Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub
07.12.2023 14:26
  • A-
  • A
  • A+

İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub

Alimlər ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə etməyə müvəffəq olub.

Tədqiq olunan massiv HH 1177 ulduzu Yerdən 160 000 işıq ili məsafədə, Böyük Magellan Buludunda yerləşir. 15 Günəş kütləsinə malik ulduzun tədqiqinə 2019-cu ildən Avropa Cənub Rəsədxanasında (ESO) VLT (Very Large Telescope) MUSE (Multi Unit Spectroscopic Explorer) qurğusu vasitəsilə alınmış materiallarla başlanmışdır. Daha sonra obyekt ALMA (Atacama Large Millimeter/submillimeter Array) vasitəsilə yenidən müşahidə olunub və ulduzun protoplanet diskinə malik olması təsdiqlənib.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yeni doğulmuş ulduz, ətrafındakı qaz və tozu cəzb etməyə davam edir. Qravitasiya qüvvəsinin təsiri altında isə həmin qaz və toz, ulduzun ətrafında akresiya diski formalaşdırır. HH 1177 kimi massiv ulduzların həyatı Günəş tipli ulduzlarla müqayisədə çox qısa olduğundan bu tip ulduzların təkamülünün ilkin mərhələsinin müşahidəsi nadir hadisədir. Bizim qalaktikada ulduz və protoplanet diskinin öz formalaşdığı maddə ilə əhatə olunması onun müşahidəsini çətinləşdirir. Lakin Böyük Magellan Buludunda ulduzların əmələ gəldiyi material Süd Yolundan fərqlidir. Belə ki, N180 ulduzəmələgəlmə bölgəsində tozun miqdarı az olduğundan, HH 1177 örtüklə əhatələnməyib və o, uzaqda yerləşməsinə baxmayaraq protoplanet diski aydın müşahidə olunur.

Tədqiqat qrupu ulduzdan püskürülən jetləri qeydə alıblar, bu isə akresiya diskinin mövcudluğunun əlamətidir. Bunu təsdiq etmək üçün alimlər ulduzun ətrafında hərəkət edən sıxlaşmış qazın sürətinin istiqamətdən asılı olaraq dəyişməsini ölçüblər. Çünki sürət fərqi astronomlara ulduzun ətrafında diskin əmələ gəlib-gəlmədiyini müəyyən etməyə imkan verir.  Bu kəşf alimlərə ulduz-planet sisteminin necə formalaşdığını təhlil etmək üçün əvəzsiz tapıntıdır.

Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: