Bu gün görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 96 yaşı tamam olur.
Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ötən müddət ərzində bu görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın lideri kimi səciyyələndirirlər.
Ömər Eldarov 1927-ci ildə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil almış Ömər Eldarov gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.
Bütün mənalı ömrü boyu Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Təsadüfi deyildir ki, o, 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub. 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Ümumiyyətlə, 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.
Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltəraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.
Bu yerdə deyək ki, Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı (“Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltəraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.
Ömər Eldarovun əsərlərini seyr etdikcə yaratdığı obrazların auralarını duymamaq mümkün deyil. Əslində isə belə “canlılıq” zəngin yaradıcılıq təxəyyülünün məhsulu olan və tişəsinin nəhayətsiz fantaziyası ilə “ikinci həyat” verdiyi hər bir qəhrəmanının yaşadığı dövrü və mühiti hərtərəfli öyrənmiş ustad sənətkarın öz tükənməz yaradıcılıq enerjisini daşlara köçürməsindən qaynaqlanır.
Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Müəllifin dünyaya romantik münasibətinin və yüksək sənətkarlığının ifadəsi olan Natəvanın heykəlində müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır.
Görkəmli heykəltəraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə “sehrləyir”.
Heykəltəraşlıqda psixoloji məqamları ifadə etmək çətin olsa da, Ömər Eldarov obrazların ömürlərinin ən mühüm məqamlarını tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir sənətkarlardandır.
Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.
Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.
Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarlarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir.
Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. Ustad sənətkarımızı anadan olmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edir və ona həyatda ən şirin nemət olan cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.