AMEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) AMEAKimya Elmləri Bölməsinin (KEB) növbəti iclası keçirildi.
İclasda KEB-in elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvüDilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, KEB elmi müəssisələri 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətlərini dövlət proqramlarına əsasən həyata keçiriblər.
Sonra AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Akif Əzizov institutun 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatla çıxış etdi. Bildirdi ki, institutda 5 istiqamət üzrə 8 problemi əhatə edən 18 mövzu üzrə 59 elmi-tədqiqat işi 42 mərhələdə aparılıb. İnstitutda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azadılması və davamlı inkişaf”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramları üzrə aparılan elmi-tədqiqat işləri davam etdirilib. Bundan əlavə, institutda AMEA tərəfindən maliyyələşdirilən “Bərpa olunan bitki mənşəli alternativ enerji mənbələri əsasında yanacaq və sürtkü yağları komponentləri almaq üçün katalitik sistemlərin yaradılması” və “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” elmi-texniki proqramlar üzrə işlər yerinə yetirilib.
A.Əzizov bildirdi ki, hesabat ilində 468 elmi əsər (5 kitab, 1 monoqrafiya, 251 məqalə, 207 tezis) çapdan çıxıb. Onlardan 75 məqalə və 116 tezis xaricdə nəşr olunub.
AMEA Kimya Problemləri İnstitutunun 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən direktor, akademik Ağadadaş Əliyevbildirdi ki, institutda 5 problem, 7 mövzu və 48 işi əhatə edən elmi tədqiqat işləri 57 mərhələdə aparılıb. İnstitutun əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2, AR Dövlət Neft Şirkətinin Elm Fondunun 3 qrantına layiq görülüblər. Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin qalibi olmuş “Metanın asetilenə katalitik oksidləşdirici çevrilməsi reaksiyasının öyrənilməsi” layihəsi üzrə elmi-tədqiqat işləri davam etdirilib.
Qeyd etdi ki, hesabat ilində 104 elmi əsər (2 kitab, 2 monoqrafiya, 100 məqalə) çapdan çıxıb. Onlardan 1 monoqrafiya və 57 məqalə xaricdə nəşr olunub. Hazırda İnstitutda 1 elmlər doktoru, 15 fəlsəfə doktoru və 9 dissertant hazırlanır.
AMEA Aşqarlar Kimyası İnstitutunun hesabat məruzəsi ilə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev institutda sürtkü yağları, yanacaq və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və bioloji-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənib hazırlanması, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması sahəsində fundamental tədqiqatların aparıldığını bildirib. İnstitutun alimləri tərəfindən 2013-cü ildə 4 qrant layihəsi üzrə elmi-tədqiqatlar aparılıb.
Hesabat ilində 43 məqalə, 67 tezis çapdan çıxıb. Onlardan 22 məqalə və 21 tezis xaricdə nəşr olunub. 15 məqalə impakt faktorlu jurnallarda dərc olunmuşdur. İnstitut alimləri qrant layihələrində iştirak etmiş, 2 qrant müsabiqəsinin qalibi olub.
AMEA Polimer Materialları İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev nəzərə çatdırıb ki, müəssisədə makromolekullar kimyası istiqamətində müxtəlif təyinatlı səciyyəvi xassələrə malik funksional oli¬qo və polimerlər, kompozisiya materiallarının yeni nəslinin yaradılması, ekoloji problemlərin həllinə dair 3 problem üzrə 4 möv¬¬zu¬da 18 mərhələdə elmi-tədqiqat işləri yerinə yetirilib. İnstitutda makromolekullarında funksional qrupları olan və müxtəlif məqsədli monomer, oliqomer, polimer və kompozisiya materiallarının səmərəli alınma üsullarının işlənib hazırlanması və müasir texnikanın əsas tələblərinə cavab verə bilən kompozisiya materiallarının yaradılması sahəsində bir sıra nəzəri və təcrübi əhəmiyyətə malik, elmtutumlu tədqiqat işləri davam etdirilir. İnstitutda 16 laboratoriya və 1 şöbə fəaliyyət göstərir.
Hesabat ilində institutda “Alifatik epoksid qətranının allil qlisidil efiri əsasında alınması prosesinin işlənilməsi” və “Epoksixlortərkibli oliqomerin ED-20 qətranı üçün fəal durulaşdırıcı kimi istifadəsi” istiqamətləri üzrə işlər yerinə yetirilib. İnstitut alimlərinin 51 elmi məqaləsi (6 xaricdə, 23 MDB-nin müxtəlif elmi jurnallarında) nəşr edilib. 117 məruzə-tezisi müvafiq simpozium və konfrans mate¬rial¬larında dərc olunub. Hazırda institutda 11 doktorant və 4 disser-tant təhsil alır.
Hesabatlarla bağlı müzakirələrdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademikTofiq Nağıyev, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Adil Qəribov, Vaqif Abbasov, Yavuz Rüstəmov və başqaları aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatları qənaətbəxş hesab etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.