Rusiyanın Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları ilə birgə Xəzər dənizinin Azərbaycan sahillərinin müasir vəziyyətini öyrənmək məqsədilə Sumqayıt şəhərinə səfər ediblər.
Coğrafiya İnstitutunun aparıcı elmi işçiləri, dosentlər, elmi katib Səidə Zeynalova və Elina Kərimovanın müşayiəti ilə Sumqayıt Kimya Sənaye və Texnologiyalar Parkında olan qonaqlar müəssisələrlə tanış olublar. Azərbaycanlı alimlər onlara bu parkların yaranma tarixi, mövcud vəziyyəti, tərkibinə daxil olan müəssisələr və istehsal olunan məhsullar haqqında məlumat veriblər.
Sonra qonaqlar Sumqayıt Xəzər sahilinə yola düşüblər. Burada onlar Xəzər dənizinin sahil xəttinin bugünkü vəziyyətini və dəniz səviyyəsinin aşağı düşməsinin nəticələrini müşahidə ediblər.
S.Zeynalova və E.Kərimova ziyarətçilərə Xəzər dənizinin səviyyəsində baş verən enmə və qalxma mərhələləri, onların səbəbləri, dəniz səviyyəsinin azalmasının iqtisadi və ekoloji nəticələri, bu proseslərin sahil infrastrukturuna, sənaye və əhalinin həyatına təsiri, həmçinin hökumət tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat veriblər, onların çoxsaylı suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.