Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2023 12:10
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun laboratoriya və şöbələrinin 2023-cü il üzrə hesabatları dinlənilib

Aşqarlar Kimyası İnstitutunun laboratoriya və şöbələrinin 2023-cü il üzrə hesabatları dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.

Baş direktor, akademik Vaqif Fərzəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu il elmi müəssisə üçün də müəyyən nailiyyətlərlə yaddaqalandır: “Bu nailiyyətlər fundamental və tətbiqyönümlü mühüm nəticələrin əldə olunması, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu Q2-Q4 klasifikasiyalı jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətləri əhatə edir”.

Sonra laboratoriya müdirləri təqdimatlarla çıxış edərək hesabat dövründə yerinə yetirilən elmi tədqiqatlar, əldə olunan nəticələr və onların müxtəlif məqalə, patent, konfrans materiallarında əks olunması, yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı məlumat veriblər, qarşıda duran prioritet məsələlər, problemlər və onların həlli yolları haqqında təklif və tövsiyələrini səsləndiriblər.

Məruzələr ətrafında institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, elmi katib kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova, laboratoriya müdirləri professor Həqiqət Cavadova, kimya üzrə fəlsəfə doktoru Oruc Nəbiyev, professor Pərvin Məmmədova və digərləri fikir mübadiləsi aparıblar.

Sonda akademik V.Fərzəliyev görülən işləri məqbul hesab edib, elmi tədqiqatlarda kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində laboratoriyaların mövcud potensialının tam səfərbər edilməsinin zəruriliyini vurğulayıb. O, xüsusən növbəti ildə institutda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətlərinə diqqət yetirilməsini vacib hesab edib, lazımi tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: