Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən VII beynəlxalq “Lokal olmayan sərhəd məsələləri və riyazi-biologiya, informatika və fizikanın əlaqəli problemləri” adlı konfransda iştirak edib.
Konfrans Rusiyanın Nalçik Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma İnstitutu, Kabardin-Balkar Respublikası Dövlət Universiteti, Rusiyanın Novosibr Riyaziyyat Mərkəzi, Özbəkistanın Romanov adına Daşkənd Riyaziyyat İnstitutu və Azərbaycanın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfrans diferensial tənliklər, xüsusən də kəsr tərtib diferensial tənliklər sahəsində tanınmış alim, professor A.M.Naxuşovun 85 illiyinə həsr olunub.
Dosent Rəşad Məstəliyev “Lokal olmayan fiziki, bioloji və sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi” seksiyasında prof. Kamil Mənsimovla həmmüəllif olduğu “Stoxastik diskret idarəolunan sistemlərdə məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə edib.
Məruzə iştirakçıların marağına səbəb olub, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.