Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Əsrin müqaviləsindən Zəfərədək
30.11.2023 17:35
  • A-
  • A
  • A+

Əsrin müqaviləsindən Zəfərədək

Müsahibəni Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, "Azərbaycan neft təsərrüfatı" jurnalının Baş redaktoru, akademik İbrahim Quliyev aparıb.

Akademikin müsahibi AMEA-nın müxbir üzvü Rəşid Cavanşirdir. 

İ.Quliyev. Fikrimcə, Rəşidin ətraflı təqdimata ehtiyacı yoxdur. O, dünya səviyyəli tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti olan ilk və hələ ki, yeganə azərbaycanlıdır. Müsahibə üçün Rəşidə bir neçə səbəbdən müraciət etdim. Əvvəla, son onilliklər ərzində neft sənayesinin inkişafında bu qədər yaxından iştirak edən ikinci bir insan tapmaq çətindir. İkinci səbəb isə 50 ildən çox davam edən dostluğumuzdur. Bizim çox oxşar cəhətlərimiz var. Azərbaycan Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib 1978-79-cu illərdə namizədlik, 1988-89-cu illərdə isə doktorluq dissertasiyalarını müdafiə etmişik. 2001-ci ildə ikimiz də AMEA-nın müxbir üzvü seçilmişik. Biz hətta eyni vaxtda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmağa başlamışıq: Rəşid Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda, mən isə Geologiya İnstitutunda. Yollarımız qismən 1995-ci ildə ayrılıb. Həmin vaxt Rəşid xarici şirkətdə işləmək təklifi alıb. Müsahibəyə görə Rəşidə minnətdarlığımı bildirirəm.

R.Cavanşir. Təşəkkür edirəm, İbrahim. Sən təmamilə haqlısan. Mən heç vaxt bu cür müsahibələrə razılıq verməmişəm, amma aramızdakı uzunillik dostluq və etimad məni inandırdı. Əsas amil isə Azərbaycan xalqının Böyük Zəfəri və müqəddəs torpaqlarımızın təmamilə azad olunmasıdır. Müzəffər ordumuz və onun Ali Baş Komandanı, Prezident İlham Əliyevə sonsuzadək minnətdaram! Qələbə uğrunda canlarından keçən qəhrəmanlarımıza eşq olsun! Xilaskarlarımızı yetişdirən anaların əllərindən öpürəm! Bizə hərtərəfli dəstək olan qardaş Türkiyəyə də minnətdaram!

İ.Quliyev. Böyük Zəfərlə bütün Azərbaycan, biz hamımız fəxr edirik və çox xoşbəxtik. Amma sənin üçün bu hiss əlavə məna da kəsb edir, çünki sən Qarabağ xanlığının əsasını qoymuş Cavanşirlər nəslindənsən.

R.Cavanşir. Bəli, haqlısan. Bu illər ərzində mən və bütün ailə üzvlərim çox narahat idik. Elə onu demək kifayətdir ki, Şuşanın işğalı günü, 1992-ci ilin mayında mənim anam iflic oldu və həmin faciədən sonra çox yaşamadı. Doğum haqqında şəhadətnamədə mənim soyadım Cavanşir kimi göstərilib, sovet illəri üçün bu qeyri-adi hal idi. Atam Cəmil və babam Abbas da Cavanşir idilər. Abbas bəy birbaşa Qarabağ xanlığının əsasını qoymuş Pənah xan Cavanşirin nəslindən idi, onun kötücəsi idi. Abbas bəyin anası şahzadə Behcat xanım İran şahı Məhəmməd Qacarın qardaşı Bəhmən Mirzə Qacarın qızı idi. Atamın anası Qumru xanım isə Cavad bəy Səfərəlibəyovun qızı idi. Cavad bəy Pənah xan Cavanşirin həyat yoldaşının nəticəsi idi, 1904-1907-ci illərdə Şuşa şəhər başçısı olub. Cavad bəyin həyat yoldaşı Balaxanım bəyim Cavanşir isə Pənah xanın nəticəsi idi.

İ.Quliyev. Neft şirkətinə Akademiyanın institutundan gəlmisən.

Adaptasiya necə keçdi? Axı elmi, xüsusilə də akademik fəaliyyət və neft biznesi ayrı-ayrı sahələrdir. Bu cür keçidin üstünlükləri və çətinlikləri nədən ibarətdir?

R.Cavanşir. Elmi və texniki biliklər mənə çox kömək etdi. Bu günədək mənim kitablar da daxil olmaqla 230-dan çox elmi əsərim dərc edilib. Ən əsası isə odur ki, əsərlərimin əksəriyyəti xaricdə nəşr olunub. 1980-2000-ci illərdə əsərlərinə xaricdə çoxsaylı istinadlar olunan az alimlərdən, Azərbaycanda isə, demək olar ki, yeganə alim idim.

1978-ci ildə müasir tarixdə ilk dəfə olaraq məni iki beynəlxalq jurnalın redaksiya heyətinə dəvət etdilər. Bu, "Energy Sources" (ABŞ) və "Journal of Petroleum Science and Engineering" (Hollandiya) jurnalları idi. Bütün Sovet İttifaqı üçün bu qeyri-adi hadisə idi.

Müstəqilliyimiz bərpa edilməzdən hələ 13 il öncə həmin jurnallarda özüm haqqında Azərbaycan təmsilçisi kimi məlumat dərc edirdim. Neft şirkətlərində məni həm elmi əsərlərim, həm də rəhbərlərindən biri olduğum institutla əlaqələrimə görə tanıyırdılar. Dil biliklərim, xaricilərlə ünsiyyət təcrübəm və şəxsən əlaqə yaratdığım neft şirkətləri ilə müştərək həyata keçirdiyim çoxsaylı elmi layihələr mənə kömək oldu. Əlavə edim ki, neft sənayesinin müasir iqtisadiyyatına dair biliklərimin də olduqca böyük əhəmiyyəti oldu. Həmçinin ABŞ-ın bir neçə aparıcı universitetlərində müvafiq istiqamətlər üzrə treninqlərdə də iştirak etdim. Məsələn, Dyuk (1991) və Rays (1997) universitetləri, 2002-ci ildə Baş menecerlər proqramını bitirdiyim Harvard Universitetinin biznes məktəbi və s.

Qərbin neft şirkətinə keçməyim olduqca uğurlu baş tutdu. Regionumuzda, Böyük Britaniya və ABŞ-da yüksək rəhbər vəzifələrdə çalışaraq böyük bir məktəb keçdim. Xüsusilə 2003-2006-cı illərdə Şimal dənizindəki biznesə rəhbərlik etməyimi vurğulamaq istəyirəm. Bu, Azərbaycan nümayəndəsi üçün olduqca qeyri-adi hadisə idi. Şimal dənizi BP üçün çox mühüm region idi, və burada şirkətin bütün rəhbərləri sınaqdan keçirilirdi.

İ.Quliyev. Biz son 30 ilin şahidləriyik, 90-cı illərdə hökm sürən vəziyyəti yaxşı xatırlayırıq. Bir tərəfdən müstəqilliyin əldə edilməsi eyforiyası, digər tərəfdən isə xaos, dağılmış iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində əmələ gələn böhran. Müəllim və alimlərin maaşları ayda 10-20 dollar təşkil edirdi. Və ən əsası, hər-hansı bir perspektivin olmaması. Bu günümüzlə müqayisə etsək - Böyük Zəfər və torpaqlarımızın işğaldan azad olunması, güclü iqtisadiyyat və müasir ordu, beynəlxalq aləmdə sabit mövqe, nəhayət, gözəl Bakı, mədəniyyətin dirçəlişi. Bu, necə mümkün oldu? Müzəffər epoxanın əsas hadisələri və şəxsiyyətləri kimlərdir?

R.Cavanşir. Amillər çoxdur, amma düşünürəm ki, bütün bunların təməli neft strategiyasının nəhəng uğurudur. Bu olmasaydı, hərbi, siyasi, sosial-iqtisadi qələbələr əldə edə bilməzdik. Və burada biz, tarixdə şəxsiyyətin rolunu qeyd etməliyik. Bu, ümummilli liderimiz Heydər Əliyevin yerinə yetirdiyi missiya idi. Məhz Ulu Öndərin strateji qərarları, cəsarəti və iradəsi, üzərinə nəhəng məsuliyyət götürmək bacarığı neft strategiyasının gələcək uğurlarını müəyyən edən mühüm amillər idi. Və ən əsas amil həqiqətən də nəhəng nailiyyətlərin təməlini qoymuş Əsrin müqaviləsinin imzalanmasıdır.

İ.Quliyev. Niyə hakimiyyətdə daha öncə olanlar danışıqları başa çatdıra bilmədi?

R.Cavanşir. Bunun çox səbəbi var. İlk növbədə, müasir texniki-iqtisadi göstəricilər əsasında danışıqlar aparmaq üçün zəruri olan bilik və təcrübənin kifayət qədər olmamasını qeyd edərdim. Bu təbii idi, çünki sovet sistemində daxili gəlir norması və ya müasir dəyər kimi parametrlərin istifadəsi nəzərdə tutulmurdu. Danışıqlarda iştirak edən təmsilçilərimiz layihələrin texniki parametrlərinin iqtisadi qiymətləndirmə və maliyyə dəyərindən asılı olduğunu nəzərə almırdı. Vurğulamalıyam ki, SOCAR-ın vitse-prezidenti V.Ələsgərovun iştirakı ilə çox şey dəyişməyə başladı. Sonralar V.Ələsgərov danışıqlarda əhəmiyyətli rol oynadı.

Xatırladım ki, danışıqların ən vacib mərhələsində Ulu Öndər Heydər Əliyev İlham Əliyevi SOCAR-ın birinci vitse-prezidenti təyin etdi və bu amil prosesin gedişatına dəqiqliklə rəhbərlik etməyə imkan verdi. Hamımız bilirik ki, sonralar Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev görkəmli dövlət xadimi və neft strategiyasının praktiki reallaşmasını təmin edən rəhbərə çevrildi. Uzunillik uğurlarımızı ölkə başçısının xarici və daxili problemləri dərindən dərk etmək və mühüm qərarlar qəbul etmək bacarığı təmin etdi.

Danışıqlar olduqca çətin keçirdi. Xarici şirkətlər birgə sərt mövqedə qərarlaşmışdılar, bu da Azərbaycan komandasının səylərini mürəkkəbləşdirirdi. Proses uzanırdı, bu isə növbəti uğursuzluq riskini artırırdı. Bu vəziyyətdə əsas həlledici məqam Prezident Heydər Əliyevin danışıqları sonlandırmaq və 1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsini imzalamaq qərarı oldu. İmzalanma mərasimi ərəfəsində Heydər Əliyevin dediyi kimi, bəzi şeylər bizi qane etməsə də, Azərbaycan cəlbedici şərtlər əldə edə bildi. Heydər Əliyev prosesə obyektiv qiymət verməkdən çəkinmədi, bütün müsbət və mənfiləri dilə gətirdi. Ulu Öndər sonsuz danışıqlara nöqtə qoyaraq uzun illər üçün ölkənin davamlı inkişafını müəyyən etdi.

İ.Quliyev. Müqavilənin hazırlanması mərhələlərində iştirak etmisənmi?

R.Cavanşir. Bəli, iştirak etmişəm. Danışıqlarda iştirak etməmişəm, amma prosesə müxtəlif mərhələlərdə cəlb olunmuşam. Detallara varmayacam, amma qeyd etməliyəm ki, 1994-cü ilin fevralında Prezident Heydər Əliyev tərəfindən təsdiq olunmuş danışıqların aparılmasının son planını SOCAR-la birgə hazırlamışam. Həmçinin Milli Məclisdə ratifikasiyadan öncə aparılan müzakirələr prosesində iştirak etmişəm. 

İ.Quliyev. Heydər Əliyev və İlham Əliyevlə şəxsən görüşmüsənmi? Təəssüratlarını bölüşərdin.

R.Cavanşir. Heydər Əliyevlə təkbətək görüşümüz olmayıb, amma qiyabi tanış idik. Prezidentlə rəsmi görüşlərdə iştirak etmişəm. Ən yaddaqalan Prezident Aparatında "Şahdəniz" yatağının açılışına həsr edilmiş tədbir, Bakıda BP-nin keçmiş rəhbəri Con Braunun iştirakı ilə keçirilən söhbət və Ankarada "Şahdəniz 1" fazası üzrə sənədlərin imzalanma mərasimi olub. Bu hadisələr heç vaxt yaddaşımdan silinməyəcək.

Prezident İlham Əliyevlə isə dəfələrlə həm rəsmi, həm də qeyri-rəsmi şəraitdə, təkbətək görüşmək nəsib olub. Prezidentin yaranan vəziyyəti dəqiqliklə və zamanında qiymətləndirmək, zəruri dəstəyi əsirgəməmək, mürəkkəb və adətən birmənalı qəbul olunmayan şəraitə uyğun hərəkət etmək bacarığı xüsusilə yadımda qalıb. Çox nümunə gətirə bilərəm. Bu haqda növbəti suallara cavab verərkən danışmaq olar. Və əlbəttə ki, neft sənayesinin inkişafında xidmətlərimi yüksək qiymətləndirdiyinə və şəxsən mənə "Şöhrət" ordenini təqdim etdiyinə görə Prezident İlham Əliyevə sonsuz minnətdaram.

İ.Quliyev. Digər ölkələrin rəhbər şəxsləri ilə görüşmüsənmi? Yəgin ki, işinlə əlaqədar bir çox maraqlı yerlərdə olmusan.

R.Cavanşir. Mən şəxsən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Gürcüstanın Prezidentləri Eduard Şevarnadze və Mixail Saakaşvili ilə görüşmüşəm, Böyük Britaniyanın baş naziri Qordon Braunun iqamətqahında, məşhur Dauning Strit, 10 ünvanında, ABŞ-ın bir çox hökumət qurumlarında, o cümlədən Dövlət Departamenti və Pentaqonda, Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahında olmuşam.

İ.Quliyev. Təbii ehtiyatlar hələ hər şey demək deyil. İxrac marşrutunun seçimi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismarı, xarici təzyiqlər, səmərəlilik və təhlükəsizliyin təmini, 2008-ci ildə BTC-dəki partlayış və Gürcüstandakı müharibədən sonra yaranan böhrandan çıxış, Türkiyə və Gürcüstanın özəllikləri - bütün bunlar haqqında nə deyə bilərsən?

R.Cavanşir. Sual o qədər aspekti əhatə edir ki, bir müsahibə çərçivəsində onu cavablandırmaq çətindir. Bu məsələlərin əksəriyyəti çoxsaylı nəşrlərdə öz əksini tapıb, amma mən bir neçə əsas məqamı qeyd edəcəm ki, oxucular bu tarixi hadisələri qiymətləndirə bilsin.

İlk öncə marşrut seçimindən danışaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan ilk dəfə Rusiyadan kənar ixrac əməliyyatlarının keçirilməsinə cəsarət etdi. Bu, ilk növbədə Heydər Əliyevin liderliyi, nüfuzu və müdrikliyi sayəsində mümkün oldu. Xatırladım ki, həmin dövrdə müqavilənin birinci fazası çərçivəsində Azərbaycan nefti iki marşrut üzrə nəql edilirdi - əvvəl Rusiyanın Novorossiysk limanı, daha sonra isə Qara dənizədək Gürcüstan ərazisindən keçən Bakı-Supsa marşrutu ilə və bunun özü özlüyündə artıq misli-bərabəri yox idi. Lakin "Azəri", "Çiraq" yataqları və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilməsi üçün gün ərzində milyon barelədək çatan nəhəng ixrac gücü tələb olunurdu. Bununla yanaşı dənizdə neft hasilatının həcminin artırılması sürətini zəruri ixrac şərtlərinin yaradılması ilə uyğunlaşdırmaq lazım idi. Bu, texniki, iqtisadi və siyasi baxımdan son dərəcə mürəkkəb məsələ idi. Müzakirə olunan müxtəlif yollar arasında Rusiyadan keçən şimal marşrutunun genişləndirilməsi, Gürcüstandan keçən boru kəmərinin genişləndirilməsi və nəhayət Türkiyədən keçərək Aralıq dənizindəki Ceyhan limanına (BTC) doğru boru kəmərinin tikintisi vardı. Bu günün reallıqlarından baxsaq hər şey aydın görünür. Türkiyə marşrutunun seçimi ixracın xarici amillərdən tam azad olmasını təmin edə və Əsrin müqaviləsinin bütün neftinin nəqli üçün imkanlar yarada bilərdi. Reallıqda isə hər şey qat-qat çətin idi. BP operatoru və neft şirkətləri konsorsiumu VTS-nin əsas marşrut qismində seçilməsi perspektivlərini məhdudlaşdıran əsaslar gətirirdi. Hesab olunurdu ki, bir marşrut üzrə neftin nəqli olduqca risklidir, buna görə də müxtəlif istiqamətlər üzrə bir neçə müstəqil boru kəməri tikmək daha əlverişli görünürdü. Bu yanaşma yataqların daha rahat istismara verilməsini və layihələrin maliyyələşdirilməsinin yaxşılaşdırılmasını təmin edəcəkdi. BTC-nin yalnız Azərbaycan neftinin həcmlərinin əsasında yaradılmasının kommersiya baxımından mümkünsüzlüyünə dair bir dəlil də səsləndirilirdi. Məsələn, qeyd edilirdi ki, Xəzər regionunun digər ölkələrindən əlavə həcmdə neft cəlb olunsa daha əlverişli olar. Bütün bunlar nəhəng maliyyənin tələb olunması, tikintinin mürəkkəbliyi və yalnız bir marşrutun mövcudluğunun riskli olmasına görə BTC-nin tikintisinin iqtisadi baxımdan olduqca çətin başa gəlməsinə işarə idi. Demək olar ki, çıxılmaz vəziyyət yaranmışdı, və bu vəziyyət neft müqaviləsinin gələcək taleyinə mənfi təsir göstərə bilərdi. Məsələ Prezident Heydər Əliyevin strateji uzaqgörənliyi və qətiyyəti sayəsində həll olundu. Ulu Öndər Bakı-Ceyhan marşrutunu seçdiyini bəyan edəndən sonra müzakirələrə son qoyuldu. Operator olan BP şirkəti Prezidentin qərarına anlayış və məsuliyyətlə yanaşaraq dərhal onun praktiki həyata keçirilməsi üçün tədbirlərə start verdi. Böyük çətinliklərlə müşayət olunan, lakin gələcəkdə müzəffər nəticələrə gətirib çıxaran çoxillik iş başladı.

Növbəti mərhələdə BTC-nin tikintisinin texniki-iqtisadi aspektlərinə dair danışıqlar aparıldı. İlk mərhələdə əsas diqqət Türkiyə ilə müzakirəyə yönəldi. Konsorsium layihənin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitləri haqqında qiymətləndirmələri təqdim etdi. Türkiyə tərəfi BP-nin qiymətləndirmələri ilə razılaşmayaraq öz rəqəmlərini təqdim edirdi. Uzun və sərt müzakirələrdən sonra Azərbaycan tərəfi Türkiyənin təklif etdiyi qiymətlərlə razılaşmağı təklif etdi, amma o şərtlə ki, boru kəməri Türkiyə tərəfindən inşa olunacaq və Türkiyə təklif etdiyi maliyyə həcmlərinə görə məsuliyyət daşıyacaq. Nəticədə Türkiyə kəmərin yalnız ölkə ərazisindən keçən hissəsinin tikintisinə razılaşdı, Azərbaycan və Gürcüstanda isə tikintini BP şirkəti həyata keçirəcəkdi. Tərəflər razılığa gəldilər ki, Türkiyə büdcədənkənar vəsait tələb olunarsa onu qarşılayacaq və müəyyən ödəmə qarşılığında Türkiyə ərazisində BTC-nin idarəolunması üzrə tədbirləri həyata keçirəcək. Türkiyə xəzinədarlığı Türkiyə tərəfin üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan maliyyənin təmini və gözlənilməz xərclərin ödənilməsini öz boynuna götürdü. Bu hadisənin bəzi detalları ilə BP-nin keçmiş rəhbəri Con Braunun yazılarında tanış olmaq olar.

Gürcüstanla aparılan danışıqlar da çətinliksiz ötüşmədi. Ağır vəziyyətdə olan ölkənin təbii istəkləri layihənin texniki-iqtisadi reallıqları ilə toqquşurdu. Gürcüstanın istəklərini təmin etmək, o cümlədən müəyyən iqtisadi zəmanətlər vermək üçün çox tədbirlər görüldü. Görünməmiş həllərin nəzərdə tutulduğu boru kəmərinin ekoloji təhlükəsizliyinin təmin edilməsinə böyük diqqət ayrılmışdı. Onun təhlükəsizliyini gücləndirmək üçün də mühüm qərar qəbul edilmişdi. Marşrut əlverişsiz Axaltsixe (Axalsıx) bölgəsindən yan keçməli idi, buna görə də Borjomi bulaqlarının yaxınlığındakı Kodiani adlanan ərazidə tikintiyə ehtiyac yaranmışdı. Əsassız iqtisadi, sosial və ekoloji arqumentlərdən istifadə edərək çoxsaylı beynəlxalq oyunçular hər cür vasitələrə əl ataraq BTC layihəsini dayandırmağa çalışırdı, və danışıqlar prosesi çətinliklərlə üzləşirdi. Buna oxşar təzyiq sonralar qaza dair danışıqlar zamanı da müşahidə olunub. Gürcüstan tərəfi bu təzyiqdən istifadə edərək özü üçün maksimal sərfəli şərtlər əldə etməyə çalışırdı. Fikrimcə, onlar yatırılan sərmayələri ölkə üçün daha səmərəli istifadə etmək imkanını əldən buraxdılar. Ekoloji aspektlərə yönələn bu qədər diqqət iqtisadi maraqlardan daha çox siyasi maraqlara söykənirdi. Danışıqlar uzanırdı, layihə üçün əsassız risklər yaranmışdı. Və yenə də Heydər Əliyevin məsələyə zamanında qarışması həlledici rol oynadı: son mərhələdə bütün imzalanmış sənədlər Gürcüstan parlamentində ratifikasiya olundu, həmçinin neft və qaz boru kəmərlərinin gələcəkdə genişləndirilməsi üçün imkanlar yarandı.

Azərbaycan və Gürcüstan ərazisindən keçən boru kəmərinin tikintisi ümumilikdə uğurla həyata keçirilirdi. Kəmərin yüksək texniki tələblərə cavab verməsi onun səmərəli istismarını təmin etdi. Türkiyədəki marşrutun qat-qat uzun və çətin olduğuna görə işlər daha mürəkkəb gedirdi. Türkiyə tərəfi layihənin hazırlanması və tikintinin aparılmasını təmin etməli idi, lakin müqavilədə nəzərdə tutulan xərcləri aşmaq riski ilə üzləşdi. Türkiyə ərazisindən keçən boru kəmərinin texniki xüsusiyyətlərinin, tikintisi və gələcək istismarının dəyərinin müəyyən risklərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var idi. Bütün bunlara baxmayaraq, 2006-cı ilin yazında hər üç ölkədə BTC-nin tikintisinin başa çatdığı və Ceyhanda ilk tankerin doldurulduğu elan edildi. Bu zaman yaşanan triumfa heç bir şey kölgə sala bilməz. Bu, həqiqətən əsrin hadisəsi idi. Layihənin praktiki reallaşdırılması Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə baş tutdu.

İ.Quliyev. Tikinti bitəndən sonra VTS-nin əməliyyat şirkətinin ilk prezidenti vəzifəsində çalışmısan. Çoxlu xatirələrin olmalıdır.

R.Cavanşir. 2006-cı ildə mən Şotlandiyanın Aberdin şəhərində yerləşən BP-nin Şimal Dənizi üzrə biznes meneceri kimi çalışırdım. Məhz o vaxt mən, Azərbaycana qayıdaraq bütün boru kəmərləri və terminallar da daxil olmaqla quruda həyata keçirilən əməliyyatlara rəhbərlik etmək təklifi aldım. Eyni zamanda, mənim geri dönmə vaxtım tikintinin başa çatdığı dövr üçün nəzərdə tutulmuşdu ki, mən BTC-nin əməliyyat şirkətinin ilk prezidenti olum. Bu vəzifələri mən 2009-cu ildə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti təyin olunduqdan sonra da yerinə yetirməyə davam etdim. Beləliklə, 6 ildən çox, 2006-cı ildən 2012-ci ilə qədər, yəni BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti vəzifəsində çalışmaq üçün Londona yola düşənədək BTC-yə rəhbərlik etdim. Bu dövr neft kəmərinin istismarı tarixində ən çətin dövr oldu. Çox təfərrüratları danışmaq mümkün olmasa da vacib məqamları xatırlamağa çalışacağam.

Əsas problem Türkiyədə BTC-nin operatorunun səmərəli fəaliyyət göstərməməsi idi. Rəhbərlik işdə yaranan çətinlik və çatışmazlıqları öz zəif tərəfləri ilə deyil, əməliyyatlar üçün kifayət qədər maliyyənin olmaması ilə izah edirdi. Oxşar arqumentlər daha öncə, boru kəmərinin tikintisi zamanı xərclərin artması ilə bağlı da səsləndirilmişdi, halbuki tikinti və əməliyyatların idarə edilməsi üçün xərclər müvafiq sənədlərdə aydın şəkildə göstərilmiş və sonradan dəyişdirilə bilməzdi. BP operatora kömək etmək üçün lazımi tədbirləri görürdü, bəzən hətta müəyyən fəaliyyət növlərinin həyata keçirilməsində onu tamamilə əvəz etməyə çalışırdı. Təəssüf ki, biz anlayışla qarşılanmırdıq, əksinə, vergi ödəyicilərinin boru kəmərinin istismarı ilə bağlı xərclərin bir hissəsini ödəməyə məcbur olmadıqları haqqında bəyanatları dinləməyə davam edirdik. Bu, təmamilə doğru deyildi, həqiqəti əks etmirdi. Biz dəfələrlə demişdik ki, çətinlikləri başa düşürük və belə əsassız iddialar irəli sürülməsə, dəstək tədbirləri görməyə hazırıq. Biz başa düşürdük ki, operatorun işini təkmilləşdirmək üçün bəzi əlavə texniki, təşkilati və maddi tədbirlər haqqında düşünmək lazımdır. Amma bunun üçün hələ ki, müvafiq əsasımız yox idi.

2008-ci ilin avqustunda başlamış iri böhranı xatırlatmağın vaxtıdır. Türkiyənin dağ stansiyalarından birində blok-valın pozulması nəticəsində yanğın baş verdi. Alov 150 metr hündürlüyə qalxmışdı. BP nümayəndələri bu nəhəng problemin həlli üçün dərhal tədbir görməyə başladılar. Boru kəmərinin fəaliyyəti dərhal dayandırıldı, ondan əvvəlki və sonrakı blok-vallar bağlandı. Qərara alındı ki, boruda qalan neftin təmamilə yanıb tükənməsini gözləyək və sonra borunun vəziyyətini qiymətləndirək. Amma bu azmış kimi, bir neçə gündən sonra, avqustun 8-də Gürcüstanda hərbi əməliyyatlar başladı. Bakı-Supsa, BTC və Bakı-Tbilisi-Ərzurum qaz kəməri təhlükə ilə üzləşdi. Böhranın idarə olunması üçün mənim rəhbərliyim altında gecə-gündüz işləyən və Gürcüstan, Türkiyə və Azərbaycanda şirkətin fəaliyyətini əlaqələndirən qərargah yaradıldı. Müsahibənin həcmi bu qeyri-adi vəziyyətdən çıxış yolunun hər detalını ətraflı təsvir etməyə imkan vermir. Gürcüstandakı boru kəmərlərinin işini müvəqqəti dayandırmalı, oradan xarici mütəxəssisləri çıxarmalı, Supsadakı tankeri neytral sulara yollamalı, boru kəmərləri və digər obyektlərin təhlükəsizliyinə nəzarət etməli, ixrac imkanlarının kəskin məhdudlaşdığına görə Azərbaycanda neft hasilatının həcmlərinin tənzimlənməsinə dair tədbirlər görməli olduq. Türkiyədəki yanğın da nəzarətimiz altında idi, ümid edirdik ki, yerin altındakı boru xəsarət almayıb. Ümidlərimizin gerçəkləşdiyini gördükdə boru kəmərinin fəaliyyətini bərpa etmək üçün tədbirlər həyata keçirməyə başladıq. Bu vaxt Gürcüstandakı vəziyyət bir qədər sabitləşdi. Böhranın başlamasından təxminən iki həftədən sonra mənə məlumat verdilər ki, BTC-nin bütün yol boyu istismarı bərpa edilə bilər. Nəticədə BP-nin əsas rəhbərlərindən biri Prezident İlham Əliyevə məruzə etmək üçün təcili Bakıya gəldi. Bu məsələ Prezident üçün olduqca əhəmiyyətli idi, çünki ölkə başçısı BTC-nin fəaliyyətinin bərpası haqqında məlumat əldə edərək Azərbaycan, Gürcüstan və Türkiyədə əməliyyatların aparılması üçün yaranan potensial idarəolunmaz risklərin azaldılmasını qiymətləndirə bildi. Şirkətimizin gördüyü işlərə Prezident tərəfindən verilən obyektiv qiyməti nə dərəcədə məmnunluqla qarşıladığımızı yaxşı xatırlayıram.

İ.Quliyev. Bu, həqiqətən möhtəşəm bir hadisədir. Görürəm ki, heç kimin bilmədiyi olduqca çətin vəziyyətdə işləməli olmusan. Güman edirəm ki, hasilat və ixracın azaldılmasına görə böyük maddi itkilərimiz olub.

R.Cavanşir. Bəli, itkilərimiz böyük idi, lakin biz onları minimallaşdıra bildik. Qarşımızda duran ciddi məsələ neft hasilatı ilə bağlı idi. Müəyyən etməliydik ki, bu hadisələr hasilat həcmlərinin bərpasına nə dərəcədə təsir edə bilər. Bundan əlavə, 2008-ci ilin sentyabrında dəniz platformalarının birində qaz sızması baş verdi. Buradakı hasilat dərhal dayandırıldı. Problemin həll edilməsi və platformanın yenidən işə salınması çox vaxt apardı. Bu hadisələr mənim hələ regional prezident olmadığım dövrdə baş vermişdi, və mən problemin həllinə bilavasitə cəlb edilməmişdim. Yaxın və uzun gələcək üçün perspektivlərdə neft hasilatı həcmlərinin bərpası və lazımi səviyyədə saxlanılmasına dair tədbirlərin görülməsi qarşımızda duran ciddi məsələ idi. 2009-cu il sentyabrın 1-də regional prezident təyin olunandan sonra bu məsələ ilə dərhal məşğul oldum. Onu da deyim ki, yataqların və boru kəmərlərinin bütün istismar dövrü ərzində məhz mənim bu vəzifədə çalışdığım müddətdə hasilat və ixrac ən yüksək səviyyəyə çatdı.

İ.Quliyev. 2010-cu ilin martında yeni "Çiraq" hasilat platformasının tikinti layihəsi sanksiyalaşdırıldı. Dünyada ən iri maliyyə böhranının hökm sürdüyü bir dövrdə 6 milyard dollarlıq layihəni necə həyata keçirmək mümkün oldu?

R.Cavanşir. İlk növbədə layihənin əhəmiyyətini və hasilatın lazımi səviyyədə saxlanılmasında onun rolunu çox gözəl anlayan Prezident İlham Əliyevin dəstəyi sayəsində. Bu və ondan sonrakı dövrdə mən ölkə başçısının dəstəyinə arxalanmalı oldum, çünki BP-nin rəhbərliyi əməliyyatların təhlükəsizlik problemlərinin həlli ilə məşğul idi, xüsusilə 2010-cu ilin yazında Meksika körfəzində baş vermiş faciəli hadisədən sonra. Bütün məsələləri yuxarıdan kömək olmadan özüm həll etməli olurdum. Və İlham Əliyevin dəstəyi olmadan mən neft və qaz üzrə silsilə tədbirləri həyata keçirə bilməzdim. "Çiraq" layihəsinin açıq-aydın görünən əhəmiyyətinə baxmayaraq, SOCAR-ın daxilində ötən illərdə olduğu kimi texniki parametrlərin dəyişdirilməsinə dair müzakirələr aparılırdı. Mən şəxsən bu müzakirələrdə iştirak etməli olurdum ki, sanksiyalar üçün zəruri olan iqtisadi göstəricilərin nəzərə alınmasını qeyd edim. Məlum idi ki, Prezident İlham Əliyev bu məsələdə BP-ni dəstəkləyir. Nəticədə qərar qəbul olundu və mən konsorsium adından sanksiyanı imzaladım. Platforma 4 ildən sonra istismara verildi və neft hasilatının lazımi səviyyədə saxlanılmasını uğurla təmin etdi.

İ.Quliyev. Tək neftdən danışmaq doğru olmazdı. Qaz strategiyasına dair nəhəng layihələrin həyata keçirilməsini yada salaq. Əminəm ki, üzdə görünməsə də daxili problemlər çox olub, və bu problemlərin hər biri layihələri dondura və ya ümumiyyətlə reallaşmasına mane ola bilərdi. "Şahdəniz"lə bağlı hadisəni səndən yaxşı heç kim danışa bilməz. Boru kəmərinin açılışı və Faza 1-in həyata keçirilməsindən başlayaq, sonra isə növbəti mərhələyə keçərik.

R.Cavanşir. BP-də çox adam məni "Şahdəniz"in atası adlandırır və bu mənim xoşuma gəlir. Bunun səbəbləri çoxdur. Onların bəziləri haqqında qısaca məlumat verməyə çalışacam.

Mən iki dəfə "Şahdəniz" konsorsiumunun prezidenti olmuşam. Birinci dəfə 1999-2001-ci illərdə, ikinci dəfə isə 2008-2012-ci illərdə. Birinci dövr Faza 1-i, ikinci dövr isə Faza 2 çərçivəsində aparılan tammiqyaslı tədbirləri əhatə edib. Məlum olduğu kimi, 1998-ci ilin yayında BP və "Amoco" neft şirkətlərinin birləşməsi haqqında elan edilmişdi. O vaxt mən "Amoco İnam" şirkətinin prezidenti idim. İki aydan sonra yeni BP-Amoco (gələcəkdə BP) şirkətinin rəhbərliyindən üç konsorsiuma rəhbərlik etmək təklifini aldım. Belə bir təklifi gözləmirdim. Onlardan ikisi o vaxtadək BP-yə məxsus olmuş "Şahdəniz" və "Araz-Alov-Şərq", üçüncüsü isə "Amoco"-dan gəlmiş "İnam" idi. Mən razılıq verdim və 1999-cu il yanvarın 1-dən yeni vəzifəni icra etməyə başladım. O dövrdə əsas layihə "Şahdəniz" idi. Artıq birinci quyunun qazılması başlamışdı, özü də quyunun yuxarı hissəsi "Dədə Qorqud" qurğusu ilə qazılmış, sonra isə qazıntı işləri ağır qoruyucu kəmərlərinin enişi və yüksək təzyiq üçün nəzərdə tutulmuş "İstiqlal" qurğusu vasitəsilə davam etdirildi. Hər şey normal idi. Müvafiq bilik və təcrübəyə malik olduğuma görə mən hər gün mütəxəssislərlə görüşüb işlərin gedişatını müzakirə edirdim. Qazıntı işləri elə bir dərinliyə çatdı ki, iri qaz həcmlərinin mövcudluğu bilindi. İlhamlanaraq yeni yatağın açılmasını gözləyirdik. Gözlənilmədən "İstiqlal" qurğusunun enerji bölməsində ciddi problemlər yarandı. Qazıntı işləri dayandırıldı, quyu donduruldu. Uzunmüddətli təmir işləri aparılmalı idi. Çətin vəziyyət yarandı, konsorsium müqavilədə kəşfiyyat dövründə iki quyunun qazılmasını nəzərdə tutan vəzifələrini yerinə yetirməmək təhlükəsi ilə üzləşdi. Xoşbəxtlikdən məsələnin həlli yolları tapıldı. Məlum oldu ki, qazıntı işlərini "Dədə Qorqud" qurğusu vasitəsilə yekunlaşdırmaq olar, çünki ən ağır qoruyucu kəmərlər "İstiqlal" qurğusu vasitəsilə artıq endirilib bərkidilmişdi, təzyiqlər isə elə də yüksək deyildi. Bu təklifin həyata keçirilməsi üçün mətbuata ciddi açıqlama verməli olduq. "İstiqlal" qurğusunun təkmilləşdirilməsi üçün bahalı tədbirlərin görülməsindən sonra "Dədə Qorqud" vasitəsilə qazıntı işlərinin aparılmasının nə üçün təklif edildiyini anlamayan müxbirlərin suallarını bir neçə saat cavablandırmalı oldum. Fikrimcə, narahatlıqları azalda bildim, və bundan sonra birinci quyunun qazılması üçün işləri davam etdirdik.

Qazma qurğusunu uğurla dəyişdirib quyuda müvafiq tədbirlər həyata keçirməyə başladıq. Aydın görünürdü ki, əsas məhsuldar layları təbii qazla zəngindir, və bu nəhəng qaz-kondensat yatağının açılması imkanına işarə edirdi. Həmin vaxt təmir olunmuş "İstiqlal" qurğusu vasitəsilə ikinci quyunun qazılması üçün şərait yarandı. Problem onda idi ki, ikinci quyunun yerini dərhal, yəni birinci quyuda qazıntı işləri davam edə-edə müəyyənləşdirmək lazım idi, bunu müqavilədə göstərilən vaxt çərçivələri tələb edirdi. Vəziyyət olduqca qeyri-adi idi, təcrübə birinci quyunun qazıntısını yekunlaşdırıb müvafiq təhlillərdən sonra növbəti quyu üçün yerin müəyyənləşməsini nəzərdə tutur. Konsorsiumun üzvləri üçün vəziyyət daha da çətinləşirdi, çünki tərəfdaşların çoxu qaz deyil, neft yatağının açılmasını arzulayırdı. Buna görə iki seçim arasında qalmışdıq: ikinci quyunu neft aşkar etmək ümidi ilə yatağın dərin qatlarında və ya iri qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmək üçün yuxarı hissəsində qazmaq. BP üçün vəziyyət olduqca aydın görünürdü, şirkət qərar verdi ki, söhbət qaz yatağından getməlidir. Bu fikirlə SOCAR və bəzi tərəfdaşlar da razı idi. Lakin konsorsiumun bir hissəsi planların bu qədər kəskin dəyişməsini mümkün hesab etməyərək neft axtarışının davamında israrlı idi. Mən təcili Direktorlar şurasının müşavirəsini təşkil etdim. Müşavirədə gərgin müzakirələrdən sonra səs çoxluğu ilə tərəfdaşlar qaz-kondensat yatağının açılmasına dair ikinci  quyu yatağın yuxarı hissədə qazılmasını qərara aldı. "İstiqlal" qurğusunun qayıtmağını gözləyirdik.

Birinci quyuda isə qazıntı işləri davam edirdi. Quyu nəzərdə tutulan dərinliyə çatdı və sınaqlar üçün hazır vəziyyətə gətirildi. Nəticədə biz BP-nin tarixində ən iri ixtira - nəhəng "Şahdəniz" qaz-kondensat yatağı aşkarladıq.

Mən dərhal SOCAR-ın prezidenti Natiq Əliyevin ofisinə gəlib uğurlu sınaqların keçirildiyi və yatağın açılması haqqında məlumat verdim. O, mənim yanımda Prezident Heydər Əliyevə zəng edərək dedi ki, Rəşid "Şahdəniz" yatağının açılması haqqında gözəl xəbər gətirib. Heydər Əliyev çox sevincli və həyacanlı idi. Ölkə başçısı bizi bu uğurla təbrik etdi, hətta Natiqlə zarafatlaşdı da. Müəyyən vaxtdan sonra keçirilən rəsmi təqdimat mərasimində Prezident Heydər Əliyevə ilk qaz yatağından qaz kondensatının nümunəsi təqdim olunmuşdu.

İkinci quyunun qazılması böyük çətinliklərlə müşayət olunurdu. Belə bir fikir səsləndirilirdi ki, bu BP-nin çoxillik təcrübəsində ən mürəkkəb quyu qazıntısıdır. Buna baxmayaraq, mütəxəssislərimizin bacarığı və əzmkarlığı sayəsində qazıntı işləri yekunlaşdı və quyu uğurla sınaqlardan keçdi. Sınaqların nəticəsi bütün gözləntilərimizdən üstün oldu. Burada yatağın istismarının birinci mərhələsinə hazırlıq üçün kifayət qədər iri qaz ehtiyatlarının mövcudluğu təsdiqləndi. Faza 1 layihəsinə və Gürcüstan ərazisindən keçərək Türkiyənin bazarlarına ixraca dair kommersiya danışıqlarına hazırlıq mərhələsi başladı.

Xatırladım ki, biz Rusiyadan yan keçərək bazarlara qaz çıxarmalıydıq. Bu, görünməmiş bir iş olduğu üçün qeyri-adi həllər tələb edirdi. Planlarımızı beynəlxalq dairələrə çatdırıb onların dəstəyini almalıydıq. Çoxlarına məlum deyil ki, "Şahdəniz" və qaz ixracına dair ilk təqdimat ABŞ-ın Hadson İnstitutunda keçirildi. Orada mən çoxsaylı biznes nümayəndələrinin qarşısında çıxış etdim. Bu cür çıxışlar Türkiyə və Gürcüstanda da baş tutdu. Prezident Eduard Şevarnadze ilə onun kabinetində keçirilən görüş yaddaqalan oldu. Gürcüstana SOCAR-ın vitse-prezidenti V.Ələkbərov ilə getmişdik. Mən ətraflı təqdimat edəndən sonra Prezident mətbuat qarşısına çıxaraq Azərbaycandan qaz hasilatı və ixracının perspektivli olduğunu bəyan etdi.

Türkiyəyə qaz satışı və ixracına dair danışıqlar başladı. Dost Azərbaycandan qazın gəlişini dəstəkləyən müsbət fona baxmayaraq danışıqlar uzun və çətin oldu. Səbəblər arasında digər oyunçuların rəqabəti və müxtəlif maraqları, həmçinin nazirliyin o vaxtkı rəhbərliyinin danışıqları uzatmaq istəyi sadalanırdı. Tam əminliklə deyə bilməsəm də düşünürəm ki, Türkiyənin yüksək vəzifəli generalı ilə görüşüm bu məsələnin həllində müəyyən rol oynadı. Söhbətimiz Bakıda, Səlyan kazarmalarının ərazisində yerləşən binada baş tutdu. Generalın xahişi ilə layihəmiz haqqında ətraflı məlumat verdim və danışıqların uğurla başa çatmasının Türkiyə və Azərbaycan üçün olduqca əhəmiyyətli olduğunu vurğuladım. Çox vaxt keçmədən Türkiyədə dəyişikliklər baş verdi, enerji sahəsində rəhbərlik dəyişdi. Qaz satışı və ixracı üzrə danışıqlar sürətləndi və uğurla başa çatdı. Maraqlıdır ki, "Şahdəniz"in prezidenti kimi dəvət olunduğum Ankarada Çankaya sarayında keçirilən rəsmi sənədlərin imzalanma mərasimində Prezident Heydər Əliyevin yanında Bakıda söhbət etdiyim general əyləşmişdi.

Türkiyə və Gürcüstanda danışıqları yekunlaşdırandan sonra biz birinci mərhələnin praktiki həyata keçirilməsinə başladıq. Faza 1-ə dəniz platformasının tikintisi, hasilat quyularının qazılması, Səngəçal terminalında müvafiq qurğuların tikintisi, Türkiyəyə Gürcüstandan keçən Bakı-Tbilisi-Ərzurum (SCP) ixrac boru kəmərinin tikintisi daxil idi. Azərbaycan ilk dəfə xarici bazarlarda ixracatçı qismində çıxış etməyə hazırlaşırdı.

İ.Quliyev. 2001-ci ildə sənin Londona ezam olunmağın haqqında qərar verildi. Orada 2002-2003-cü illərdə Strategiya şöbəsində çalışmısan, 2003-2006-cı illərdə isə Aberdin şəhərində yerləşən Şimal Dənizi üzrə biznes və əməliyyatlara rəhbərlik etmisən. "Şahdəniz"lə əlaqən vardımı?

R.Cavanşir. Mənim başqa vəzifələrim var idi. Təbii ki, bu işlərdən xəbərim vardı, komandamızın uğurlarına sevinirdim, amma bilavasitə iştirak etmirdim.

İ.Quliyev. Bilirəm ki, "Şahdəniz"lə 2006-cı ildə Bakıya qayıdandan sonra yenidən məşğul olmağa başlamısan. Yatağın tammiqyaslı istismarı,Türkiyəyə ixrac imkanlarının genişləndirilməsi və qazın Avropa bazarlarına nəqli ilə bağlı ətraflı məlumat almaq maraqlı olar. Hazırda olduqca məşhur olan Cənub qaz dəhlizi haqqında da danışardın.

R.Cavanşir. Bayaq qeyd etdiyim kimi, 2006-cı ildə məni Böyük Britaniyadan Bakıya dəvət etdilər. Burada mən Azərbaycan, Türkiyə və Gürcüstanda quruda həyata keçirilən əməliyyatlara, o cümlədən "Şahdəniz"in birinci mərhələsində ixrac əməliyyatlarına rəhbərlik etməli idim. Bu vaxtı mənim Faza 2 üzrə təkliflərin hazırlanmasına bilavasitə aidiyyatım yox idi. Rəhbərliyin üzvü kimi Faza 2-nin inkişafına yönələn çoxlu səylər göstərən həmkarlarımın işini müşahidə etməyə imkanım var idi. Amma təəssüf ki, praktiki olaraq müsbətə doğru irəliləyişlər müşahidə olunmurdu. İşlər olduqca pərakəndə şəkildə, bu mürəkkəb məsələnin həlli ilə bağlı çoxsaylı xüsusiyyətləri nəzərə almadan aparılırdı. Keçmişdə fəaliyyəti "Şahdəniz"lə sıx əlaqəli olan insan kimi çox narahat idim, çünki anlayırdım ki, bütün fəaliyyət sahələrində köklü dəyişikliklərə nail olmaq lazımdır. 2008-ci ildə mən "Şahdəniz" üzrə işlərə rəhbərlik etmək üçün xidmətlərimi təklif etmək qərarına gəldim. BP-nin Azərbaycan üzrə o vaxtkı rəhbəri ilə söhbət zamanı məni "Şahdəniz" konsorsiumunun prezidenti təyin etməyi xahiş edərək hasilat, nəql və bu yataq üzrə yeni layihələrin inkişafına dair bütün məsuliyyəti üzərimə götürməyi təklif etdim. Bu əlavə işə görə mən heç bir vəzifə yüksəlişi və ya əlavə maaş tələb etmirdim. Təklifim müsbət qarşılandı və sabahsı gün Londonda rəhbərlik tərəfindən qəbul olundu.

Prioritetimiz qazın dəyər zəncirinin (gas value chain) reallaşdırılmasının yeni inteqrasiya olunmuş modelini yaratmaq idi. Bu unikal təklifin BP-də analoqu yox idi. Qaz hasilatı və ixrac nəqlinə böyük həcmdə paralel investisiyaların (40-45 milyard dollar) nəzərdə tutulduğu tədbirlər proqramının həyata keçirilməsi üçün əsas çətinliklər müəyyənləşdi. 4000 km-dən çox boru kəməri sistemlərinin yaradılması və istismarı mürəkkəb siyasi, dövlətlərarası və coğrafi problemlər kompleksi yaradacaqdı və bunu nəzərə almaq lazım idi. Dənizdə qaz hasilatı və onun Səngəçal terminalında qəbulu üçün yeni güclərin yaradılması, artıq fəaliyyət göstərən Azərbaycan və Gürcüstandan keçən boru kəmərinin genişləndirilməsi, Türkiyəyə ixracın təmini və Türkiyə ərazisindən qazın nəqli, ixrac boru kəmərinin Avropa variantının seçilməsi - bütün bu məsələlər daimi diqqət tələb edirdi. Və əlbəttə ki, hökumətlər və proqram üzrə tərəfdaşların dəstəyini təmin etməli idik. Bu çətinliklərin öhdəsindən real zamanda gəlməli, bütün fəaliyyət sahələrinin inteqrasiyasını, eyni zamanda əsas məsələlərə dair danışıqların aparılmasını təmin etməli idik.

Mən "Şahdəniz"in vitse-prezidenti vəzifəsini yaratdım. Bu vəzifədə çalışan şəxs proqramın əlaqələndirilməsini yerinə yetirməli idi. Çoxşahəli, miltidisiplinar və beynəlmiləl olduğuna görə mən həmişə bunu layihə deyil, proqram adlandırırdım. İdeya ondan ibarət idi ki, yeni vitse-prezidentin proqramın bütün aspektlərini əlaqələndirmək və inteqrasiya etmək imkanı olsun. Lakin işlər mənə tabe olan liderlər, məsələn dənizin işlənilməsi layihələri və terminal, boru kəmərlərinin tikintisi, qazıntı, qaz marketinqi və s. məsələlər üzrə vitse-prezidentlər, ölkələr üzrə rəhbərlər və digərlərinin rəhbərliyi altında yerinə yetirilməli idi. Həmişə olduğu kimi, əsas rəhbərliyi və əsas xarici əlaqələri mən təmin etməli idim. "Şahdəniz"in vitse-prezidentinin sadəcə kiçik komandası vardı, və digər vitse-prezidentlərdən heç biri ona tabe deyildi. Onun işinin əsas məqsədi proqramın praktiki həyata keçirilməsi prosesində bütün işlərin əlaqələndirilməsinin təmini idi. Bu məqam kimin "Şahdəniz 2"-nin əlaqələndirilməsinə görə məsuliyyət daşıması və maraqlı tərəflərlə qarşılıqlı əlaqələri təmin etməsinə dair qeyri-müəyyənliyi azaltmağa imkan yaradacaqdı. Maraqlıdır ki, bir neçə il ərzində "Şahdəniz"in vitse-prezidenti səhvən proqramın əsas rəhbəri kimi qəbul edilirdi, halbuki heç vaxt bu cür səlahiyyətlərə malik deyildi. Mənim üçün bu əhəmiyyət daşımırdı, çünki məqsəd başqa idi, və bu məqsəd özünü təmamilə doğrultmuşdu. Əsas məsələ o idi ki, ona tabe olmayan, mənim isə liderliyimə hörmətlə yanaşan digər vitse-prezidentlər bizə dəstək olsunlar. Təklif BP-nin ali rəhbərliyi tərəfindən yekdilliklə qəbul olunaraq 2009-cu ildən uğurla reallaşdı. Nəticədə Cənub qaz dəhlizi yaradıldı. Bu proqramın ideyası mənim rəhbərliyim altında təklif olundu və gələcəkdə də reallaşdı.

Proqramın həyata keçirilməsi prosesində mənim işə qarışdığım və bununla da müsbət irəliləyişlərin olduğu məqamlar çox olub. Və burada mən bir daha Prezident İlham Əliyevin dəstəyi və liderliyini qeyd etməliyəm.

Dəniz işlənilməsi layihəsindən danışım. Həmişəki kimi, SOCAR rəhbərliyinin əsassız tənqidi ilə qarşılaşdıq, bu isə işləri əməllicə ləngitdi. Detallar ürəzində dayanmayacam, amma mən yenə də şəxsən tərəfdaşların yanında bütün şərhləri təqzib edib konsepsiyamızı qəbul etməyə məcbur etməli oldum. Maraqlıdır ki, tənqidin əsassız olduğunu anlayan SOCAR-ın bəzi nümayəndələri məni təbrik etdilər, rəhbərlərdən biri isə hətta gizli-gizli qucaqladı. Sualtı tədbirlər plani qəbul olundu və çox dərinliyi olmayan sahədə iki qaz qəbuledici platformanın tikintisi nəzərdə tutulurdu. Xəzər dənizi üzrə keçirilən sərgidə ekspozisiyamızı seyr etməyə gələn Prezident İlham Əliyevə konsepsiya haqqında ətraflı məlumat verdim.

Ən çətin məsələ Türkiyə ilə razılıq əldə etmək idi, xüsusilə də qazın nəqli məsələsində. Bu məsələdə SOCAR irəli gedə bilmirdi. Onlar danışıqları bizsiz aparmağa çalışırdılar, halbuki Türkiyə tərəfi BP-nin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını dilə gətirirdi. 2010-cu ilin yazında mənə məlumat verdilər ki, anlaşma haqqında memorandum Türkiyənin baş nazirinin 2010-cu ilin mayında baş tutacaq Bakı səfəri çərçivəsində imzalanacaq. Səfər baş tutdu, amma sənəd imzalanmadı. Elan olundu ki, imzalanma mərasimi təxirə salınır və sənəd bir neçə həftədən sonra İstanbulda imzalanacaq. Çox keçmədən mənə Türkiyənin Energetika Nazirliyindən zəng edərək danışıqlara dəstək olmaq üçün görüşə dəvət etdilər. Mayın sonunda Ankaraya yola düşdüm. Orada ətraflı müzakirələr aparıldı, gələcək addımlar müəyyənləşdi. Bu barədə SOCAR-ın rəhbərliyini məlumatlandırdım.

İyunun ilk günlərində mən Bakıda hər il keçirilən neft sərgisində iştirak edirdim və Prezident İlham Əliyevlə BP-nin stendini seyr edərkən görüşdüm. Prezident müəyyən bir vaxt mənimlə təkbətək söhbət etdi. Xüsusilə ölkə başçısını qaza dair danışıqların nəticələri maraqlandırırdı. Mən Prezidentə ətraflı məlumat verdim, o cümlədən Türkiyə səfərimin nəticələri haqqında bəhs etdim. Danışıqlarda iştirak etmədiyimi biləndən sonra ölkə başçısı İstanbul səfəri zamanı SOCAR-ın rəhbərliyi ilə birlikdə mənim də danışıqlarda iştirakım barədə göstəriş verdi. Həmin mərasimdə iştirak etdiyimə görə qürur duyuram və Prezident İlham Əliyevə mənə göstərilən etimada görə minnətdaram. 2010-cu il iyunun 7-də İstanbulun Çırağan Palace sarayında Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə Azərbaycan və Türkiyə memorandum imzaladılar. Bu sənəd Türkiyədə qaz satışı üzrə gələcək danışıqların və onun nəqlinin təməlini qoydu.

Digər mühüm hadisə 2010-cu ilin dekabrında "Şahdəniz" üzrə müqavilənin 5 illik uzadılmasına dair razılaşmanın imzalanması idi. Bu hadisə danışıqlar üçün böyük əhəmiyyət kəsb edirdi, çünki satılan qazın həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verdi.

2011-ci il iyulun 15-də mən Prezident İlham Əliyevlə görüşə dəvət olundum. Düşündüm ki, Prezident məni ona ünvanladığım məktubla əlaqədar görmək istəyir. Məktubda Gürcüstan ərazisindən qaz ixracının genişləndirilməsi ilə bağlı bəzi məsələlərin müzakirəsi üçün məni qəbul etməyini xahiş etmişdim. Məlum oldu ki, Prezident mənim "Şöhrət" ordeni ilə təltifim haqqında Fərman imzalayıb və mükafatı mənə şəxsən təqdim etmək istəyir. Olduqca həyacanlı idim və ölkə başçısına bu yüksək mükafata və etimada görə təşəkkürümü bildirdim. Masanın üzərində məktubumu görəndə Prezidentdən xahiş etdim ki, mənə bir neçə dəqiqə ayırsın. Ölkə başçısına məruzə etdim ki, qəribə təklif gözləyirəm: imzalanmış və Gürcüstan parlamenti tərəfindən ratifikasiya olunmuş sənədlər əsasında Gürcüstandakı qaz boru kəmərinin genişləndirilməsi əvəzinə SOCAR Azərbaycan və Türkiyə sərhəddində yeni xətt çəkmək istəyir. Əsas problem onda idi ki, marşrut boru kəmərinin Axaltsixe (Axalsıx) regionunun ərazisindən keçməsini nəzərdə tuturdu. Bayaq dediyim kimi, hələ BTC və SPC qaz boru kəmərinin planlaşdırılması dövründə qərara alınmışdı ki, həm təhlükəsizlik, həm də aylarla davam edən məhkəmələrə görə tikinti işlərinin aparılmasının mümkünsüzlüyü və digər risklər baxımından marşrut bu regiondan yan keçməlidir. BTC və SCP üzrə planların müzakirəsi və təsdiqində şəxsən iştirak edən və Gürcüstandan keçən marşrutun müəyyənləşməsi ilə bağlı nəhəng çətinlikləri gözəl xatırlayan Prezident narahatlığımı dərhal qiymətləndirdi və marşrutun dəyişdirilməsi üzrə böyük səhvə yol verə bilməzdi.  Risk o dərəcədə böyük idi ki, "Şahdəniz 2" proqramının icrasını ləngidə, bəlkə də təmamilə ləğv edə bilərdi. Ölkə başçısı tərkibində Prezidentin köməkçisi, energetika naziri, maliyyə naziri və Neft Fondunun rəhbəri olan hökümət nümayəndələri qrupunun formalaşdırılması haqqında qərar verdi. Bu qrupa marşrutun seçimi prosesində iştirak edərək məsələnin daha dəqiqliklə müzakirə edilməsi tapşırıldı. Sonrakı detallar haqqında danışmayacam, amma əlavə müzakirələrdən sonra təklif rədd edildi və SCP əlimizdə olan imkanlar çərçivəsində genişləndirildi.

Türkiyə ilə isə xüsusilə qazın nəqli məsələsinə dair danışıqlarda irəliləyiş yox idi. Bununla yanaşı, BTC-nin Türkiyədəki operatoru işini yaxşılaşdırmağa can atmırdı və əməliyyat razılaşması əsasında maliyyələşmənin həcmindən narazılığını bildirməyə davam edirdi. Onlar hətta Arbitraj məhkəməsində əsassız iddia da qaldırdılar və bu məhkəmə işi aylarla uzana bilərdi. Bütün bunlar boru kəmərinin işinə əhəmiyyətli dərəcədə təsir edirdi və ciddi itkilərə səbəb ola bilərdi. Mən Türkiyədəki bir çox oyunçularla sıx ünsiyyətdə olmalı oldum, nəticədə anladım ki, BTC-nin operatoruna kömək etməsək qaz üzrə danışıqlarda irəliləyiş əldə etmək çox çətin olacaq. SOCAR-da da bunu anlayırdılar.

2011-ci il avqustun 24-də mən Ankarada Türkiyənin energetika naziri ilə görüşdüm. Aramızda isti və səmimi münasibət vardı. Nazir səmimi etiraf etdi ki, BTC-nin operatorunun problemləri həll olunmalıdır. Mən dərhal müvafiq iştirakçıları toplayaraq danışıqlar keçirməyi təklif etdim. Qısa müddət ərzində nazir ətrafında nazirlik, BOTAS və operatorun (BIL) 15-ə yaxın nümayəndəsini topladı. Təxminən 10-a yaxın məsələ müzakirə olunaraq öz həllini tapdı. Türkiyə nümayəndələri çox razı idilər, amma mən haqlı olaraq bir şərt irəli sürdüm ki, sənədin imzalanması "Şahdəniz 2" qazının alqı-satqısı və nəqlinə dair razılaşmaların imzalanması ilə eyni vaxtda baş tuta bilər.

İ.Quliyev. İzmir razılaşmaları haqqında danışmağın əsl vaxtıdır. Bu haqda demək olar ki, heçnə məlum deyil. Səbəbini bilmirəm, amma mətbuatımız bu haqda praktiki olaraq heç bir məlumat verməyib. Halbuki bu razılaşmalar proqramın icrasının son mərhələsinə keçid zamanı böyük əhəmiyyət kəsb edirdi.

R.Cavanşir. Haqlısınız. Məlumat yox idi. Hətta Türkiyədə demək olar ki, ətrafli məlumat dərc olunmayıb. Bu tarixi hadisəni əks etdirən heç bir şəkil də yoxdur. Düzdür, məndə bir foto var, amma bu, BP əməkdaşının çəkdiyi fotodur, elə də keyfiyyətli deyil.

Son danışıqlar və sənədlərin imzalanması haqqında bəhs edəcəm. İlk növbədə, Prezident İlham Əliyevin iştirakı və dəstəyini vurğulamalıyam. 2011-ci il oktyabrın əvvəllərində Prezidentlə görüşüm baş tutdu. Görüş zamanı ölkə başçısına danışıqların detalları və "Şahdəniz" səhmdarları tərəfindən maliyyələşmənin davamı üçün nəzərə alınmalı xüsusiyyətlər haqqında məlumat verdim. Çox irəli getməyərək növbəti maliyyə paketinin sanksiyalaşdırılması üçün tələb olunan minimum şərtlərin yerinə yetirilməsinə nail olmaq lazım idi. Prezident 24-25 oktyabrda baş tutacaq İzmir səfəri zamanı sənədlərin imzalanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Ölkə başçısı layihənin ardıcıl inkişafının nə dərəcədə vacib olduğunu anlayırdı və SOCAR-a BP ilə sıx əməkdaşlıq etməyi tapşıracağını söz verdi.

Mən Ankaraya yola düşdüm. Burada energetika naziri ilə görüşdüm, və nazir oktyabrın 24-dək danışıqların təcili yekunlaşmasına dair qərar verdi. BOTAS, BP və SOCAR tərəfdən iştirakçılar bir neçə gecə yuxusuz qalaraq sənədləri hazırladılar. İzmirdə dəqiqləşdiriləcək bir neçə bənd qaldı. Nazir də öz ofisində gecə-gündüz qalıb adətən gecələr mənimlə işlərin gedişatını müzakirə edirdi.

SOCAR rəhbərliyi ilə birgə İzmirə yola düşdük və imzalanma mərasiminin keçiriləcəyi otelə gəldik. Gözlənilmədən Türkiyə tərəfi razılaşmanın bəzi bəndlərini iri ekrana çıxarmağı təklif etdi. Türkiyə tərəfinin mətnə daxil etmək istədikləri bir rəqəm çıxmaq şərtilə digər bəndlərin çoxusunun əhəmiyyətsiz olduğunu bilirdim. Fikrimcə, bu rəqəmin də bir o qədər əhəmiyyəti yox idi və o, danışıqların yekunlaşmasına təsir etməməli idi. BP mütəxəssisləri də bu fikri dəstəkləyirdilər. Müzakirələr dayandırıldı, çünki hamı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanı İzmirdə müşayət edən nazirlə SOCAR-ın prezidentininin gəlişini gözləyirdi. Nəhayət onlar gəldilər və danışıqlar masasında öz yerlərini tutdular. Vaxtımız yox idi, çünki Prezident və Baş nazir otelin əsas zalında nəzərdə tutulan mərasimlərdə artıq iştirak edirdilər. Dövlət başçıları mərasimi tərk edənədək sənədlərin hazır olmaması riski ilə üz-üzə idik. Gərgin vəziyyət yaranmışdı, tərəflər öz tələblərini dəqiq dilə gətirə bilmirdilər. Mən məsələyə qarışmağa qərar verdim və SOCAR-ın prezidentinə yaxınlaşaraq Türkiyə tərəfinin israr etdiyi rəqəmlə razılaşmağı məsləhət gördüm. O, dərhal rəqəmlə razı olduğunu bəyan etdi. Bu, həlledici məqam idi, və danışıqlar başa çatdı. Sənədlər Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalandı. "Şahdəniz" tərəfdaşlarının adından Türkiyə ilə qazın satışı və nəqlı haqqında müqaviləni və BOTAS ilə texniki əməkdaşlıq haqqında müqaviləni SOCAR və BP təsdiqlədi. Mən sənədi "Şahdəniz" konsorsiumu adından imzaladım. Həmçinin mən BTC üzrə razılaşmanı da imzaladım, və bu uzunillik konfliktə son qoydu. Avropa bazarlarına qazın satışı və ixracı üçün imkan yaradan tranzit ticarətlə bağlı razılaşmanın tarixi əhəmiyyətini xüsusilə qeyd etməliyəm.

İ.Quliyev. Əminəm ki, bəhs etdiyin detallar haqqında məlumat oxucularımız üçün maraqlı olacaq. Qaz haqqında daha nə deyə bilərsiniz?

R.Cavanşir. Hazırda hamı Cənub qaz dəhlizi haqqında çox danışır. Bu dəhliz Xəzər bölgəsindən Avropaya əlavə ixrac həcmini təmin edən mühüm amilə çevrilir. Qeyd etdiyim kimi, bu ideyanı ilk dəfə hələ regional prezident olduğum dövrdə səsləndirmişəm. İlk addım Cənub dəhlizinin perspektivlərinin ətraflı araşdırılmasının təsdiqi olub. İş McKinsey şirkəti ilə birgə yerinə yetirilib və sonradan BP tərəfindən dəstəklənib. Bu ideyanın inkişafına imkan yaradan əsas məqamlardan biri Avropa İttifaqının Komissiyasının sədri Joze Barroza ilə görüş olub. Həmin vaxt o Bakıda səfərdə idi və Prezident İlham Əliyevlə Avropaya qaz ixracının potensial imkanlarına dair səmərəli müzakirələr aparırdı. Fikrimcə, mənim ətraflı izahlarım Barrozaya problemi daha yaxşı anlamağa kömək etdi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsinə gətirib çıxardı, və bu Cənub qaz dəhlizi ideyasının reallaşmasına təkan verdi. Bununla əlaqədar əlavə edə bilərəm ki, Nabukko variantı deyil, Trans-Adriatik boru kəməri (TAP) qəbul olunanda Avropaya marşrut seçiminə dair çox əmək sərf etməli olduq. Türkiyədə Trans-Anadolu boru kəmərinin tikintisi də bu məsələdə mühüm rol oynadı. Amma həmin vaxt mən regiondakı fəaliyyətimi artıq başa çatdırmışdım və bu mühüm layihənin icrasında bilavasitə iştirak etmirdim.

İ.Quliyev. 2010-cu ildə siz "Şəfəq-Asiman" üzrə Azərbaycanla müqavilə imzaladınız. Bu, "Şahdəniz" üzrə müqavilənin imzalanmasından 14 il sonra baş verdi. Maraqlıdır ki, bir azərbaycanlı bu dərəcədə əhəmiyyətli sənədi BP  beynəlxalq neft korporasiyasının adından imzalayıb. Bu da milli kadrların hazırlanmasında əməli irəliləyişi təmin edən Azərbaycan Respublikasının Prezidentləri Heydər Əliyev və İlham Əliyevin neft strategiyasının uğurunun göstəricisidir.

R.Cavanşir. Siz təmamilə haqlısınız. Qərbdə fəaliyyət göstərən neft şirkətində çalışmağa razılığımın bir səbəbi də azərbaycanlıların ən çətin vəzifələri icra etməyə, hətta iri layihələrə rəhbərlik etməyə qadir olduqlarını nümayiş etdirmək idi. "İnam"ın prezidenti kimi fəaliyyətə “Əsrin müqaviləsi” bağlandıqdan təxminən 4 il sonra, 1998-ci ildə başladım. Sonralar isə bir sıra yüksək vəzifələrdə çalışdım. Mütəxəssislərimizin yüksək hazırlıq səviyyəsi ilə fəxr edirəm. Bu amil şirkətin işində milli kadrların iştirak payını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. Xüsusilə sevindirici haldır ki, tələbələrimdən çoxu hazırda yüksək rəhbər vəzifələrdə çalışır. Onların arasında Bakıda bir neçə regional vitse-prezident, BP-nin Mavritaniya və Seneqal üzrə baş vitse-prezidenti, İraqda biznes rəhbəri və digərlərini sadalamaq olar. Tələbəm hesab etdiyim Böyük Britaniyanın bir neçə ən uğurlu nümayəndəsini də qeyd edə bilərəm. Məsələn, Almaniyada aparıcı neft şirkətinin baş vitse-prezidenti və ya İngiltərədə qiymətli materialların hasilatı və emalı üzrə iri şirkətin rəhbəri.

"Şəfəq-Asiman" üzrə danışıqları xatırlayarkən mən bir daha Prezident İlham Əliyevin rolunu vurğulamaq istəyirəm. Mənimlə görüşdən sonra ölkə başçısı danışıqların yekunlaşdırılması və müqavilənin imzalanması haqqında qərar verdi. Maraqlıdır ki, bu hadisə BP-nin yeni rəhbərinin xaricə ilk səfəri zamanı 2010-cu il oktyabrın 7-də baş tutdu və onun fəaliyyətinin başlanğıcı üçün mühüm hədiyyə oldu.

İ.Quliyev. Məlumdur ki, “Əsrin müqaviləsi” uzadılıb. Bu hadisəyə hazırlıqlar necə həyata keçirilib? Axı bütün bu işlər uzun illik çalışma və çətin danışıqlar tələb edirdi.

R.Cavanşir. Regional prezident olduğuma görə mən bu məsələni hər zaman diqqət mərkəzində saxlamışam. SOCAR-la çoxsaylı müzakirə və çətin danışıqlar aparılsa da nəticə yox idi. Prezident İlham Əliyev çox gözəl anlayırdı ki, müqavilənin uzadılması zəruridir, bizim bu məsələyə dair görüşlərimiz olub. Ölkə başçısı BP-də bu istiqamətdə işlərin gedişatı ilə maraqlanıb. Mən irəliləyişlər haqqında məlumat verirdim və nəticə haqqında da məruzə etməyi söz verdim. Bu məsələyə dair son görüşümüz 2012-ci ilin mayında baş tutdu. Mən gələcək müzakirələr üçün təklifləri təqdim etdim. Prezident razı qaldı və prosesə başlamağı təklif etdi. Təəssüf ki, işlə əlaqədar Londona getdiyimə görə mən bu prosesdə şəxsən iştirak etməmişəm, amma sevinirəm ki, nəticədə sənəd imzalandı. Söhbətimizi bir qənaətimlə bitirmək istəyirəm: Prezident İlham Əliyev hər zaman neft və qaz müqavilələrinin investorları və operatorlarının davamlı dəstəklənməsinə diqqət yetirməsəydi, Azərbaycanda neft strategiyasının uğuru mümkünsüz olacaqdı.

İ.Quliyev. Sizə təşəkkür edirəm. Mən çox şey haqqında məlumatlandım və bir daha əmin oldum ki, məhz neft strategiyası Böyük Zəfərə zəmin yaratdı, siyasi, iqtisadi və sosial uğurları təmin etdi. Azərbaycanın iqtisadi gücü zəngin təbii sərvətlərə, ilk növbədə karbohidrogen ehtiyatlarına əsaslanır və düzgün idarəetmədən asılıdır. Təbii ehtiyatlar heç vaxt özü özlüyündə həlledici rol oynamır. Bir çox ölkələrin timsalında deyə bilərik ki, çox vaxt bu ehtiyatlar problem və faciələr yaradır, dövlətlərin inkişafına mane olur. Amma Azərbaycan xarici şirkətlərlə, ilk növbədə BP ilə birgə iri sərmayelərə yol açan dəqiq iqtisadi-siyasi inkişaf strategiyası hazırladı. Əsas amil bu sahənin ən yüksək texnoloji səviyyədə təchiz edilməsi idi. Bu gün Azərbaycanda neft və qazın kəşfiyyatı, hasilatı və nəqli çox az sayda dünya şirkətləri üşün əlçatan olan intellektual və texnoloji səviyyədə həyata keçirilir.

Nəhayət, tarixdə şəxsiyyətin rolu. Bu, hamıya məlum olan aksiomdur. Ulu Öndər Heydər Əliyevin düşüncələri və strategiyası uğurla icra edilir. Opponentləri ilə müqayisədə Prezident İlham Əliyevin intellektual, psixoloji və iradə üstünlüyü müzakirə edilmir və açıq-aydın görünür. Liderlər arasında danışıqlar hələ ki, hamıdan gizli saxlanılır, amma çıxış və müsahibələrin yüksək səviyyəsi, emosional əhval-ruhiyyə göz qabağındadır. Gözəl təhsil və dil biliyi, neft və qaz üzrə olduqca mürəkkəb danışıqlar zamanı əldə olunan iş təcrübəsi, dünya liderləri ilə çoxillik ünsiyyət təcrübəsi - bütün bu amillər dünya miqyaslı lider və siyasətçinin formalaşmasına gətirib çıxardı. Çox sadə səslənsə də, bugünkü Qələbəmiz Azərbaycan xalqı və onun liderinin haqlı və birmənalı qələbəsidir.

  • Paylaş: