AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan elminin hamisidir” adlı layihə həyata keçirilib.
Kiçik akademiyalarla iş çərçivəsində baş tutan elm həftəliyinin məqsədi uşaqların elm sahəsinə maraqlarının artırılması, elmi potensiallarının düzgün istiqamətləndirilməsi, elm və texnika sahəsində baş verən yeniliklərin təbliği olub. Layihə çərçivəsində mərkəzin Elm və texnika şöbəsinin dərnək üzvləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda müxtəlif laboratoriyalarda görülən işlərlə tanış olub, praktiki vərdişlərə yiyələnib, həmçinin kimya elmin aktual problemlərinə həsr olunmuş layihələrin hazırlanması üçün elmi metodik dəstək göstərilib.
Elm həftəsi çərçivəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçməyə gələn şagird və müəllim kollektivi öncə akademik Murtuza Nağıyevin institutda yerləşən muzeyində onun elm və həyat fəaliyyətinə dair məlumatlarla tanış olublar. Mərkəzin Elm və texnika şöbəsinin dərnək üzvləri institutut haqqında məlumat və ilkin təhlükəsizlik təlimatları aldıqdan soonra Fiziki-kimyəvi analiz şöbəsində, Nanoelektrokimya və elektrokataliz, Analitik kimya laboratoriyalarında elmi tədqiqatların aparılmasında istifadə olunan qurğuların işləmə prinsipləri ilə tanış olub, təcrübələrə cəlb edilib və özləri təcrübələr aparıblar.
Layihə çərçivəsində 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzində qurumun rəhbəri Elza Orucova, Elm və texnika şöbəsinin dərnək üzvlərinin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, sədr müavini k.ü.f.d. Nigar İbrahimovanın, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı r.ü.f.d., dosent Lalə Əliyevanın və digər qonaqların iştirakı ilə “Heydər Əliyev və elm” elmi – praktiki konfransı keçirilib.
Konfransda dərnəklərin profillərinə uyğun olaraq kimya, biologiya, riyaziyyat fənnləri və süni intellekt sahəsində üzvlər tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat araşdırmalarının nəticələri məruzə olunub.
Tədbirdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərdən biri olan “Heydər Əliyev Azərbaycan elminin hamisidir” layihəsinin mahiyyətindən bəhs edib və layihənin önəmini diqqətə çatdırıb. Gənc alim müəllim və şagirdlər tərəfindən hazırlanmış təqdimatların maraqlı olduğunu vurğulayıb, uşaqların elm və bilik dairələrinin genişləndirilməsi, onların elmi- texniki yaradıcılıq potenasialının və riyazi düşüncə bacarıqlarının artırılması və uşaqlar arasında elm, təhsil və texnika sahəsində yeniliklərin təbliği və müasir informasiya texnologiyalarından səmərəli istifadənin formalaşdırılması baxımından layihənin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən mərkəzin rəhbəri Elza Orucova layihədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayaraq, tədbirin təşkilində əməyi keçən hər kəsə təçəkkürünü bildirib.
Layihə müddətində fərqlənən müəllim və şagirdlər sertifikatlarla təltif olunublar.
Sonda 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin və şöbə müdiri professor Asif Məmmədovun “Duyğularımız və kimya” adlı kitabı hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.