas göstəricilərindən biridir. Ə.Babayev vurğulayıb ki, milli memarlıq ənənələrinin müasir üslubla uzlaşdırılması ölkənin memarlıq simasının daha da zənginləşməsinə şərait yaradır.
Sonda Elxan Səbziyev yekun nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlətçilik ənənələrinin təbliğində mühüm rol oynadığını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.