Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.11.2023 14:29
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Gəncə Dövlət Universitetində ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Gəncə Dövlət Universitetində ustad dərsi keçib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, GDU-unun Fəxri doktoru Məhəmməd Babanlı Gəncə Dövlət Universitetində “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda ustad dərsi keçib.

Kimyəvi materialşünaslığın müasir problemlərinə həsr edilmiş nümunəvi dərsdə universitetin rektoru, professor Yusif Yusibov, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru İmir Əliyev və digər universitetlərin akademik heyəti iştirak ediblər.

Professor Yusif Yusibov çıxış edərək ali təhsil ocağında ustad dərsi keçdiyinə görə Məhəmməd Babanlıya  minnətdarlığını bildirib. O, professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, professor Məhəmməd Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.

Sonra professor Məhəmməd Babanlının kimyəvi materialşünaslığın müasir problemlərinə həsr olunan “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda mühazirəsi dinlənilib. Məruzənin sonunda Məhəmməd Babanlı Gəncə Dövlət Universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə elmi tədqiqatlarının nəticələrindən danışaraq vurğulayıb ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Sonda dərs iştirakçılarının mövzu ərtafında sualları cavablandırılıb.

Qeyd edək ki, professorun növbəti açıq dərsi bu gün universitetin Kimyəvi materialşünaslıq laboratoriyasında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: