Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2023 12:58
  • A-
  • A
  • A+

Bu gün akademik Səftər Quliyevin doğum günüdür

Bu gün akademik Səftər Quliyevin doğum günüdür

Akademik Səftər Quliyev neft quyuları qazılmasının elmi əsaslarını işləyib-hazırlayaraq sənaye miqyasında tətbiq edən azərbaycanlı alimlərin birincilərindən olub. 1936-cı ildə Qaraçuxur neft sahəsində quyular ilk dəfə Səftər Quliyevin rəhbərliyi altında çoxpilləli turbin qazıyıcısı ilə qazılıb. O, həmçinin neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır. Noyabrın 21-də Əməkdar elm xadimi, texnika elmləri doktoru, AMEA-nın həqiqi üzvü Səftər Quliyevin doğum günüdür.

AzərTac görkəmli akademik Səftər Quliyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır. Səftər Quliyev 1908-ci ildə Bakıda dünyaya göz açıb. 1925-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Texnoloji fakültəsinin mədən şöbəsinə qəbul olan Səftər Quliyev 1930-cu ildə ali məktəbi bitirəndən sonra Bakının neft mədənlərində qazma mühəndisi kimi çalışmağa başlayıb. O, “Qazma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə” mövzusunda namizədlik, “Neft quyuları üçün çınqıllı filtrlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Akademik Səftər Quliyev çox dərin qazmanın böyük bilicisi kimi də tanınıb. O, 1936-1938-ci illərdə Suraxanı mədən sahəsində məhsuldar qatın aşağı təbəqələrinə ilk, nisbətən dərin quyular qazılmasına rəhbərlik edib. Alimin 1956-cı ildə nəşr etdirdiyi “Çox dərin quyular qazılması təcrübəsi” monoqrafiyası keçmiş Sovet İttifaqında bu sahədə ilk əsər olduğu üçün böyük məmnunluqla qarşılanıb və xarici dillərə tərcümə edilib.

Səftər Quliyev neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır. O, baltaya oxboyu yükü, qazma kəmərinin aşağı hissəsinin ağırlığı hesabına yox, ağırlaşdırılmış qazma boruları vasitəsilə ötürülməsi fikrini ilk dəfə həyata keçirən alimlərdən biri olub.

İyirmi monoqrafiyanın, 170-dən çox elmi məqalə və dərsliyin müəllifi olan Səftər Quliyev “Əməkdar elm xadimi”, “SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülüb. O, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilib. Görkəmli alimin neft sənayesinin inkişafı üçün milli kadrların yetişdirilməsində də böyük əməyi olub.

Akademik Səftər Quliyev 1973-cü ildə Bakıda vəfat edib.

  • Paylaş: