Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

14.12.2023 10:24
  • A-
  • A
  • A+

Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası

Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası

Altıncı məqalə

Azərbaycan xalqının elminə və alimlərinə Heydər Əliyevin Respublikaya hələ sovet dövrü siyasi rəhbərliyi illərində böyük diqqəti və eyni zamanda ciddi tələbkarlığı olmuşdur. 1969-cu ildə Azərbaycan Sov.İKP-nin birinci katibi seçilən Heydər Əliyev elə həmin ilin avqust plenumunda bu sahənin problemlərini və qarşıda dayanan məqsəd və vəzifələri müəyyənləşdirmişdi: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...” (Hacıyev İsmayıl. Heydər Əliyev və Azərbaycan elminin inkişafı. http://www. Xalqqazeti .com/az/news / politics/ 7 1061).

Akademik İsmayıl Hacıyevin “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” məqaləsində yuxarıdakı iqtibasda şərh olunan nöqsanaların 70-80-cı illərdə məhz ölkə rəhbəri Heydər Əliyevin xüsusi diqqəti və nəzarəti sayəsində sürətlə aradan qaldırıldığına dair göstərdiyi statistik dəlillər Ulu öndərin hətta avtoritar siyasi sistem içərisində milli-mənəvi dəyərlərin ən alisi elmə münasibətini, həmçinin də onun Milli Lider fenomen xüsusiyyətlərini ifadə edir. Akademik yazır:

“Ümummilli Lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutlarında, digər layihə müəssisələri və problem laboratoriyalarında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzvü, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı” (Hacıyev İsmayıl. Heydər Əliyev və Azərbaycan elminin inkişafı. http://www. Xalqqazeti .com/az/news / politics/ 7 1061). 

Məlumdur ki, ölkə ziyalılarının yüksək faizlə təmsil olunduqları Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyevin xalqın ümumi arzusu və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi vaxta qədər naşı siyasi rəhbərliyin əlində maqar oyuncuğuna dönmüşdü. Təcrübəsiz, əksəriyyətlə savadsız və siyasətdən, dövlət quruculuğu hadisəsindən tam xəbərsiz bu müvəqqəti “hakimlər” sovet hakimiyyəti vaxtında yaranıb inkişaf etmiş və təşəkkülünün yarım əsrlik tarixi ərəfəsində nəhəng palıda bənzəyən Azərbaycan elmini məhv etmək, əsl alimlərin mənəvi genosidini reallaşdırmaq niyyəti ilə Azərbaycan Elmlər Akademiyasını bağlayacaqlarını bəyan edir, bununla xalqın ziyalı “mən”-ini sarsıdırdılar. Belə bir vaxtda - 1993-cü il sentyabr ayının 21-ində Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasına - daim güc aldığı, daim etibar etdiyi, inandığı və arxalandığı alim-ziyalıları ilə görüşə gəldi və onlarla bu tarixi görüşünü “böyük bayram adlandırmaqla”  bir anda ölkənin ən sadə, ən müdrik, ən məsuliyyətli və cəfakeş vətəndaşlarının narahatlığına, nigarançılığına təskinlik, ümid duyğuları ilə son qoymuş oldu. Böyük Ziyalı-vətəndaş və Ümummili Lider Heydər Əliyev alimlərlə görüşdə həmin məsələləri vurğulamaqla problemlə bağlı öz qəti və prinsipal mövqeyini bildirdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq.Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir.

Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki. Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir" (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.162).

Azərbaycan Prezidenti kimi yüksək rəhbər səlahiyyətlərindən çıxış edən Heydər Əliyevin bütün ölkə alimlərinə müraciətlə dediyi aşağıdakı fikirlər onlara yeni yaradıcılıq ruhu və öz milli liderlərinə inam, etimad  hissləri aşılayırdı: “Universtitetlər də, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz,təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün istiqamətlərində inkişaf edəcəkdir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab. Bakı. Azərnəşr. 1997.səh.162).

30 il bundan əvvəl verilmiş bu qərar - Azərbaycan Milli Elmlər Akademiyasının bağlanmaması və inkişaf etdirilməsi qərarı həyati təsdiqini tapmaqla yüzlərlə alimin milli elmi fikrin müxtəlif sahələrini güclü və işıqlı təfəkkürlə zənginləşdirməsinə səbəb oldu. Bir qərinəlik heç də az olmayan müddətdə yüzlərlə alim şərəfli titullara sahib oldu. Dövlət öz milli-mənəvi və ədəbi-estetik dəyərlərini, habelə ictimai-elmlər sahəsinin neçə-neçə istiqamətini - tarixini, arxeologiyasını, fəlsəfəsini, ədəbiyyatını, qədim əl yazmaları və s. və i.a. elmini yeni-yeni tədqiqatlarla təravətləndirdi. Əgər bunun əksi olsaydı, yəni AMEA bağlansaydı, ölkənin ictimai-humanitar elmləri kimi iqtisadi strategiyanı elmi surətdə təzimləyən, qlobal məddəniyyət və tərəqqi işinin önündə gedən milli kosmik tədqiqatlar, kibernetika, fizika, iqtisadiyyat, geologiya  və bu istiqamətdə başqa prioritet sahələri bugünki inkişaf səviyyəsində sözsüz olaraq təmsil olunmayacaqdı.

Bundan başqa onsuz da gənc müstəqil dövlətlərin hər birində olduğu kimi Azərbaycanda da keçid dövrünün çətinliklərinə uyğunlaşa bilməyən insanlar sırasında ziyalı kütlələri də xaricə axın edəcəkdilər. Ancaq faktlar təsdiq edir ki, Azərbaycandan gedən ziyalılar axını o qədər də böyük sayda olmadı, həmçinin gedənlərin böyük əksəriyyəti Heydər Əliyevin Azərbaycan Respublikasına siyasi hakimiyyətə gəlməsindən ruhlanaraq doğma vətənlərinə geri döndülər.  

Ədəbiyyatşünas alim Nizami Cəfərov Heydər Əliyevin ziyalı şəxsiyyətinə münasibətini tarixi miqyasda və geniş planda belə xarakterizə edib qiymətləndirib: “Ziyalılıq Heydər Əliyevin yürütdüyü idarəçilik siyasətinin mahiyyətində idi - 70-ci, 80-ci illərdə Azərbaycan yazıçılarının, bəstəkarlarının, rəssamlarının və s. elə bir qurultayı olmamışdı ki, respublika əhəmiyyətli elə bir məsələ yox idi ki, MK-nın birinci katibi mütəxəssislərlə məsləhətləşməsin. Təsərrüfat işlərindən başlamış ən mürəkkəb ideoloji problemlərin həllinə qədər Heydər Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də bir intellekt əsəri, gələcəyə hesablanmış təcrübə mənbəyi idi… Azərbaycanlı gənclərin SSRİ- nin mötəbər ali məktəblərində təhsil almasını təmin edəndə də, milli təhsilin keyfiyyətini yüksəltmək, miqyasını genişləndirmək, Elmlər Akademiyasının fəaliyyətini canlandırmağa çalışanda da, görkəmli fikir adamlarını respublikanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də Azərbaycan ziyalılığının potensialını hərəkətə gətirir, yeni tipli ziyalı zümrəsinin formalaşmasının əsasını qoyurdu. Heydər Əliyev elə ilk illərdən Moskvanın təyin etdiyi yüksək çinli məmur-icraçı imicini sındırdı; o, dövlət idarəedicisindən çox, millət qurucusu kimi fəaliyyət göstərməyə başladı ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə etmək olardı”(Nizami Cəfərov Heydər Əliyev-siyasətin ziyalılığı Və ziyalı siyasət.ihttp://www.aznews. az/news /siyase t/12272 html.). 

Bu dəyərli fikirlərə onu da əlavə etmək lazımdır ki, Heydər Əliyevin “Ziyalı konsepsiyası” Müstəqil Azərbaycan Resspublikasının Heydər Əliyev tərəfindən yeridilən dövlət idarəçiliyi siyasətində milli-mənəvi və estetik dəyərlər strategiyasının ayrılmaz hissəsi idi. Heydər Əliyev zəngin dünyagörüşü, güclü xarakteri, parlaq zəkası ilə əsl ziyalılığı təmsil etdiyi üçün bu konsepsiyanı daima inkişaf etdirirdi. Heydər Əliyevin ölkə ziyalıları ilə möhkəm əlaqəsi, səmimi ünsiyyəti ən mühüm tarixi əhəmiyyətli qərarların qəbulunda, ən mürəkkəb situatsiyalarda onların mövqeyeni, fikirlərini nəzərə alması milli-mənəvi dəyərlərin qorunması, müxtəlif məzmunlu milli ruhlu ideyanın həyata keçməsi ilə  nəticələnirdi. 

Məsələn, 1978-ci ildə Moskvada Azərbaycan SSR Konstitusiyasına Azərbaycan Dilinin Dövlət dili kimi daxil olması üçün böyük cəhdlər edərkən o, Azərbaycan ziyalılarına, onların qətiyyətinə, etibarına güvənirdi. Yaxud həmin illərdə Ə. Elçibəyi, B.Vahabzadəni SSRİ və Respublika Təhlükəsizlik Orqanlarının dissident “ovundan” xilas etməsi, habelə, 1988-ci il Dirçəliş günləri və ya 1990-cı il Qanlı 20 Yanvar hadisəsində mənəvi olaraq Azərbaycan ziyalılarının ön cərgəsində dayanması, xalqla birlik nümayiş etdirməsi və çox sayda bu məzmunda fakt, dəlil bu fikirlərimizi təsdiqləyə bilər. Bütövlükdə Ziyalı məfhumunun daşıdığı bütün psixoloji-fəlsəfi məzmun Heydər Əliyevin siyasi rəhbər şəxsiyyətində dolğunluqla və təbiiliklə tamamlandığı aydın görünürdü.   

Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində dostluq, sədaqət, etibar kimi etik-əxlaqi keyfiyyətlər haqqında dərin mənalı atalar sözləri, deyimləri, zərb məsəlləri var. Məsələn, “Dost-dosta tən gərək, tən olmasa gen gərək”, “Əsl dost dar gündə tanınar”, “Dost yolunda boran olar, qar olar” və s.  Məsuliyyətlə və elmi-obyektivliklə deyə bilərik ki, bu misalların hər birindən ucalan ideyalar xalqımızın görkəmli siyasi xadimi, Ulu öndər Heydər Əliyevə, onun istər ölkəmizin, istərsə də dünyanın ziyalılarına, sənətkarlarına bütünlükdə təmsil etdiyi sahədə zəhmətləri ilə seçilən insanlarına münasibətində öz təsdiqini tapır.

Heydər Əliyev xilqətən və xislətən ziyalı olduğundan təkcə Azərbaycan ziyalıları ilə deyil, dünya miqyaslı alimlər, məsələn, Türkiyədən Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti olmuş Süleyman Dəmirəl, Türkiyənin görkəmli təhsil rəhbəri, Azərbaycanın Heydər Əliyev ordeninin laureatı İhsan Doğramacı, Cənubi Azərbaycandan doktor Cavad Heyətlə dostluq edir, bununla da ölkə elminin qol-qanad açmasına yollar, imkanlar açırdı. 

Azərbaycanın ikinci müstəqillik dövründə “Ümid” adlanmış gerçək Türkiyə - Azərbaycan körpüsü Süleyman Dəmirəl və Heydər Əliyev tərəfindən yaradılmış, ilbəil möhkəmlənmiş, xalqlarımızın birliyi timsalında monolit hala gətirilmişdi (*Ümid körpüsünün tarixi mənasını ilk dəfə fəlsəfə elmləri doktoru Quliyeva Xatirə Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat” monoqrafiyasında şərh etmişdir. Bakı Elm.2019.səh.81.416s.) Türkiyə-Azərbaycan arasında real bünövrə - “Ümid” körpüsünün salınmasının düşünülməsi və gerçəkləşdirilməsi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin milli dövlət, milli ideya və xüsusi olaraq müdrik milli lider qüdrətini qabarıq şəkildə ifadə edir.  Məqamı olduğu üçün qeyd edək ki,  iki Türk dövləti - Türkiyə  və Azərbaycan Respublikalarını və Azərbaycanın bir parçası qədim Naxçıvan Muxtar Respublikasını birləşdirən körpünün Araz çayı kimi tarixi qan yaddaşımız üzərində salınması və “Ümid” adlanması heç də təsadüfi olmayıb böyük müdrik mənalar daşıyırdı. Məqamı olduğu üçün qeyd edim ki, həmin dərin mənaları ilk dəfə bu məqalənin müəllifi ictimailəşdirmişdir.(Xatirə Quliyeva. Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat. Bakı, Elm-2019).

Beləki, Heydər Əliyevin böyük səyi və qətiyyəti sayəsində yaranan əlaqələr və “Ümid” körpüsünün müvəqqəti olaraq 29 oktyabrda, tam olaraq 28 mayda rəsmi açılışı təsadüfi olmayıb Türkiyə və Azərbaycanın Respublika gününü ifadə edir və yenə xalqımızın Ulu öndərinin türkçülüyə və deməli, milli varlıq ideyasına xüsusi diqqətini təsdiq edir.

Bununla bərabər, görkəmli siyasətçi Heydər Əliyevin Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində krediti nəzərdə tutan müqaviləni həyata keçirməklə düşmənlə həmsərhəd ərazidə blokada şəraitində, digər tərəfdən relyef baxımından sərt iqlimə malik regionda mühüm təlabat ehtiyaclarından məhrum olmuş - işıqsız, qazsız, hətta çörəksiz qalmış xalqın həyatını xilas etməyə nail olması müdrik siyasətin inqilabi təntənəsi idi. Hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolunun imzalanması faktı da öz zamanına və əslində bütün zamanlara münasibətdə yenə müdrik milli lider qəhrəmanlığı idi ki, əməkdaşlıq Müqaviləsini Türkiyə tərəfdən imzalamış TC-nin 9-cu prezidenti Süleyman Dəmirəl ömrünün sonuna kimi bu qəhrəmanlığı xatırlamış və tarixə bu fikirlərlə həkk etmişdir: “Qəhrəmanları, böyük insanları, şəxsiyyətləri zaman meydana çıxarır. Onlar siyasi şəraitə uyğun olaraq xalqı çətin vəziyyətdən xilas edir, ona öndərlik edirlər. Böyük dövlət adamı, əziz qardaşım Heydər Əliyev Azərbaycanda daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi olan bir şəraitdə siyasi səhnəyə çıxmışdır. Onun zəngin siyasi təcrübəsi ölkəni bu ağır vəziyyətdən çıxarmağa imkan verdi. Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran əsəs vəzifə bu dəfə yüksələn bayrağın enməməsi idi. Bu bayrağı kim daşısaydı, qəhrəman da o olacaqdı. Bu, Heydər Əliyevin tarixi missiyası idi. Fövqəladə çətinliklərə rəğmən böyük qəhrəmanlıq nümunəsi göstərən dahi şəxsiyyət, o bayrağı əbədi yüksəklərdə tutdu, Azərbaycanı dünyaya bir türk dövləti kimi tanıtdı”(Süleyman Dəmirəl: Heydər Əliyev Vətən Atəşinin İstisi ilə yaşayırdı.  https://azertag.az/xeber/ 363340.).

Ulu öndər Heydər Əliyevin məşhur türk alimi və həkimi, Türkiyə Bilkənd Universitetinin yaradıcısı İhsan Doğramacı ilə də dostluğu Türk dünyasının iki böyük ziyalısının Azərbaycan və Türkiyə arasında sağlam mənəvi körpünün əsası kimi əhəmiyyət kəsb edirdi.

Böyük alim İhsan Doğramacı Ulu Öndər Heydər Əliyevin 86 illik yubileyinə yazdığı bir məqalədə  aralarındakı dostluq münasibətlərinin tarixini belə şərh etmişdir: “Heydər Əliyev mənimlə ilk görüşüylə bağlı müşahidələrini neçə illər sonra Bilkənd Universitetində düzənlənən bir tədbirdə aşağıdakı iltifatlı sözlərlə dilə gətirdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Ankarada İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğramacının Azərbaycan tarixi haqqındakı, Naxçıvan haqqındakı, Azərbaycanın başqa bölgələri haqqındakı dərin məlumatları məni heyran etdi. Sadəcə Azərbaycana deyil, bütün türkdilli xalqlara diqqət göstərmiş, xidmət etmişdir. İhsan Doğramacının böyük xüsusiyyətləri vardır; məsələn, Azərbaycanın Bakı ləhcəsini, Naxçıvan ləhcəsini, Qarabağ ləhcəsini və başqa tərəflərin ləhcələrini bilir. Bizim xalqımızın çoxu bunları bilməz. Bu ilk görüşmələrdən sonra İhsan Doğramacıyla aramızda böyük bir dostluq başladı. Sanki yüz illik bir dostluq. ... Həqiqətən, Heydər Əliyevlə bu səmimi görüşlərdən sonra Azərbaycanla daha çox maraqlandım. Onların universitetləri ilə daha sıx işbirliyi qurduq. Bilkənd Universitetinin müxtəlif bölmələrinə, xüsusilə Musiqi fakültəsinə Azəri təhsil nümayəndələri və sənətçilər təyin olundular. Əliyev mənim doğum günlərimdə məni daim xatırladı” (Heydər Əliyev-86. Doğramacı İ. http://www.anl.az/down/meqale/edebiyyat-/edebiyyat_may2009/78228.htm).

Görkəmli alim bu məqalədə dostu Heydər Əliyevin onun 1995-ci ildə 80 illiyini və 2000-ci ildə 85 illiyini Bakıda təntənəli surətdə qeyd etməsini  unudulmaz xatirə kimi xüsusi vurğulamışdır.

İhsan Doğramacının 2003-cü ildə Ulu öndər Heydər Əliyevin 80 illiyi ərəfəsində onun haqqında öz ürək sözlərini bölüşərək dediyi fikirlər türk dünyasının nəhəng Azərbaycan siyasətçisinə qiyməti kimi də çox dəyərlidir: ”Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. O, fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük bir şəxsiyyətdir. Ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır” (Heydər Əliyev fırtınalı həyatının hər dövründə Azərbaycanı, Türklüyünü unutmayan böyük şəxsiyyətdir. https://a zertag.az/xeber/ 981730). 

“Azərbaycan Xalqının Ulu  Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində  Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” başlıqlı tədqiqat əsərinin bu yerindəAzərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin aşağıdakı iqtibasda cəmlənmiş Ulu öndər Heydər Əliyevin dərki baxımından əhəmiyyət kəsb edən elmi-obyektiv fikirlərini misal gətirmək istərdik. Akademik Azərbaycan Xalqının Ulu  Öndəri Heydər Əliyevin tariximiz, xalqımız və dövlətçiliyimiz üçün dəyərini belə əsaslandırır: “Heydər Əliyev Çar Rusiyasının daxili mahiyyətinə lazımi şəkildə bələd olduğu üçün rəhbərlik etdiyi respublikanın daxili imkanlar əsasında inkişaf etdirilməsi üçün nə mümkündürsə, hamısını etmişdir. Azərbaycan tarixinə müstəqillik kimi parlaq və tarixi bir səhifə yazmış Xalq Cümhuriyyəti rəhbərlərinin Azərbaycan idealı Heydər Əliyevin dövlətçilik təliminin əsas mahiyyətini və hədəflərini təşkil etmişdir. SSRİ adlandırılan qırmızı terror bolşevik dövlətinin tərkibində olan digər xalqları əridib sıradan çıxarmaq siyasətinin qarşısında milli-mənəvi dəyərlərin dövlət siyasəti səviyyəsində yaşadılması və möhkəmləndirilməsi də möhtəşəm Heydər Əliyev obrazının ana xətlərini müəyyən edir” (Həbibbəyli İsa. Heydər Əliyevin Müstəqil Dövlətçilik  İdeallari və Müasir Dövr. Akademik Tarix və Düşüncəjurnalı.  https://dergipark. org.tr/tr/pub /atdd/ issue/79568).

Məlumdur ki, hər bir tədqiqat əsərinin meydana çıxmasını mövzunun aktuallığı, tədqiqat işinin yeniliyi, araşdırmada qarşıya qoyulan məqsəd və vəzifələr şərtləndirir. Bu baxımdan tarixlər boyu aktuallığı ilə gündəmdə olmuş və bu gün də maraq doğuran Milli-Mənəvi dəyərlər, xüsusilə siyasi-fəlsəfə kontekstində Azərbaycan tarixinin geniş bir dövrünü əhatə edən “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi  Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” mövzusu da  istisna təşkil etmir və tədqiqatın yerinə yetirilməsi üçün Ulu öndər Heydər Əliyevin dövlət qurucusu qüdrətinin və Milli Lider səriştəsinin, eyni zamanda dahi şəxsiyyət keyfiyyətlərinin mahiyyətini və əhəmiyyətini əsaslandıran dolğun miras, zəngin elmi mənbə, geniş elmi və populyar kiabxana mövcuddur. 

Beləliklə, qüdrətli dövlət qurucusu, müdrik siyasətçi, qətiyyətli milli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixini, dövlətçilik ənənələrimizi, milli ideyamızı, milli şüurumuzu, milli iqtisadiyyatımızı, milli elmimizı, milli ədəbiyyatımızı, milli sənətimizı, bütövlükdə milli varlığımızı yaşadan mənəvi məbəddır və bizim “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” əsəri bu “məbəd”-in bir daşıdır.

Biz də akademikin qiymətli fikirlərinin gerçəkliyini bu sahədə irili-xırdalı yazılarımızın təcrübəsində təsdiqləyərək öz tədqiqatmızı “məbədin daşı”, “dəryada damla” hesab edirik və Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət, həyatını Azərbaycanın Milli Müstəqil Dövlətinin yaranmasına, inkişafına həsr etmiş Azərbaycan xalqının Ulu öndəri, xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində  Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” mövzusunda tədqiqat əsərimizi həcm “çərçivəsi” şərtlərinə görə burda sonlandırırıq.

Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: