Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

XVIII əsr abidəsi “Məzhər üt-türki” əsəri
01.12.2023 09:45
  • A-
  • A
  • A+

XVIII əsr abidəsi “Məzhər üt-türki” əsəri

XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər-üt-türki" dərsliyi (Bakı, "Elm və təhsil", 2023) ilk dəfə Azərbaycanda dosentlər İxtiyar Bəxşi və Günel Orucova tərəfindən fars dilindən tərcümə edilərək nəşr olunmuşdur. Tərtibçi, ön sözün və şərhlərin müəllifi professor Nadir Məmmədli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Risalə Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. Fars dilindən tərcümə olunan dərslik Azərbaycan dilinin leksik və qrammatik normalarının inkişaf tarixinin öyrənilməsi baxımından çox dəyərli mənbədir.

Türk dillərində dilçilik elminin tarixi inkişafı spesifik xüsusiyyətlərə malik müxtəlif mərhələlərdən ibarətdir. İlk dövrlərdə lüğət-qrammatika əsərlərinin yazılması ilə başlayan dilçilik elminin inkişafı Berqamalı Qədrinin və Ə.Nəvainin "Mühakimətül-lüğateyn" əsərindən sonra durğunluq mərhələsinə keçmişdir. Uzun müddət Azərbaycan mühitində qrammatika əsərləri yazılmamışdır. Bu baxımdan, Nadir şah Əfşarın zamanında qələmə alınmış "Məzhər üt-türki" əsəri bu günə qədər orta əsr Azərbaycan dili üçün yazılmış ilk qrammatika dərsliyi kimi olduqca əhəmiyyətlidir. Çünki XVIII əsrə qədər Azərbaycan dilinin qrammatik xüsusiyyətləri haqqında məlumatlar bədii üslub nümunələrində verilən faktlar əsasında müəyyənləşdirilmişdir. XVI əsrdə Berqamalı Qədrinin “Müyəssirətül-ülum” adlı qrammatika və Əlişir Nəvainin “Mühakimətül-lüğateyn” əsərləri Osmanlı türkcəsi və çağatay türkcəsinin əsas dil qaydaları haqqında məlumatı özündə ifadə etsə də, bu günədək dil tarixçiləri orta əsr Azərbaycan dili üçün bu kitabları əsas elmi qaynaq hesab etmişlər. Bu baxımdan, yeni nəşr olunmuş "Məzhər üt-türk"i əsəri Azərbaycan dil faktlarını və dil xüsusiyyətlərini özündə əks etdirdiyi üçün əvəzedilməz qaynaqdır. Əsər təkcə qrammatik məlumatlar bazası kimi deyil, Səfəvi və Əfşarlar dövründə Azərbaycan dilinin inkişaf tarixinin aydınlaşdırılması baxımından da dəyərli mənbədir.

Kitabın yazıldığı tarixi dövr Azərbaycan dil mühitində çağatay dili və Əlişir Nəvai təsirinin güclü hiss olunduğu mərhələdir. Bu mərhələdə Əlişir Nəvai lüğətləri hazırlansa da, qrammatik risalə və ya oçerklərin yazılması ilə bağlı mənbələr demək olar ki, yoxdur. Nadir Şah Əfşarın münşisi və dövrünün məşhur tarixçilərindən hesab edilən Mirzə Məhəmməd Mehdi xan ibn Məhəmməd Nasiri Astrabadinin 1758-1760-cı illərdə yazdığı, Ə.Nəvai lüğətlərinin ən irihəcmlisi hesab edilən "Sənglax"ın "Məbaniül-Luğa" adlı ilk bölməsi qrammatik oçerk olsa da, çağatay dili xüsusiyyətlərini əhatə etdiyindən XVIII əsr Azərbaycan dili üçün əsas mənbə hesab edilmir. Əsərin müəllifi Əbdürrəhim Ərdəbili Şirvani müqəddimədə belə bir qaynağa ehtiyac olduğunu nəzərə alaraq bu əsəri yazdığını qeyd edir: "Tanışlarımdan və dostlarımdan bir çoxu da eyni mövzunu və iddianı dəfələrlə bu aciz bəndədən xahiş və tələb edirdilər. Buna əsasən bu bəndeyi-həqirin səy göstərməsi qarşılığında verilən xidmətin nəticəsinin ortaya çıxmasını yerinə yetirmək vacib və lazım oldu. Kitabı bir müqəddimə və dörd bölüm və bir sonluqda yerləşdirdim və onun adını "Məzhər-üt-türki" qoydum". Müəllif giriş hissəsində Əlişir Nəvainin "Mühakəmətül-lüğateyn" əsərində olduğu kimi dilləri müqayisə edərək yazır: "Çünki böyüklər və elm sahibləri ərəbcəni fəsahətdə, farscanı məlahətdə və türkcəni şücaətdə tapmış və bunu belə hesab etmişlər".

Müəllifin giriş hissəsində türk dili anlayışı haqqında dediyi fikirlərin bəziləri bugünkü dilçilik elmi və türkologiya üçün olduqca önəmlidir. "El və oymaq, tayfa və toplum çoxluğu etibarilə türkcə danışanların sözləri arasında çoxlu fərqlər vardır və baxmayaraq ki, həqiqətdə hamısı türkcədir, amma sözlərin əksəriyyətində söz və məna baxımından tam fərq vardır". Türk dillərinin çoxluğunu və bu dillər arasındakı fərqləri müəllif geniş şəkildə şərh etmişdir. Cığatay adlandırdığı türkcənin Türküstan və Çin, Maçin, Xəta və Xotəndə yayıldığını, özbəkiyyə və qalmaqların (kalmık) da dilinin cığatayca olduğunu yazan Əbdürrəhim Şirvani bəlağət və fəsahətdə bu dili Türk dillərinin ən üstünü hesab etmişdir. Biladi-Rumda yaşayan Osmanlı tayfalarının dili barədə isə müəllif yazır: "Xalq orada hamılıqla türkcə danışır və onların da əksər ifadələri İran türkcəsindən çox fərqlidir". Qeyd edir ki, türkcə danışanların əsərdə üçüncü qrupu isə İran vilayətləri və elatının türkləridir ki, onlar da müxtəlif cür danışırlar. Əbdürrəhim Şirvani əsərin müqəddiməsində axıcı, rabitəli, sevilən, bəyənilən, şirin sözə malik Qızılbaş türkcəsinin qayda-qanunlarını izah və şərh etdiyini yazır.

Əsərin müqəddiməsi Qızılbaş filoloji mühiti haqqında təsəvvür yaratdığı üçün də dəyərli qaynaqdır. Müəllif qrammatik izahlarda Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmür Qaragözlü, Molla Tanriverdi Şahsevən, Molla Yaradanqulı kimi Xəmsə alimlərinin əsərlərini istinad nöqtəsi kimi götürmüşdür. Onlar haqqında ilk məlumatın burada verilməsi də Azərbaycan filoloji tarixi ilə bağlı neçə-neçə naməlum əsərlərin olduğunu göstərir. Türk dilinin üstünlüklərini qeyd edərək yazır ki, "Bil ki, türkcə danışmaq çox yaxşı və bəyəniləndir və bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və zəmanə və dövrün əmr sahibi olan sultanlar və hakimlərin dilidir". Əbdürrəhim Şirvaninin bu sözləri M.Kaşğarinin XI əsrdə "Divanü-luğat-it-türk"də yazdığı "Türk dilini öyrənin, çünki onların çox uzun sürəcək səltənətləri var" fikrinin sanki XVIII əsrdəki təcəssümüdür. XI əsrdə dövrün sultanlarının dili olan bu türkcənin XVIII əsrdə də Sultan və hökmdar dili olması və onun əsas üstünlükləri qeyd edilir. Hətta Əbdürrəhim Şirvani yazır ki, "türkcə danışan adam müstəhəbdir ki, vəzifə sahibi ya da böyük sürü və ilxı sahibi olsun, ya da heç olmasa süvari atlı və dövlət işlərində ehtiyac duyulan şəxs olsun, əgər bunların heç biri olmasa türkcə danışması məkruh olacaqdır". Bununla da Türk dilinin yüksək dil səviyyəsində inkişafını təqdim edir.

Feillərlə bağlı verdiyi ilk açıqlamada "Bütün türkcə feillər məsdər, keçmiş və gələcək zamanlarda, əmrdə və inkar, sual və təsdiqdə türkcə tamamilə əmrlə deyilir" - fikri də bunu təsdiq edir. Müəllif əsərin digər bölmələrində də öz fikirlərini davam etdirərək yazır ki, "Türkcə danışığa gərək qətiyyət daxil edilsin və bu dil də bilərəkdən əmrdən irəli gələrək danışılsın. Əgər səhv olsa, ya da qətiyyət işlənməsə, türkcə sözün haqqı verilməmiş olacaq və türkcə sözün çarəsizlik və nəzakət səbəbi ilə danışılması ikrah doğurucudur".

Əsərin müqəddimə hissəsində sözlərin ərəb sözləri kimi qaydaya salınması, eləcə də sərf-nəhv elmi barədə də qısa məlumat verilir. XVI əsrdə Osmanlı türkcəsinin qrammatikasını yazan Berqamalı Qədri də eyni yol ilə getmiş, ərəb dilindəki feillərlə, qrammatik kateqoriyalarla bağlı qaydaları türk feillərinə aid etməyə çalışmışdır. Lakin Berqamalıdan fərqli olaraq ərəb dili qaydalarını türk dillərinə olduğu kimi tətbiq etməyin doğru olmamasını görən müəllif ərəb və türk dillərinin qrammatik qaydalarının fərqli cəhətlərini də qeyd edir: "Lakin türkcədə tək olana müdaxilə ediləndə onu cəm bilirlər və təsniyə üçün təyinedici bir əlamət yoxdur və kişi və qadın üçün təyinedici ayrıca əlamət yoxdur və sözün oxşarlığına görə onu müəyyən və təyin edirlər". Bu məqamda Xəmsə alimlərinə müraciət edən Əbdürrəhim Şirvani dövrün alimlərinin fərqli fikirlərini də təhlil edir. Əsərdə cins kateqoriyası ilə bağlı müxtəlif fikirlər də öz əksini tapmışdır.

Müəllif keçmiş zamanla bağlı verdiyi izahlarda dövrün Azərbaycan dilinin əsas əlamətlərini müəyyənləşdirir. Əsərdə keçmiş və gələcək zamanı izah edən Ə.Şirvani indiki zamanın adını çəkməmiş, gələcək zaman şəkilçisi kimi - "acaq" şəkilçisini qeyd etməmişdir.

Məlumdur ki, türk dillərində ahəng qanununun iki forması dodaq və damaq ahəngi özünü göstərir. Azərbaycan dilində damaq ahəngi güclü olsa da, dövrün Osmanlı dil mühitində dodaq ahəngi güclü idi. Bu baxımdan, Ə.Şirvani  şəkilçilərin söz sonuna artırılması zamanı dodaq saitlərinin ardıcıllığını da nəzərə almış, qrammatik şərhlər zamanı onların fikirlərini müqayisə etmişdir.

Müəllifin əsər boyu Azərbaycan dilində söz kökləri barədə özünəməxsus izahları diqqəti cəlb edir. Ə.Şirvani Azərbaycan dilində əmrlə danışığın üstün tutulması və feillərin kökünün əmrdə olduğunu qrammatik cəhətdən izah edir.

Türk dilində sual anlayışının üç əlamət - "mi", "ola" və "aya" vasitəsilə əmələ gəldiyini izah edən Ə.Şirvaninin göstərdiyi əlamətlərdən sonuncusu, bugünkü Azərbaycan dialektlərində daha çox xitab kimi özünü göstərir. Əslində müəllif nümunələrində də (aya qılar?, aya qılarlar?, aya qılarsarı?, aya qılarsız?, aya qılaram?, aya qılaruq?) bir növ sual intonasiyasını yazıda bəlli etmək üçün istifadə edilən üsul kimi verir.

Alim kitabın ikinci fəslində feillərdən geniş bəhs edir. Təsirli feillərin yaranmasını - "dür" şəkilçisi ilə əlaqələndirir və bu məqamda Azərbaycan dilində sözdaxili birləşməni əsas əlamət kimi göstərir. Müəllif burada birləşmə dedikdə, təkcə sözün hərf cildindəki birləşməni nəzərdə tutmur, o şəkilçi əlamətlərini və nitq prosesində sözdaxili səs qovuşmalarını, hətta əsərdə əvəzlik adlandırdığı mənsubiyyət və şəxs əlamətlərini də faktlarla izah edir. Məsələn, öldürrəm, öldürrüg nümunələrində öldürə+rəm, öldürə+rik sözlərindəki sait səsin düşməsi və r qoşalaşmış halı, feillərdə şərt bildirənlər və əvəzliklərin söz daxilində "gizli" qalması faktını da bu "birləşmə" anlayışına daxil edir: "Əgər imkan olsa ki, bütün türkcə sözləri birləşdirib deyələr, daha üstün və münasib görünər və türkcə söz kamillik həddinə çatar".

Əsərin ikinci hissəsində müxtəlif söz qrupları, dilin lüğət tərkibi qrammatik və leksik cəhətdən təhlil edilmişdir. İlk bölmədə "idi", ol köməkçi feilləri, - "dur" şəkilçisi və "degül" sözü isim adı altında şəxsə görə dəyişdirilmişdir. Eləcə də, istiqamət bildirən alt, üst, saq, sol, ög, gerü, irəlü, qarşu, ənsə, sonra, ara, orta sözləri təhlil edilmişdir. Anda, bunda, handa, oçaq, buçaq, haçaq sözləri qrup şəklində izah edilsə də, ilk hissələri olan o, bu, ha (hara) hissələri işarə etmək əlaməti daşıyır.

Əsərdə verilən dil faktları və qrammatik şərhlər bugünkü prizmadan yanaşdıqda dövrün dil mənzərəsi üçün olduqca dəyərlidir. Bu materiallar türk dillərinin arasında fonetik, leksik və qrammatik səviyyədə müşahidə edilən fərqlilikləri özündə ehtiva edir. "Məzhər üt-türki" dərsliyində üç fərqli türk dilində dil nümunələrinin verilməsi, müxtəlif alimlərin şərhləri ilə bunların izah edilməsi, lüğət hissəsindəki nümunələrdə müşahidə edilən səs keçidləri, məna müxtəliflikləri yalnız Azərbaycan dilinin tarixi qrammatikasının tədqiqi üçün deyil, eyni zamanda Osmanlı və çağatay türkcələrinin araşdırılması üçün də önəmli mənbədir.

Şəbnəm HƏSƏNLİ-QƏRİBOVA, AMEA-nın Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

“Respublika” qəzeti

  • Paylaş: