Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun cari il üçün yekun hesabatı dinlənilib.
Tədbirdə institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə sözügedən müəssisənin elmi fəaliyyəti qənaətbəxş olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində nəzərəçarpacaq işlər görülüb.
Sonra institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı yekun hesabatı təqdim edib. O, 2023- cü il üzrə institutda aparılan elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə edib. Məruzəçi bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib, 3 tətbiqi iş təklif olunub. Cari ilin 11 ayı ərzində institut əməkdaşlarının 90 məqaləsi “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub. Bunlardan Frontiers in Nutrition, Sensors and actuators: A. Physical, ACS Omega, Journal of Composite Materials. Journal Chemistry Select, Journal Phase Equilibria Diffus., Journal of Engineering Physics and thermophysics Journal of Phase Equilibria and Diffusion Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları misal göstərmək olar. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 4 patent alınıb və patent almaq üçün 7 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə institutda 1 Beynəlxalq qrant çərçivəsində tədqiqatlar davam etdirilib, 4 layihə isə qrant müsabiqəsinin qalibi olub. Alim bildirib ki, il ərzində 2 monoqrafiya (1-i xaricdə), 1 kollektiv monoqrafiyada 1 fəsil (xaricdə) və 2 dərslik nəşr edilib.
Ümumilikdə, 2023-cü ilin 11 ayı ərzində institutda aparılan tədqiqatların nəticəsi olaraq 5 kitab, 141 məqalə (69 respublika, 72 xarici jurnallarda, 28 - Web of Science, 62- Scopus, 14 - digər bazalara daxil olan impakt faktorlu jurnallarda), 176 tezis (onlardan 86 xarici ölkələrdə) çap olunub, 4 patent alınıb, 7 patentə müsbət rəy verilib, institut əməkdaşlarının elmi əsərlərinə 1843-dən artıq istinad qeyd olunub.
Kadr hazırlığı məsələsinə toxunan alim qeyd edib ki, institutun doktorantura və dissertanturasında 47 nəfər təhsil alır, o cümlədən doktoranturada elmlər doktoru elmi dərəcəsi almaq üçün 8 nəfər (qiyabi), fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 17 nəfər (əyani) təhsil alır. İnstitutun dissertanturasında elmlər doktoru elmi dərəcəsi almaq üçün 15 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 7 nəfər dissertasiya işləri üzərində çalışırlar.
Elm və təhsilin inteqrasiya məsələlərindən danışan Məhəmməd Babanlı vurğulayıb ki, institutda Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya və Fiziki və Kolloid Kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının filialları fəaliyyət göstərir. Həmçinin il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavr və magistrləri institutda təcrübə keçiblər.
Sonra məruzə ətrafında müzakirələr olub, suallar cavablandırılıb, təkliflər söylənilib.
İclasa yekun vuran akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verib. Alim qeyd edib ki, prioritet istiqamətlər üzrə innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi-tədqiqat işləri genişləndirilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.