Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.02.2025 11:00
  • A-
  • A
  • A+

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib

Bu gün böyük mütəfəkkirin doğum günüdür

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cü ildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsi ziyarət olunub.

Ədibin abidəsi önünə əklillər qoyulub və gül dəstələri düzülüb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Əfəndiyeva çıxış edərək böyük söz ustadı Əlişir Nəvainin həyat və yaradıcılığından ətraflı danışıblar. Qeyd olunub ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətəni kimi qəbul edilir, nəvaişünas alimlərimiz tərəfindən görkəmli ədibin yaradıcılığı ilə bağlı ölkəmizdə geniş tədqiqatlar aparılıb, əsərləri çap olunub, xalqımız böyük söz ustadının yaradıcılığını sevərək oxuyub.  

Həmçinin çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə olduğu kimi, elm sahəsində də uğurlu inkişafı xüsusi vurğulanıb, iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasına mühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

Ziyarətdə Azərbaycan və Özbəkistanın elmi-ədəbi ictimaiyyətinin nümayəndələri, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun türkoloq alimləri iştirak ediblər.

Qeyd edək ki, Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Onun şeirləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş, məşhur türk şairləri onu örnək bilmiş, təriflər yazmışlar. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Əlişir Nəvai elmi, sənəti, türkçülüyü və təsirləri ilə özünəməxsus mühüm yer tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: