Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Neft-qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.
AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən elmi konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Ulu Öndər Heydər Əliyeva həsr olunmuş videoçarx nümayiş olunub.
Konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, neft sənayesinin gələcək inkişafı naminə göstərdiyi müstəsna xidmətlərindən və atdığı həlledici addımlardan söz açıb.
Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyasından danışan Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov konfransın ADNSU-da keçirilməsində və təşkilində göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib, konfransın neft-qaz yataqlarının axtarış problemləri və perspektivləri üzrə məşğul olan gənc təqdiqatçılar üçün əhəmiyyətini qeyd edib.
Sonra ADNSU-nun elmi işlər üzrə prorektoru prof. Lətafət Qardaşova, Neft və Qaz İnstitutunun icraçı direktoru g.-m.e.d., prof. Vaqif Qurbanov və Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev konfransın neft-qaz yataqlarının geologiyasının müasir problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və məruzələrin elmi aktuallığından danışıblar.
Konfransda gənc alim və mütəxəssislərdən Gülər Cavadova “XIX - XX əsrlərdə neftçıxarma üsulları”, Fəzilə Məhəmmədəliyeva “Darvin Bankası” yatağında quyuların qazılmasında yaşanan əsas problemlər və tədbirlər”, Cəvahir Rəcəbli “Problems arising during the abandonment of oil and gas wells”, Mirəli Məmmədzadə “Azərbaycan Respublikası ərazisində yerləşən karbohidrogenli qeyri-ənənəvi mineral xammal resurslarının işlənilməsində kompleks yanaşmanın perspektivliyi” və Rəşad Nəzərəliyev “Polymer-surfactant flooding in low-permeability hydrocarbon reservoirs with matlab reservoir simulation toolbox” mövzularında məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.